"Şeyx ölkədən kənarda da böyük nüfuza malikdir"

"Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sonuncu qurultayında və bütün Qafqazdan seçilən nümayəndələrin iclasında Hacı Allahşükür Paşazadənin ömürlük sədr seçilməsi ilə bağlı qərar qəbul edilib”.
Bunu "Sherg.az”a QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin "Mən nə qədər həyatda varam, Qafqaz Müsəlmanları İdarəsinin qurultayının keçirilməsinə ehtiyac yoxdur” açıqlamasına münasibət bildirərkən "Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev söyləyib. 
O vurğulayıb ki, şeyx yalnız Azərbaycanda deyil, ölkədən kənarda da böyük nüfuza malikdir:
"Bu nüfuz Azərbaycanda İslam ayinlərinin normal həyata keçirilməsinə gətirib çıxarır. Eyni zamanda dinin dövlətdən ayrılması məsələsinə A.Paşazadə xüsusi diqqət edir. QMİ buna uyğun fəaliyyət göstərir.
Təşkilatın nizamnaməsindəki müddəalardan məlumatım yoxdur. Lakin bütövlükdə QMİ sədrinin Azərbaycanın milli maraqlarını ölkədən kənarda layiqincə təmsil etməsi ona xüsusi status qazandırıb. Buna görə, o, idarənin qurultayında ömürlük seçilib.
Hacı Allahşükür Paşazadə ölkə başçısının siyasətini dəstəkləyən, Şərqin böyük nüfuz sahibi olan şəxsiyyətlərindən biridir. QMİ də üzərinə düşən vəzifələri nizamnaməsinə uyğun şəkildə həmişə yerinə yetirib. Bundan sonra da belə davam edəcəyinə inanıram”.
Aysel Aslan