"Soçi görüşü daha çox Moskvaya sərf edir" - Ciddi nəticə yoxdur





"Prezidentlərin Soçi görüşündə Suriyanın ərazi bütövlüyü və suverenliyi barədə razılığa gəlinib”.

Bu sözləri "Sherg.az”a Soçidə keçirilən Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşünün nəticələrindən danışarkən "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib. 

Onun sözlərinə görə, ikinci sammitin sonunda çıxış edən prezidentlər Suriya Milli Dialoq Konqresinin keçirilməsinə dair razılığa gəldiklərini açıqlayıblar:

"Soçi görüşünün yekunu olaraq Rusiya, İran və Türkiyə Suriya üzrə əməkdaşlığın prioritet sahələrini müəyyənləşdirən birgə bəyanat qəbul ediblər. BMT-nin Suriyada tanıdığı hökumət bəyanatı alqışlayıb. Suriyada konstitusiyanın qəbul olunması, yeni seçki sistemi və s. məsələlər barədə də tərəflər arasında sənəd mövcuddur. Lakin tam işlənib hazırlanmayıb. 2018-ci il yanvarında keçiriləcək yeni üçtərəfli görüşlərdə bu sənədlərin daha da təkmilləşdiriləcəyi ehtimal olunur.

Soçi görüşü keçirilən gün ABŞ-ın təşəbbüsü ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriyada BMT-nin rəhbər kimi tanıdığı Bəşşar Əsədə qarşı olan 30 qrupla birlikdə toplantı keçirilib. Toplantıda müxtəlif qruplaşmalardan 150-yə yaxın nümayəndə iştirak edib. Görüşdə Cenevrə toplantısına qatılacaq vahid heyət müəyyənləşdirilib. Həmin müxalif qruplar Cenevrə danışıqlarında Bəşşar Əsədin iştirakını istəmirlər.

Soçi görüşündə Cenevrədə keçiriləcək görüşlə bağlı razılaşmaya gəlinib. Lakin razılaşmaya gəlinməyən məsələlər də var. Bu görüşü Suriyada böhranın həlli istiqamətində atılan addımlardan biri kimi dəyərləndirmək daha düzgün olardı. Çünki görüş iştirakçılarının Suriya ilə bağlı məsələyə fərqli yanaşması var. Onlar hələlik, əsasan, Suriyanın ərazi bütövlüyü və suverenliyini razılaşdıra bilib. Düzdür, bu ölkənin gələcəyi, habelə, İran və Türkiyənin təhlükəsizliyi üçün çox vacibdir. Hətta rəsmi Moskva əvvəllər Suriyada federal dövlətin yaradılması mövqeyindən də çıxış edirdi”.

Bu görüşdə tərəflər arasında razılaşdırılmayan iki mövzu ilə bağlı yekun mövqenin açıqlanmadığını vurğulayan S.Soltan bəyan edib ki, onlardan biri terrorçu PKK-nın Suriyadakı qolu "PYD"nin gələcəyi, digəri isə ABŞ-ın bu ölkədəki hərbi bazalarının taleyidir:

"İran tərəfi Suriyada ABŞ bazasının mövcudluğundan narahatdır. "PYD”nin Cenevrə danışıqlarında iştirakı və Bəşşar Əsədin hakimiyyəti də Türkiyə tərəfindən qəbuledilməz məqamlardandır. Rusiya tərəfi görüşdə PKK-nın Suriyadakı qollarının və B.Əsədin də iştirakının tərəfdarı olduğu halda, Türkiyə buna etiraz edir. Həmçinin İran Əsədin iştirakının tərəfdarı olsa da, hələlik PKK-nın qolları ilə bağlı məsələyə münasibət bildirməyib. Ümumiyyətlə, görüşün yekunu ilə bağlı çıxışlarda terrorçu İŞİD qruplaşması silahlılarının mövcudluğu və onların hara "yox” olduğu məsələsindən söhbət belə getməyib. Bundan başqa görüşdə ciddi nəticə əldə edilməsini qeyd etmək olmaz.

Soçi görüşü daha çox Moskvaya sərf edir. Rusiya bu yolla beynəlxalq aləmdə özünə əlavə xal toplayır. Yaxın və Orta Şərqdə möhkəmlənmək üçün imkan qazanır. Bundan başqa Cenevrədə keçiriləcək görüşə daha sanballı şəkildə getməyə səy göstərir. ABŞ da Cenevrə görüşünədək tədbir keçirməyi planlaşdırır. Onun da bu toplantıya müəyyən əsaslarla qatılacağı ehtimal olunur. Deməli, İsveçrənin bu şəhərində ABŞ və Rusiyanın maraqlarının müzakirəsi gedəcək. Suriyanın dövlət kimi gələcəyi və mövcudluğu isə bu maraqların təmin olunmasından asılıdır”.

Mərkəz rəhbəri onu da əlavə edib ki, yeni blokun yaradılması məsələsi də müzakirə olunub:

"Əvvəllər ABŞ-ın rəhbərliyi ilə "Suriyanın dostları” qrupu fəaliyyət göstərirdi. Bu qrupun üzvləri Suriyada hakimiyyət dəyişikliyinin tərəfdarı idilər. Həmin blokda Türkiyə də təmsil olunurdu. 2012-ci il aprelin 1-də İstanbulda keçirilən konfransda 70 dövlətin təmsilçisi və başçısı iştirak etmişdi. 2012-ci il dekabrın 12-də Mərakeşdə keçirilən toplantıya isə 114 dövlətin nümayəndəsi qatılmışdı. Son illər "dostlar” toplantı keçirmir.

Ötən gün keçirilən görüşdən sonra belə qənaətə gəlmək olar ki, Suriyanın dostlarından ibarət yeni qruplar yaranır. Soçi görüşündə isə bu müzakirələrdə iştirak edəcək bloklardan biri nümayiş olundu. Beləliklə, bir dövlətin gələcəyi ilə bağlı iki qrup ayrılıb, birinə Rusiya, digərinə ABŞ başçılıq edir. Bu iki qrupun Cenevrədə keçiriləcək görüşlərə hazırlığı aparılır”.

Qeyd edək ki, Suriya probleminə həsr olunmuş görüşdə çıxış edən Rusiya prezidenti Vladimir Putin Suriyada terrorçularla mübarizədə Rusiya, Türkiyə və İran hərbi qüvvələrinin rolunu xüsusi vurğulayıb. Suriyanın bundan sonrakı müqəddəratını təyin edilməsi prosesinin çətin keçəcəyini bildirən Putin bu prosesdə İran və Türkiyənin bu ölkəyə dəstək verəcəyinə ümidvar olduğunu deyib.

Aysel Aslan