"Şeyxin "vurulması" sabitliyin pozulmasına çalışanların işinə yarayır”

Son günlər mətbuatda və sosial şəbəkələrdə şeyxülislam Hacı Allahşükür Paşazadə və yaxın ətrafı ilə bağlı tənqidi ruhda yazılar dərc olunur. Həmin məqalələrdə daha çox şeyxin ölkədəki və xaricdəki gizli biznesi, oğlunun Azərbaycanı tərk etməsi, qudası oğlunun isə həbsə alınması və s məsələrlə ətrafında ciddi müzakirələr aparılır. Əksəriyyət isə şeyxə qarşı başladılan kampaniyanın təsadüfə bənzəmədiyini və xaricdən Azərbaycana düşmən kəsilən lobbi tərəfindən idarə olunduğunu düşünür.
Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə də "Sherg.az"a açıqlamasında ölkə başçısına sadiq insanların bir-bir vurulduğunu söyləyib: "
Şeyx Prezident İlham Əliyevə sadiq adamdır. Onun vurulması sabitliyin pozulmasına çalışan qüvvələrin işinə yarayır”.
Keçmiş polis rəisi Mahmud Hacıyev yayılan xəbərləri faktla əsaslandırmaq lazım olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu faktlar mətbuata, kütləvi informasiya vasitələrinə çıxarıldıqda mütləq hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır:
"Sivil ölkələrdə belədir, dəxili yoxdur, məmurdur, alimdir, incəsənət nümayəndəsidir, siyasətçidir və s. Bizdə isə belə iddiaları bəzən yoxlayır, bəzən isə yoxlamırlar. Kənardan müşahidə etməklə dəqiq fikir söyləyə bilmərik, işin içərisində deyilik.
Şeyxin xaricdə biznesi haqqında məlumatlar dərc olundu. Biz isə buna subyektiv fikirlərimizi irəli sürə bilmərik, əlimizdə araşdırma olmalıdır.
Şeyxin qudası və onun oğlu haqqında dərc olunan məlumatları da bu işi aparan müstəntiq daha yaxşı bilər. Güman edirəm ki, xəsarət ağır olduğundan həbs qəti imkan tədbiri seçilib. Bütün hallarda bu hüquq-mühafizə orqanlarının işidir.
Yenə qeyd edirəm ki, hüquqi-məntiqi baxımdan hadisələri dəqiq araşdırmadan fikir yürütmək düzgün deyil”.
Qeyd edək ki, Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə həbs edilib. Olke.az xəbər verir ki, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsi tərəfindən həbs edilərək, 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir.
Q.Salahzadə xəbəri təsdiqləyib: "Bəli, oğlum sentyabrın 13-də gecə saatlarında Nəsimi rayon prokurorluğunun müstəntiqi Anar Abıyevin qondarma qərarı ilə həbs olunub. Biz bu həbs qərarı ilə qəti razı deyilik və apellyasiya şikayəti vermişik”.
Keçmiş deputat oğlunun həbsinə görə Baş Prokuror Zakir Qaralovu ittiham edib.
Q.Salahzadə qeyd edib ki, oğlu günahsızdır: "Oğlum ağıllı, yerini bilən adamdır. Üç dəfə də Həcc ziyarətində olub. Sadəcə olaraq oğlumu şərləmək istəyirlər. Sentyabrın 4-də oğlum Əlihüseyn Salahzadə hamı kimi evində oturub Qurban Bayramını qeyd edirmiş. Həmin gün qapı döyülür, qapını açan zaman "Azərsu” ASC-nin əməkdaşı Elbəyi Mirzəliyev adlı şəxs oğlumun yoldaşını təhqir edir. Bunu görən kimi oğlum Elbəyinin çənəsinə sillə vurur. Yəni oğlumun yerində kim olsaydı, eyni addımı atardı. Sonradan həmin Elbəyi oğluma qarşı şikayətini də geri götürüb, barışıblar və mətbuata da açıqlama verib. Bütün bunlara baxmayaraq, sentyabrın 13-də oğlumu həbs ediblər. Hazırda da oğlum Kürdəxanı həbsxanasındadır”.
Ayyət Əhməd