Səssiz-səmirsiz sərhədi irəli çəkmək mümkün deyil

Nəinki Gürcüstan, heç bir qonşu dövlətin torpaqlarında gözümüz yoxdur


Dövlət Sərhəd Xidməti son günlər bəzi informasiya resurslarında Gürcüstan sərhədçilərinin Samux rayonunun Burunqovaq kəndi istiqamətində sərhəd xəttini təxminən 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə məlumatı təkzib edib.

DSX-nin saytına istinadən aldığımız xəbərə görə, bu məlumatlar həqiqətə uyğun deyil və internet resurslarında bu kimi yoxlanılmamış məlumatların yayılması yanlış fikirlərin formalaşması, həmçinin əsassız müzakirələrə şərait yaradır.

Politoloq Qabil Hüseynli isə sərhəddin Azərbaycan sərhədçiləri tərəfindən 200 metr irəli çəkilməsinin inandırıcı faktor olmadığını deyib: 

"Dövlət sərhədlərinə hər iki tərəfdən ciddi nəzarət edilir və qorunur. Sərhəd xətti boyunca çoxsaylı sərhəd məntəqələri, sərhəd dəstələri, qarnizon kompleksləri fəaliyyət göstərir. Azərbaycanın Gürcüstan sərhədlərinə doğru irəliləməsi ona görə real deyil ki, prosesin özü kifayət qədər ağırdır. Səssiz-səmirsiz, sərhəd mühafizəçilərindən xəbərsiz bu addımı atmaq mümkün deyil. Adi bir çəpər deyil ki, burdan götürüb ora çəkəsən. 

Sərhədi 200 metr irəli çəkmək üçün sərhəd qurğuları quraşdırılmalı, sərhəd məftilləri irəli çəkilməlidir. Bunun üçün də günlərlə zaman lazım gəlir. Dövlət sərhədləri relyefin səciyyəvi nöqtələri və xətləri, aydın görünən səmt göstəriciləri üzrə müəyyən edilir. Sərhəd nişanlarının formaları, ölçüləri və qurulması qaydası isə hər bir dövlətin qanunvericiliyi və dövlətlərarası müqavilələr əsasında təmin edilir”.

Azərbaycan dövlətinin Gürcüstan sərhəd xidməti ilə qarşılıqlı anlaşma və mehriban qonşuluq prinsiplərinə əsaslanan əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayan politoloqa görə, Azərbaycan bu münasibətlərə diqqətlə yanaşır və nəinki Gürcüstan, heç bir qonşu dövlətin torpaqlarında göz qoyub, tamah salmır.

Şəymən