Bölgələrdə və Bakının bir sıra kəndlərində məscidlərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib
Şeyxlə Mübariz Qurbanlının çağırışları dəstəkləndi
Aşura günü küçə yürüşlərinin təşkili qadağan edilib
Bölgələrdə və Bakının bir sıra kəndlərində məscidlərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib
Bölgələrdə və Bakının bir sıra kəndlərində məscidlərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aşura günü bölgələr və paytaxt Bakıda yürüşlərin keçirilməsini qadağan edib. Komitə sədri Mübariz Qurbanlı qərarı onunla izah edib ki, Azərbaycanı sevməyən qüvvələr xalqımız üçün çox həssas olan dini-əxlaqi məsələlərə müdaxilə edirlər.
Həmin qüvvələr mərasimlərimizə yad elementləri əlavə etməklə insanları yanlış istiqamətlərə yönəltməyə səy göstərirlər. M.Qurbanlı onlara qarşı dövlət tərəfindən qabaqlayıcı tədbirlərin görüləcəyini deyib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də bəyan edib ki, Aşura mərasimləri ilə əlaqədar küçə yürüşlərinin təşkili məqsədəuyğun hesab edilmir. Şeyxin sözlərinə görə, QMİ-nin müvafiq fətvası ilə yürüşlər qadağandır. QMİ sədri dini mərasimlərin məscidlərdə sərbəst şəkildə keçiriləcəyini diqqətə çatdırıb. Qərarın açıqlanmasından dərhal sonra Aşura mərasimlərinin kütləvi keçirildiyi məkanlarda və bölgələrdə, xüsusilə, Lənkəran, Gəncə və s. şəhərlərdə, həmçinin Bakının bir sıra kəndlərində məscidlərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Qərara görə, yürüşə cəhd edənlər və təhlükəli çağırış edənlər həbs olunacaq, bir sıra simvollar və ələm qaldıranlar cərimələnəcəklər.
Nardaran sindromu
Aşura ilə bağlı yürüşlərin keçirilməsinin qadağan olunması dövlətin təhlükəsizlik tədbirlərinin gücləndirilməsiylə bağlıdır. 2015-ci ilin son günlərində Nardaranda baş vermiş təxribat göstərdi ki, Azərbaycanı məzhəbçilik müstəvisində qarışdırmaq istəyən daxili və xarici siyasi qüvvələr var. Xüsusilə, proseslərdə xarici ölkələrin dini-siyasi mərkəzlərinin adlarının hallandırılması Aşura günü növbəti təxribatın baş verəcəyi ehtimalını gücləndirirdi. Ehtimal olunurdu ki, Aşura günü kütləvilikdən istifadə edən mərkəzlər Azərbaycandakı uzantıları vasitəsilə təxribat planını həyata keçirməyə cəhd göstərəcəklər. Bu səbəbdən təhlükəsizlik ekspertləri Dövlət Komitəsi və QMİ-nin qərarını müsbət dəyərləndirirlər. Çünki Aşura günü ölkədə yaranacaq kütləvilik həmin dini-siyasi dairələrə daxildə çaxnaşma yaratmağa imkan verə bilər. Hər il müxtəlif rayon və kəndlərdə keçirilən aşura mərasimlərində Azərbaycanda dini dövlətin qurulması, o cümlədən, separatçı şüarlar səsləndirilirdi. Keçən bir il ərzində isə Nardaranda radikal dindarların narazılığına səbəb olan hadisələr baş verib. Müəyyən dairələrin təxribatına gedən dini radikallar ayaqlandılar və dövlətçiliyin bölünməsinə yönəlik cəhdlər etdilər.
"Dində zəncir vurmaq, baş yarmaq kimi adətlər yoxdur”
Millət vəkili Fazil Mustafa feysbuk profilində məsələyə münasibət bildirib. Deputat yazıb ki, məhərrəm ayında icra olunan əməllərin əksəriyyəti cahillikdən irəli gəlir: "Vəfat edən şəxslərin, şəhidlərin xatirəsi islamda əziz sayılır. Amma əbədi yas saxlamaq islam mədəniyyətinə, dinin təməl fəlsəfəsinə ziddir: "Belə mərasimləri cəmiyyətin əslində islam dinindən uzaq olması ilə izah etmək olar. Dində zəncir vurmaq, qan çıxarmaq kimi adətlər yoxdur. Ümumiyyətlə, insanın özünə zəncir vurması, qan çıxarması axmaqlıqdır. Bunun İmam Hüseyn üçün faydası nədir? İmam Hüseyn kimi zəki şəxsiyyət heç vaxt belə bir addımı rəva görməzdi. Çünki onlar peyğəmbər tərbiyəsi görmüş adamlar idilər. Peyğəmbər tərbiyəsi görmüş insan özündən sonrakı insanların özlərinə belə ziyan vurmağını istəməzdi”. Millət vəkili hesab edir ki, cəmiyyət arasında dini cahilliyin aradan qaldırılması üçün ziyalılar dini maarifçiliyi gücləndirməlidirlər: "Dinin təməl əsasları haqqında məlumatlar verilməlidir. Bildirilməlidir ki, belə ayinlər dini gözdən salır. Fanatizm, cəhalət və dünyagörüşü məhdudluğu yaradır. İslam haqda təsəvvürlərin daha da pisləşməsinə gətirib çıxarır”.
"Məqsəd insanların istirahət və digər hüquqlarının pozulmasının qarşısını almaqdır”
Fazil Mustafa bildirib ki, kimsənin inancına qarışılmır. Hər kəs dini inancına görə, öz rituallarını həyata keçirə bilər. Dövlət də bu barədə hər hansı bir şəkildə məhdudlaşdırma və ya qadağanedici normalar müəyyənləşdirməyib. Sadəcə olaraq, hər bir hüququn gerçəkləşdirilməsi, digər şəxslərin hüquqlarına müdaxilə zəminində olmamalıdır: "Hüquqda bu prinsiplə məsələlərə yanaşılır. Aşura mərasimlərinin məscidin içərisində keçirilməsində məqsəd həm də kənarlardakı insanların istirahət və digər bu kimi hüquqlarının pozulmasının qarşısını almaqdır. Burada müxtəlif bayraqların qadağan edilməsi islami baxımdan da doğrudur. Çünki islamda konkret olaraq bayraq anlayışı da yoxdur. Qanunvericilik bütün bunları nəzərə alaraq, mərasimlərin bir qədər məhdud, qapalı çevrələrdə keçirilməsini məqsədəuyğun sayıb. Məncə, bu, normal yanaşmadır”.
"İnsan öz sevgisini bu şəkildə büruzə verməməlidir”
İlahiyyatçı-alim Elşad Miri də Aşura ilə bağlı qadağanın yerinədüşən qərar olduğunu diqqətə çatdırıb: "Yollarda qışqıra-qışqıra, özlərini vura-vura ritual həyata keçirirlər. Bu doğru deyil. İnsanların əksəriyyəti tərəfindən də doğru qarşılanmır. Bir insan öz sevgisini bu şəkildə büruzə verməməlidir. Buna görə də qərarın verilməsini doğru sayıram. Amma buna əməl olunub-olunmayacağını yaxında görəcəyik. Yəqin ki, nəzarət olacaq. Nəzarət ciddi olmalıdır ki, baş verənlər yeni problemlərin ortaya çıxmasına səbəb olmasın”.
İsmayıl