Siyasi nəhəng - “Heydər Əliyev təkcə Azərbaycana deyil, dünyaya məxsus olan böyük tarixi şəxsiyyətdir”

"Heydər Əliyev təkcə Azərbaycana deyil, dünyaya məxsus olan böyük tarixi şəxsiyyətdir”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Deputat bəyan edib ki, Ulu Öndərə Rusiyadan, MDB məkanından, Avropa dövlətlərindən, ümumiyyətlə dünyanın istənilən ölkəsindən münasibətlərin bildirilməsi çox təbiidir: 
"Azərbaycanın yetirdiyi böyük bir şəxsiyyətin sərhədlərimizindən kənara çıxması hamımızda qürur doğurur. Rusiya məkanından verilən açıqlamalara gəldikdə isə, vurğulamaq lazımdır ki, son yüz ildə vahid dövlətin tərkibində yer almışıq. Ümummilli lider həm Azərbaycana, həm də sovetlər birliyinə rəhbərlik edən çox mühüm və fenomen şəxslərdən olub. Bu reallığı nəinki yaşlı nəsil, eləcə də orta və gənc nəsildə hərtərəfli bilir. Heydər Əliyev Rusiyanın quruculuğunda böyük rol oynayıb. Birbaşa onun adı ilə bağlı yüzlərlə layihələr var. Bunların heç biri unudula bilməz. Ulu öndərin idarəetmə iyerarxiyasında yüksək pillələrdə çalışması onun fenomen lider kimi öyrənilməsinə səbəb olub. Heydər Əliyevin hər bir manerası, üslubu, taktiki addımları mühüm politoloji ensiklopediyadır. İstər Amerika, istərsə də Asiya qitələri ilə yaşanan müxtəlif hadisələr fonunda Heydər Əliyev Rusiya Nazirlər Kabinetinin birinci müavini kimi çox mühüm fəaliyyətlər həyata keçirib. Rusiyadakı əksər siyasətçilər də Heydər Əliyevin böyüklüyünü etiraf ediblər, Ulu Öndərin gücünü, istedadını yüksək dəyərləndiriblər. Əsrin ən böyük siyasi siması kimi ona qibtə ediblər. Şəxsən Rusiya dövlət başçısı Vladimir Putin Heydər Əliyevi "siyasi nəhəng” adlandırıb”.
Parlament üzvü bildirib ki, Heydər Əliyev öz böyüklüyü ilə Azərbaycanı ucaldıb: 
"Ölkəmizi vaxtı ilə tanımayanlar, hansı məkanda olduğunu bilməyənlər belə ümummilli liderin adı ilə Azərbaycanı öyrəniblər. Heydər Əliyevin cismani ölüm günü yaxınlaşdıqca, onunla əlaqədər beynəlxalq məkanda ortaya çıxan müxtəlif reaksiyalar, məqalələr, filmlər, xatirələr özümüzə də Ulu Öndərə yenidən qiymət vermək üçün şərait yaradır. Zaman keçdikcə Ulu Öndərin indiki dövrlə nə qədər müasir olduğunu, müxtəlif xaotik vəziyyətlərdən Azərbaycanı məharətlə çıxardığını görürük. Əlbəttə, ümummilli lideri gözü götürməyənlər, ona qarşı haqsız tənqid edənlər də olub. Belə bir deyim var -"Dahilər doğulanda kütbeyinlər də ona qarşı birləşirlər”. Qərəzli adamlar hər zaman olub və olacaq. Lakin onların düşüncələri bizi qətiyyən maraqlandırmır”.
Qeyd edək ki, "Moskva-Baku” informasiya portalı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı müsahibələr seriyasını dərc etməyə başlayıb. Dünya şöhrətli dövlət xadimi Heydər Əliyev haqqında tanınmış siyasətçilər, dövlət məmurları, onunla ünsiyyətdə olmuş, rəhbərliyi altında işləmiş insanlar xatirələrini bölüşüblər. Onlardan biri Moskva şəhərinin sabiq meri Yuriy Lujkovdur. Portal Y.Lujkovun Heydər Əliyev haqqında xatirələrini təqdim edib. Lujkov H.Əliyevin yüksək potensiala malik dövlət xadimi olduğunu, təkcə təhlükəsizlik məsələlərində deyil, iqtisadiyyat sahəsində də dərin biliklərə və idarətmə qabiliyyətinə sahib olduğunu deyib.
İsmayıl