"Yol hərəkət iştirakçılarının – piyadaların, sürücülərin, sərnişinlərin, velosiped istifadəçilərinin və s. şəxslərin hər birinin ayrı-ayrı vəzifələri, öhdəlikləri və hüquqları var. Hər kəs bunları bilməli, əməl etməlidir”.
Bunu "Sherg.az”a yol nəqliyyat hadisələri, ictimai nəqliyyatda sürücülər və sərnişinlər arasında yaşanan problemlər haqqında danışarkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov söyləyib.
O diqqətə çatdırıb ki, yol-nəqliyyat prosesində ən çox məsuliyyət sürücülərin üzərinə düşür:

"Sürücülər üçün işləmə şəraiti yaradılmalıdır. Ona görə ki, sürücülər digər yol hərəkət iştirakçıları ilə ünsiyyətdə olanda öhdəlik və vəzifələrini yerinə yetirməlidir. Bu, digər iştirakçılara da aiddir. Hər bir insanın daxili mədəniyyəti yüksəkdirsə, yol hərəkətində də buna uyğun addım atacaqdır. Əks təqdirdə, nəqliyyat mədəniyyətində çox boşluqların şahidi olacağıq. Sərnişin bilməlidir ki, tək özünə cavabdeh deyil. İctimai nəqliyyatda bir sərnişin sürücünü təhqir edərsə, stress vəziyyətinə düçar edərsə, digər sərnişinlərə, əlavə yol hərəkət iştirakçılarına mane törədilir. Bu baxımdan sərnişin-sürücü münasibətlərinin keyfiyyəti aşağı düşür”.
F.Eyyubovun fikrincə, sərnişinlər komfortlu, müxtəlif qayda və nişanları olan, xüsusi təlimatlarla istifadəyə buraxılan avtobuslarda fərqli hərəkət edir, müəyyən qədər qaydalara əməl etməyə çalışırlar:
"Ona görə, hadisələrə subyektiv yanaşmaq, tək sərnişinlərin, sürücülərin üzərinə yüklənmək düzgün deyil. Bəzi hallarda sürücülər sərnişinlərin etirazına səbəb olan addım atırlar. Bu da reallıqdır. Qarşılıqlı ünsiyyət məsələsində iki tərəfdən biri güzəştə getməlidir. Bu zaman hadisələr ciddi problemə çevrilmir.
İstənilən halda maarifləndirmə aparılmalıdır. Sürücülər sərnişinlərə sadəcə xidmət göstərirlər. Mədəni şəkildə xidmət göstərən şəxsə də yüksək səviyyədə, mədəni yanaşmaq lazımdır. Hesab edirəm ki, maarifləndirmə və inzibati cəza üsulları ilə yaranmış problemləri həll etmək mümkündür”.
Qeyd edək ki, son günlərdə avtobus qəzalarının sayı get-gedə artmaqdadır. Son olaraq, iyunun 9-da saat 7 radələrində Xəzər rayonu ərazisində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yelmar Atakişiyev idarə etdiyi "Daewoo” markalı xətt avtobusunu yolun kənarındakı müşahidə kamerası quraşdırılmış dirəyə, sonradan isə səkidə dayanmış Bakı şəhər sakini Mansur Namazovu vurub. Nəticədə M.Namazov və Y.Atakişiyevin sərnişini, paytaxt sakini Soltan Zərbəlizadə xəstəxanaya yerləşdiriliblər. M.Namazov orada ölüb.
Aysel Aslan