“Serial ancaq evdar qadınlar üçün nəzərdə tutulub”

Ayaz Salayev: “İntellektual səviyyəli insanlar belə filmlərə baxmır”
“Serial adamın daxili aləmini zənginləşdirmək üçün vasitə sayıla bilməz. Bu xalis əyləncədir, hətta serialı yüksək səviyyəli əyləncə olaraq da qəbul etmək olmaz”


Serialların bu gün həyatımıza bu və ya digər şəkildə daxil olması danılmazdı. İstər xarici, xüsusən türk seriallarının, istərsə də yerli serialların izləyiciləri yetərincədir. Serialı ciddi ekran işi olaraq qəbul etməyənlər də var. Yerli seriallar isə xüsusilə tənqid olunur. Azərbaycan serialları barədə də müxtəlif fikirlər səslənir.

Türk serialları ilə müqayisə olunan yerli seriallarımızın keyfiyyəti və izləyicisi hələ tamaşaçını qane etmir. Bəzilərinin fikrincə, serialların insanların düşüncəsinə, psixologiyasına mənfi təsirləri yarana bilir. Bəs peşəkarlar yerli seriallarımızla bağlı nə düşünürlər? Seriallarla bağlı Azərbaycanın əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayevin maraqlı fikirləri oldu.

- Bir çoxları serialları ciddi sənət əsəri, kino yaradıcılığı kimi qəbul etmirlər. Serial ciddi yaradıcılıq məhsulu sayıla bilərmi?

- Seriallara qətiyyən baxmıram. Marağımda deyil. Serialı ciddi sənət əsəri kimi təqdim etmək düzgün deyil.

- Onda niyə seriallar çəkilir?

- Bu, başqa bir məsələdir. Seriallar mütləq çəkilməlidir. Filmlər az çəkiləndə seriallarda çəkilmək aktyorlar üçün məşqdir, təcrübə toplamaq üçün imkandır. Səviyyəli serial da çəkmək olar. Mən baxmıram. Amma serialların çəkilməsi lazımdı. Sadəcə, seriallar bir qayda olaraq məhz evdar qadınlar üçün nəzərdə tutulub.

- Doğrudanmı seriallar yalnız evdar qadınlar üçün nəzərdə tutulur və çəkilir?

- Mən belə düşünürəm. Seriallar mənim üçün ciddi yaradıcılıq məhsulu, ekran işi deyil. İntellektual səviyyəli insan seriala baxmır.

- Türkiyədə yetərincə serialların adını çəkmək olar ki, onları yetərincə ziyalı təbəqənin nümayəndələri izləyir.

- Bilirsiz, bu suala cavab bir az geniş olmalıdır. Mən toy müğənnilərinə qulaq asmıram, çünki zövqümü korlamaq istəmirəm. Seriallar da zövqlü auditoriyanın diqqətini çəkə bilməz.

- Serialı izləyib-izləməmək zövq məsələsi ola bilərmi?

- Bəli, burada zövq özünü göstərir. Ziyalı təbəqə serial izləyicisi ola bilər. Təbii ki, zövqü və intellekti olan insan seriala baxdığı müddəti daha düzgün dəyərləndirə bilər, kitab oxuya bilər, elmlə məşğul ola bilər. Serial boş vaxt itkisidir. Serial adamın daxili aləmini zənginləşdirmək üçün vasitə sayıla bilməz. Bu xalis əyləncədir, hətta serialı yüksək səviyyəli əyləncə olaraq da qəbul etmək olmaz.

 Mən yenə qeyd edirəm ki, seriallar daha çox aktyorlar və operatorlar üçün lazımdı. Sadəcə, onu yaradanlar üçün daha vacibdi, nəinki tamaşaçı üçün. Mən belə düşünürəm. Seriallar tamaşaçı zövqünə hər hansı bir serial heç bir təsir göstərmir, ya da əksinə, pis təsir göstərir.

- Serialların son dönəmlər cəmiyyətin düşüncəsinə təsiri ola bilirmi?

- Söhbət ondan gedir ki, serial zövq formalaşdıra bilməz. Ancaq psixoloji mənfi təsirləri ola bilir. Serial ciddi yaradıcılıq sayılmır. O nə poeziya, nə ciddi kino əsəri, nə də ciddi bir janrdır ki, tamaşaçının intellektinə təsir edə bilsin. Serial psixoloji mənfi təsir gücünə malik ola bilər. Bəzən orda olan mənfi məqamlar dar düşüncəli insanın həyat tərzinə belə mənfi iz qoymuş olur. Metroda serialları izləmək imkanı olsa, bəlkə arada baxardım. 

Yəni metroda boş vaxt olanda serialı bəlkə də izləyə bilərdim. Misal üçün, mən metroda detektiv kitabları oxuyuram. Ancaq elə ciddi əsərlər də var ki, onları metroda oxuya bilmərəm. Amma detektiv əsərləri metroda darıxmayım deyə oxuya bilirəm. O demək deyil ki, detektiv ciddi janrdı. Amma təsadüfən yerli telekanallardan birində bir serialın bir bölümünü az da olsa izlədim, düşünürəm ki, əvvəlki illərlə müqayisədə irəliləyiş var. Aktyor oyunlarında maraqlı məqamları görmək mümkündür. Yerli seriallarda peşəkarlıq səviyyəsi inkişaf edir.

- Son dönəmlər çəkilən yerli filmlərimizi, kommersiya maraqlarına köklənən komik filmlərə münasibətiniz maraqlıdı?

- Düzünü desəm, elə diqqətimi çəkə bilən maraqlı ekran əsərlərinə son vaxtlar rast gəlmirəm. Amma kommersiya filmlərinin keyfiyyəti məni qane etmir. Çox az izləmişəm. Bu mənim peşəkarlıq baxımından borcumdu. Baxıb müqayisə edirəm. Kommersiya filmləri də olmalıdı. Amma onlar ciddi sənət əsərləri deyil.

- Bir çox aktyorlar dəvət olunan seriallarda, filmlərdə qonorarın azlığından gileylənirlər. 50 manata çəkilən aktyorun oyununa qonorarın azlığı təsir edə bilərmi?

- Təbii ki, birbaşa təsiri ola bilir. Özünə hörmət edən peşəkar aktyor heç vaxt 50 manata ucuz filmə çəkilməz. Peşəkar aktyor çox nadir hallarda az qonorara filmə çəkilər ki, o da gənc rejissora dəstək olmaq məqsədi daşıya bilər. Yəni kömək olsun deyə çəkilər. Peşəkar, keyfiyyətli aktyor ucuz qonorara filmə çəkilməz. O, sənətini ucuza satmır.

- Bəs deyirlər sənət qurban tələb edir...

- Bu məqamda qurban kimi təqdim edilmək düzgün olmaz. Keyfiyyətli aktyor bahalı aktyor sayılır. Belə də olmalıdır. Güclü, peşəkar, tələbatlı aktyor ucuz qonorara çəkilməz. Qətiyyən.

- Bizim filmlər niyə Biləcəridən uzağa çıxa bilmir? Dünya kino bazarına niyə bir film belə təqdim edə bilmirik?

- Filmlərimiz müxtəlif festivallarda təqdim edilir, mükafat alır. Amma kino bazarında yoxuq, bu, həqiqətdi. Bu artıq başqa bir söhbətin mövzusudur. Bu barədə ayrıca danışmaq lazımdı. İnşallah, bu barədə də söhbətimiz baş tutar.

Tahirə