“Siqaretin ədədlə satışı qəti qadağan olunmalıdır”
Sosioloq uşaqların tütünə alışqanlığına görə ilk növbədə valideynləri suçlu sayır
Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin siqaret çəkməsi ilə bağlı statistika açıqlanıb.
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının metodologiyası əsasında aparılmış araşdırmalara əsasən, Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 10,3 faizi (əsasən oğlanlar) nə vaxtsa siqaret çəkib və onların 32,6 faizi 10 yaşadək bunu edib.
"Yeniyetmələrin 28,8 faizi evdə, 40,8 faizi isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Siqaret çəkən yeniyetmələrin 64,8 faizi mağazadan siqaret alıb. Halbuki qanunvericilik buna yol vermir. Yeniyetmələrin 32,5 faizi düşünür ki, siqaret vitrinləri siqaret çəkməyə həvəsləndirir. Siqaret çəkməyən yeniyetmələrin 8 faizi növbəti il siqaret çəkməyə başlaya bilər” - deyə, şöbə müdiri qeyd edib.
Əslində, statistik rəqəmlər olmadan da, uşaq və yeniyetmələrin siqaret aludəçiliyi məlumdur. Məktəbdə sinif yoldaşımız oğlanların küncdə-bucaqda siqaret çəkdiklərini hansımız bilmirdik ki?! Hətta müəllimlər də bunu bilirdi və valideynlərə xəbər verirdilər; ölçü götürülsün deyə. Amma bu siqaret nə bəladırsa, oğlanlar ondan heç cür əl çəkmək istəmirdilər. Döyülürdülər, söyülürdülər, amma yenə bildiklərini edirdilər. Ata-analarsa, uşağın siqaret alışqanlığına qarşılıq daha çox bu səbəbi irəli çəkirlər: "Pis uşaqlara qoşuldu, siqaret çəkməyə başladı...” Nədənsə, ata-analar uşağın "pis uşaqlara qoşulmasında” heç vaxt özlərini günahkar bilmirlər.
"... o siqareti udmaq istəyirdim”
Uşaqların siqaret "sevdası”nı göstərən rəqəmlər azərbaycanlı iş adamı Araz Ağalarovun müsahibəsini yadıma saldı. Müsahibədə A.Ağalarov atasının tərbiyə üsulundan danışmışdı:
"Onun maraqlı tərbiyə metodikası var idi - heç vaxt danlamırdı, heç vaxt. Qaşlarını çatırdı və ya gülümsəyirdi - vəssalam, hər şey aydın olurdu. Bakıda mərkəzi küçələrdə gəzmək adət idi. Və bir dəfə şəhərdə öz kampaniyam ilə gəzirdim - atam və onun dostları ilə rastlaşdıq. Ağzımda papiros - cəmi 8-9 yaşım var... Atam mənə bir neçə saniyəlik baxdı, amma necə baxdı! Mən o siqareti udmaq istəyirdim! Atam isə üzünü çevirərək yanımdan keçib getdi. Qaçaraq evə gəldim. Atam da heç nə olmamış kimi gəldi. Yarım saat, bir saat - susur. Özümü saxlaya bilmədim: "Ata, sən məni görmədin?” O: "Gördüm. Amma sən elə xuliqanlarla gedirdin ki, mən qorxdum ki, məni döyərlər”. Bu söz mənə kifayət etdi - mən hətta deyəsən ağlamışdım. Siqareti də atdım. Amma düzünü desəm, sonra təkrar çəkməyə başladım...”
Mütəxəssislər belə hesab edir ki, uşaqların siqaret alışqanlığının səbəbləri ailə, həyət, küçə, məktəb, yaxın çevrə və ümumilikdə cəmiyyətdir. Bir çoxları da bu fikirdədir ki, pis alışqanlıqlar məhz ailədən başlayır. Hər halda, uşaq doğulan kimi küçəyə atılmır axı (əlbəttə, istisnalar olmaqla - red.). Uşağın böyüdüyü ilk mühit məhz ailədir. Daha sonra həyət, küçə, məktəb, iş və ya tələbə yoldaşları...
Dalanlarda siqaret çəkənlər...
Sosioloq Lalə Mehralı "Şərq”ə açıqlamasında uşaqların siqaret alışqanlığına ilk növbədə valideyn məsuliyyətsizliyinin səbəb olduğunu dedi:
- Uşaq marağı gözardı edilə bilməz. Uşaqlar tez "böyüyür” və böyüklərin etdiyini təkrarlamaq istəyirlər. Əgər evdə ata siqaret çəkirsə, uşaq düşünür ki, deməli, siqaret çəkmək olar. Çox da ata, oğlunu kötəkləməklə hədələyir. Təbii sual yaranır ki, siqaret pisdirsə, atam bəs niyə çəkir?
Məktəblilərin, hətta 8-9 yaşlı oğlanların dalanlarda gizlicə siqaret çəkməsinin çoxumuz şahidi olmuşuq. Məktəb yaşlı uşağın siqaret çəkdiyini valideynin bilməməsi mümkün deyil. Uşaq dərsdən sonra evə gedir. Siqaret elə bir şeydir ki, yarım metrdən qoxusu hiss olunur. Bir adam siqaret çəkibsə, ətrafdakıların onun qoxusunu hiss etməməsi mümkün deyil. Necə ola bilər ki, uşaq dərsdən evə gələndə valideyn bunu hiss etməsin?! Kimsə deyə bilər ki, uşaq dərsdən qayıdanda valideyn evdə olmur, bəlkə buna görə qoxunu hiss etmir. Xeyr, belə deyil. İstər uşaq olsun, istər böyük, siqaret çəkirsə, bu, mütləq özünü bir çox hallarda büruzə verəcək.
Ağızda siqaretin qoxusu mütləq qalır. Siqaretə alışmış adam artıq onsuz dayana bilmir. Heç müşahidə etməmisiniz ki, kimsə müəyyən vaxtdan bir otaqdan çıxır, bir müddət keçir, geri qayıdır?! Siqaretə alışqanlıq artıq yaranıbsa, adam onu çəkmək üçün çalışır, gah otaqdan çıxır, gah həyətə düşür, min cür yola baş vurur. Valideyn diqqətli olmalıdır. Uşağı izləməlidir, gözü uşağın üzərində olmalıdır. Dərsdən vaxtında qayıtdımı, niyə ləngiyib, hara gedibmiş? Bəs valideynin işi nədən ibarətdir?! Uşaqların siqaret aludəçiliyində ilk növbədə valideynlər günahkardır. Çünki məsuliyyətsizdirlər, diqqətsizdirlər. Hər bir valideyn övladına xərclik verir. Və bilməlidir ki, bu xərclik nəyə xərcləndi. Buna nəzarət etməklə uşağın gündəlik xərcliyi kənar şeylərə sərf edib-etmədiyi bilinəcək. İkincisi, hər bir valideyn övladına siqaretin zərərləri barədə məlumat verməlidir. Televiziyada, internetdə siqaretin zərərləri barədə nə qədər məlumatlar verilir, video-çarxlar yerləşdirilir. Şəxsən mən övladıma siqaret çəkən insanların ağ ciyərlərinin hansı şəklə düşdüyünü göstərmişəm. Bu cür vasitələrlə uşaqları zərərli vərdişdən çəkindirmək lazımdı.
Uşaqlara siqaret satılmamalıdır
L.Mehralı qeyd etdi ki, uşaqların siqaret alışqanlığının əsas səbəblərindən biri də siqaretin ədədlə satışıdır:
- Siqareti qutuyla almağa uşağın pulu çatmır. Amma ədədlə ala bilir. Təəssüf ki, ədədlə siqaret satışı qanunla qadağan olunsa da, satıcılar bu qadağanı pozur. İrad tutanda da "mən satmasam, başqası satacaq” kimi bəhanə irəli sürürlər. Bilirsiz, cəmiyyət özü uşaqların sağlam gələcəyində maraqlı olmalıdır. İnsan düşündükcə, dəhşətə gəlir ki, siqaretin zərəri, xüsusilə də, uşaq orqanizmini, gənc bir insanı hansı xəstəliklərə düçar edəcəyi bilindiyi halda, kimsə pul qazanmaqdan ötrü bu zəhəri satmaqda davam edir. Yəni, bu iki məfhum heç cür biri-birilə uyğun gəlmir.
Biz satıcıdan, kommersiya məqsədi güdənlərdən danışırıq. Elə atalar var, evdə siqaretini uşaq yandırır. Siqareti damağına qoyub, "ay uşaq, bunu yandır” deyən atanın hansı təfəkkürə sahib olduğunu düşünəndə insanı dəhşət bürüyür. Bəzən atalar uşaqla guya zarafat edirmiş kimi, siqaretin tüstüsünü çəkib əminin üzünə üfürməsini tələb edir. Belə mühitdə böyüyən uşaq əlbəttə, sabah cibində siqaret gəzdirəcək, siqaret almağa pulu olmayanda isə, hər cür vasitəyə, oğurluğa da əl atacaq. Mən ədədlə siqaret satışına qarşı qətiyyətli addımlar atılmasının tərəfdarıyam. Həmçinin məktəblərdə müəllimlər, psixoloqlar, tibb bacıları siqaretin zərərləri barədə şagirdlərə məlumat verməli, elektron lövhələrdə maarifləndirici video-çarxlar nümayiş etdirməlidirlər. Müxtəlif üsullar var, sadəcə onları tətbiq etmək və hansının daha çox effektli olduğunu müəyyənləşdirmək lazımdır. Tərbiyə üsulları fərdə görə də dəyişə bilir. Yenə də əsas yük valideynin üzərindədir.
Çünki valideyn uşağını hamıdan yaxşı tanıyır və tanımalıdır. Hansı uşağa sözlə, hansı uşağa şəxsi nümunə ilə, hansı uşağa qadağalarla təsir etmək mümkündür, bunu ilk növbədə valideyn bilməlidir. Hətta Avropa ölkələrində övladı siqaret çəkənləri valideyn hüququndan məhrum da edirlər. Çünki evdə ata və ya ana siqaret çəkirsə, mənzildə uşağı tüstü ilə boğursa, cəmiyyətdən nə gözləmək olar?!
Məlahət Rzayeva