Şeyx xəbərdarlığında haqlıdır

“Ramazan ayında kimsə ölü üçün məclis təşkil edib savab qazanmaq istəyirsə, bu, savaba yox, günaha səbəb olur”





Orucluq ayının başlaması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin xüsusi tədbirləri keçirilib. QMİ-nin sədri Allahşükür Paşazadə orucluq vaxtı iftardan əvvəl imkanlı adamların məclislərinə qatılan axund və imamlara xəbərdarlıq edib.

Şeyx bildirib ki, iftardan əvvəl imkanlı şəxslərin orucluğu saymayaraq, guya ehsan verirmiş kimi məclis təşkil etməsi, xüsusən də bizim mollaların ona qatılması Allaha qarşı çıxmaqdır: "Belə hal aşkarlanarsa, həmin din xadimi cəzalandırılacaq. Çünki bu cür hərəkət Allaha üsyan etməkdir. Kiminsə imkanı, pulu çox ola bilər, amma bu, o demək deyil ki, həmin şəxs orucluğun əleyhinə çıxmalıdır”.

Şeyxin xəbədarlığı ilə bağlı fikirlərini "Şərq”lə bölüşən ilahiyyatçı Hacı Atif İsmayılov bildirib ki, müqəddəs Ramazan ayında Allahın müsəlman hümməti üçün qoyduğu müəyyən qanunlar var: 

"Müqəddəs şəriətimiz buyurur - o insanlar ki, səfərdə deyil və Ramazan ayında bilərəkdən yemək təqdim edərlərsə, onlar Allaha qarşı üsyan etmiş olarlar. Təbii ki, belə addımlar atılırsa və bunun başında ruhanilər durursa, onların bir yerə toplanması uyğun deyil. Ona görə də hörmətli şeyximizin bu barədə verdiyi qərar, ruhani cəmiyyətinə deyil, qarşı tərəfdə olan insanlara tənbehedici xəbərdarlıqdır. Əgər siz Allaha qarşı çıxırsızsa və hansısa ruhanini məcburi şəkildə gətirib oturdursuzsa, Allahın qanununu bilərək müqəddəs Ramazan ayında pozmuş olarsız. Yalnız müstəsna şəxslər - xəstə və səfərdə olanlar yeyə bilərlər. Ramazan ayında kimsə ölü üçün məclis təşkil edib savab qazanmaq istəyirsə, bu, savaba yox, günaha səbəb olur. Həmçinin rəhmətə getmiş insanın savab qazanmaqdansa, günah aparmağına şərik olur. Təbii ki, ruhanilərin bu işin başında durmağı islami cəhətdən mənəvi dəyərlərin zəifləməsinə işarədir. Səhv etmirəmsə, keçən il də şeyx belə bir açıqlama vermişdi. Onun söylədiklərinə əməl etmək vacibdir. Bu məsələyə mütləq diqqət yetirilməlidir. Məclislərdə təbliğat aparmalıdırlar ki, ən azı Ramazan ayının hörmətinə iftarın vaxtı çatmayana qədər yemək verilməsi qadağan olunsun”.

Yeganə Bayramova