"SOCAR sovetdən qalan qurğuları hələ də istifadə edir"- FACİƏNİN SƏBƏBİ




Sovet quruluşu 25 ildir dağılıb, amma neft şirkəti onun texnologiyalarını hələ də istifadə edir.


Bunu Sherg.az-a bu gün səhər saatlarında Xəzər dənizində neft estakadasının aşması nəticəsində baş verən faciənin səbəbləri barədə danışarkən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. 

Onun sözlərinə görə, hər dəfə təhlükəli vəziyyət baş verdikdə müxtəlif bəhanələrlə səbəbləri pərdələməyə çalışırlar: 

"Gah hava şəraiti, gah onlardan asılı olmayan səbəblərdən, ani reallaşan qəzalardan baş verdiyini deyirlər. Neft sənayesi hazırda ən təhlükəli sahələrdən biri olduğundan burada texnoloji yeniliklər tətbiq edilməli, standartlar dəyişdirilməli, təhlükəsizlik qaydaları ən yüksək səviyyədə təmin edilməlidir. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) əmək təhlükəsizliyinin idarə olunmasına olan münasibət dəyişmədikcə, hasilatın yüksək olmasından da söhbət gedə bilməz.

İ.Şaban əlavə edib ki, ARDNŞ-nın hazırda fəaliyyətdə olan 50 min işçisi var və bu, Böyük Britaniyanın "British Petroleom” şirkətilə ilə müqayisədə dəfələrlə çoxdur: 

"Buna baxmayaraq, BP-də hər hansı təhlükə və yanğın baş verdikdə ciddi tədbirlər həyata keçirilir. Neft Şirkəti isə bu nəzarəti mütəmadi şəkildə həyata keçirmir. Eyni məsələ digər fövqəladə hallarda da keçərlidir ki, insan itkisinə səbəb ola biləcək vəziyyətlərdə hasilatın dayandırılması və tədbirlərin gücləndirilməsi üçün çalışılmalıdır. Düzdür, bu sahədə xarici şirkətlərin imkanları daha üstündür, milyardlarla vəsait xərclənilir. ARDNŞ-a isə dövlət tərəfindən bu imkanlar verilməyib. Lakin bununla belə, neft sənayesində ciddi dönüş əldə etmək üçün işçilərlə təhlükəsiz şəraitinin yaxşılaşdırılmasına nəzarət orqanları təkmilləşdirilməlidir. Bədbəxt hadisələr və ölüm halları yalnız o zaman azaldıla bilər”.

Qeyd edək ki, Bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Ayyət Əhməd