Son 15 ilin UĞURLARI...





Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq müstəqil Azərbaycan dövlətinin başçısı seçildiyi 2003-cü ilin 15 oktyabr tarixindən 15 il ötür. Hər birimiz 2003-cü ilin 15 oktyabrı ərəfəsində baş verən hadisələri çox yaxşı xatırlayırıq. Əlbəttə, İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində onun şəksiz qələbəsini təmin etdi. Xalq Ümummilli Liderin siyasi kursunun layiqli davamçısını özünün lideri kimi görürdü və gördü də.
2003-cü ildə, Prezident seçkiləri ərəfəsində möhtərəm İlham Əliyev xalqa müraciət edərək demişdi: "Əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm”.

Heç kimə sirr deyil ki, ölkə başçısı verdiyi vədlərə tamamilə əməl edərək, Ulu Öndərin uzaqgörən daxili və xarici siyasətini davam etdirdi və bu gün də həmin uğurlu yolla olduqca böyük inamla irəliləyirik. Ona görə ki, Ümummilli liderin qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.

Möhtərəm İlham Əliyev son 15 ildə bu yolla gedərək Azərbaycan xalqı və dövləti üçün çox böyük uğurlara imza atıb. Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayıb. Bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, eyni zamanda bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər - qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri baş verib. Ancaq İlham Əliyevin çevik daxili və xarici siyasəti nəticəsində bütün bu risklər Azərbaycandan yan keçib. Azərbaycan xalqı bu 15 il müddətində sabitlik şəraitində yaşayıb. Bu da inkişafımız üçün əsas şərtdir. Baxın, hər hansı bir ölkədə sabitlik pozulan zaman həmin ölkəyə xarici müdaxilələr olur və ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqı və bu xalqın böyük iradə nümayiş etdirərək özünə lider seçdiyi ölkə başçısı İlham Əliyevin dinamik siyasətidir. Yəni xalq-iqtidar birliyi Azərbaycanın müstəqilliyi və suverenliyinin qorunması üçün başlıca amillərdəndir. Bu mənada indiki məqamda Azərbaycan dünyada sabitlik adası kimi tanınır və bu,ölkəmizin, xalqımızın və Ulu öndər siyasətinin layiqli davamçısı İlham Əliyevin böyük nailiyyətləridir.

Qeyd etmək yerinə düşər ki, ötən 15 il ərzində Azərbaycanda demokratik ənənə və dəyərlər çox sürətlə inkişaf edib, ölkəmizdə bütün azadlıqlar - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığı təmin edilib. Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və ölkəmizdə internet tamamilə azaddır. Demokratik inkişafla bağlı ölkəmizin siyasəti çox düzgündür və bu addımlar milli maraqlarımızı təmin edir. Bütün bunlar isə ona görə edilir ki, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun”.

Bundan başqa onu da vurğulamaq mütləqdir ki, son 15 il müddətində Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara müəssər olub. Dünya KİV-ini bir neçə dəqiqə izləmək bəs edər ki, islamofobiya, ksenofobiya, ayrı-seçkiliyin bəzi ölkələrdə dövlət siyasətinə çevrildiyinin şahidinə çevrilək. Bu gün özünü demokratiya, insan hüququ və azadlıqlarının beşiyi adlandıran xarici ölkələrdə başqa millətlərin din və mədəniyyətinə tolerant yanaşılmır. Amma Azərbaycanda bu məsələlərlə bağlı ortaya orjinal bir nümunə qoyaraq multikulturalizm ənənələrini yaşadıb və bu gün də yaşadır. 2016-cı və 2017-ci illərin Azərbaycanda "Multikulturalizm” və "İslam Həmrəyliyi” illəri elan olunması heç də təsadüfi deyil.

Eyni zamanda o da diqqətə çatdırılmalıdır ki, son 15 il ərzində Azərbaycan düşünülmüş, sistemli və çoxvektorlu siyasi, iqtisadi və humanitar qərarları ilə beynəlxalq aləmdə böyük nailiyyətlərə imza atıb. Bu gün ölkəmizin dünyadakı mövqeləri möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Ölkəmizə dünya birliyi tərəfindən böyük rəğbət bəslənir. Bunun ən bariz nümunəsi ölkəmizin 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyidir. Bu, gənc, müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanın yanındadır.

Zərrə qədər şübhə və tərəddüd etmədən iddia edə bilərik ki, son 15 il ərzində qonşu dövlətlərlə daha da sıx münasibətlər qurmuşuq. Qonşu dövlətlərlə heç bir problemimiz yoxdur, bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və ikitərəfli əməkdaşlıq çoxtərəfli əməkdaşlığa yol açır. Çoxtərəfli əməkdaşlıq da Azərbaycanın təşəbbüsü ilə baş verir. Söz yox ki, qonşularla isti münasibət regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərir.

Bundan əlavə ötən illər ərzində Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak edib. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin ədalətli mövqeyini dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı Azərbaycanın təkliflərini qəbul edərək çox önəmli qərarlar çıxarıblar. O sənədlərdə göstərilir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı ölkəmizin prinsipial mövqelərini dəstəkləyən qətnamələr qəbul edib. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul edib və bu da münaqişənin həlli üçün hüquqi baza yaradır. Məhz İlham Əliyevin apardığı dayanıqlı siyasətin aydın təzahürləridir. Fikir verin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazanıb, Ermənistanın işğalçı siyasətini ifşa etmişik.

Bu gün də işğalçı ölkə bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir. BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həlli üçün əsas hüquqi bazadır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi tərkib hissəsidir. Bunun üçün hüquqi baza var və ölkəmiz son 15 il ərzində bu bazanı möhkəmləndirib. Bu illər ərzində münaqişə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdıra bilmişik. Bu məsələ ilə bağlı kitablar yazıldı, qədim xəritələr ortaya qoyuldu, ölkə hüdudlarından kənarda təqdimatlar, sərgilər keçirildi. Bir çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıdı. Bütün bunlar diplomatik və siyasi uğurlarımızın bəhrə verməsinin isbatıdır. Heç şübhəsiz ki, bundan sonrakı illərdə də bu siyasət uğurla davam etdiriləcək. Azərbaycan heç vaxt imkan verməz ki, ərazisində ikinci qondarma erməni dövləti yaradılsın.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyimizi xalqımız da dəstəkləyir. Cənab Prezident dəfələrlə bəyan edib: "Azərbaycan bu siyasətindən dönməyəcək, bundan sonrakı illərdə də işğalçını bütün işlərdən, regional işlərdən təcrid edərək, onları ifşa edəcək. Gələcək illərdə isə bizim gücümüz daha da artacaq. Çünki bu gün reallaşan böyük təşəbbüslər, layihələr bizim gücümüzü daha da artıracaqdır”.

Bu reallıq bir də onu göstərir ki, İlham Əliyevin ordu quruculuğu ilə bağlı apardığı siyasət çox düzgün siyasətdir. Ötən illər ərzində ordu quruculuğu prosesi sürətlə irəliləyib. Bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 güclü ordu sırasındadır. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz ən müasir silah- sursatla təmin olunur. Ən sevindirici hal odur ki, ordumuzda təkcə idxal etdiyimiz silahlar deyil, Azərbaycanın özünün istehsal etdiyi silahlar da yer alıb. Bu gün Azərbaycanda müdafiə sənayesinin inkişafına ciddi diqqət ayrılıb və Azərbaycanın silah idxalçısından, iracatçıya çevrilməsi yönündə olduqda əlamətdar işlər görülür. Ötənlərdə paytaxt Bakıda baş tutan "ADEX- 2018” sərgisi bunun əyani sübutu hesab oluna bilər.

Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar torpağa biz nəzarət edirik. Bu torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır, yeni qəsəbə salınıb. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib. Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, qürurlandırır. Bu hal bir daha onu göstərir ki, Azərbaycan heç vaxt işğalla barışmayacağıq.

Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı olan məsələləri də uğurla həll edirik. Onlar üçün yüzə yaxın qəsəbə salınıb, çoxsaylı köçkün soydaşımız yeni mənzillərlə təmin olunub. Köçkünlərin məişət problemləri, onların məşğulluğu daim diqqət mərkəzindədir. Gələcəkdə də bu istiqamətdə addımlar atılacaq.

Ümumiyyətlə, son 15 il ərzində sosial məsələlərin həllinə çox böyük diqqət göstərilib. Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb tikilib və təmir edilib. 640-dan çox xəstəxana inşa olunub və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Yəni, sosial siyasət, xalqımızın rifahı daim diqqət mərkəzindədir.

Ötən 15 il müddətində Azərbaycan iqtisadiyyatı da yüksələn xətt üzrə inkişaf edib. Dünyada kəskin iqtisadi böhranlar baş verən zaman Azərbaycancan bu böhranlardan ən az itkilərlə çıxdı. Bu böhranlar arxada qalıb və iqtisadi sabitlik, maliyyə sabitliyi, əlbəttə ki, həm investisiya iqliminə müsbət şərait yaradır, həm də biznes mühitini daha da yaxşılaşdırıb. İqtisadi islahatlar daha da dərinləşməkdədir. Xalqımız bu islahatların müsbət impulslarını görüblər və görəcəklər

Sahibkarlığın inkişafı sürətlə davam edir. Bu illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər hesabına və sahibkarların öz vəsaiti hesabına yüzlərlə, bəlkə də minlərlə yeni müəssisə yaradılıb və qeyri-neft sektorunun inkişafı təmin edilib. Növbəti illər ərzində, qeyd etdiyim kimi, iqtisadi sahədə islahatlar təmin ediləcək, dərinləşəcək ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf etsin və biz neft-qaz amilindən asılılığı azaldaq.

Bu illər ərzində biz yeni texnologiyalara böyük diqqət vermişik. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Ötənlərdə Azərbaycan sayca 3-cü olan "Azərspace- 2” peykini də orbitə buraxdı. Azərbaycan bu sahədə də liderlik nümayiş etdirir. Bu, onu göstərir ki, ölkəmiz gələcəyə baxır və gələcək də elmi-texnoloji inkişafla bağlıdır. Hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır.

Sözsüz ki, iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir. Təbii ki, son 15 il ərzində bu sahəyə xüsusi diqqət göstərilib və bundan sonra da göstəriləcək. Bu illər ərzində biz doğrudan da tarixi nailiyyətlərə nail ola bilmişik. Ulu öndər Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və beləliklə, ölkəmiz böyük gəlirlər əldə etməyə başladı. Ondan bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirib. Hazırda "Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bu layihə məhz ölkəmizin təşəbbüsü ilə həyata keçirilir. Azərbaycan qazını böyük həcmlərlə Avropa bazarlarına çıxarmaq üçün bir neçə il ərzində müzakirələr gedirdi, amma heç bir nəticə yox idi. Ancaq Azərbaycan bütün çətinlikləri aradan qaldırararaq bu çətin layihənin icrasına nail ola bildi. Buu, həm iqtisadi, həm texniki cəhətdən maliyyə tutumlu layihədir. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur. Ona görə xüsusilə bu da dünyada mövcud olan iqtisadi böhrana təsadüf etdi və bu vəsaiti ölkəmizə cəlb etmək o qədər də asan məsələ deyildi. Əlbəttə,Azərbaycan diplomatik, siyasi və iqtisadi yollarla buna nail ola bildi. "Şahdəniz-2”, "Cənubi Qafqaz Kəməri” və TANAP vasitəsilə Azərbaycan Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Əlbəttə, bizə əlavə gəlirlər gələcək ki, bu gəlirlər də ölkəmizin inkişafına yönəldiləcək.

Jurnalistlərin özünə dost hesab etdiyi, eyni zamanda özünü jurnalistlərin dostu adlandıran cənab Prezident ölkə mətbuatının inkişafına həmişə ciddi dəstək göstərib, bu gün də o dəstək davam etdirilir. 

Belə ki,ölkə başçısının 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamına uyğun olaraq
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı. 

Fondun əsas məqsədi Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri və digər tədbirləri maliyyələşdirməkdir. 

Cənab prezidentin mediaya göstərdiyi diqqət və qayğının ən ümdə təzahürlərindən biri də qəzetlərin satışını daha dolğun və optimal şəkildə təşkil etmək üçün paytaxtda insanların sıx toplaşdığı  məkanlarda müasir köşklərin qurulmasıdır. 

Bundan başqa birbaşa Prezident İlham Əliyevin iradəsi ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması yönündə ciddi əməli addımlar atılıb. 2013-cü ildə  jurnalistlər üçün 156 mənzildən ibarət bina inşa olunaraq media nümayəndələrinin istismarına verildi. 

Həmçinin 2017-ci ildə də 255 mənzildən ibarət əzəmətli bir bina inşa olunaraq həmkarlarımın istifadəsinə verildi və həmin mənzillərin təqdimetmə mərasimindən dərhal sonra ölkə başçısı üçüncü, 255 mənzildən ibarət binanın təməlini atdı. Bu binanın isə 2020-ci ildə jurnalistlərin istifadəyə veriləcəyi bildirilir və bununla da növbəti mərhələdə daha 255 jurnalist mənzillə təmin olnacaq.  

Onu da unutmaq olmaz ki, ölkə başçısı bu müddət ərzində sağlıq durumunda problemlər yaranan jurnalistlərin müalicə və müayinəsinə dair də  müvafiq göstərişlər verib. Bu günlərdə Prezident tanınmış jurnalist Səbuhi Məmmədlinin səhhətinin ağırlığını nəzərə alaraq onun müalicə və müayinəsi ilə bağlı göstəriş verdi. Bütün bunlar ölkə başçısının digər sahələrlə yanaşı media və media cameəsinə böyük diqqət ayırmasının bariz nümunələridir. 

Ölkəmiz bu illər ərzində ölkə daxilində enerji təminatını yaxşılaşdıra bilib. Böyük infrastruktur layihələri icra edilib. Son 15 il ərzində 30-dan çox elektrik stansiyası tikilib. Onların generasiya gücü 3900 meqavata bərabərdir. Müqayisə üçün deyə bilərəm ki, bizim indi ümumi generasiya gücümüz təqribən 6,5 min meqavata bərabərdir. Onun 3,9 min meqavatını biz 15 il ərzində yarada bilmişik. Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib.

Qazlaşdırmanın bu ilin sonuna qədər Azərbaycanda 95 faizə çatacağı nəzərdə tutulur. Bundan başqa ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilirdisə, hazırda bu rəqəm 67 faizə çatıb.

Kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri görülüb,bir neçə böyük su anbarı tikilib və son bir neçə il ərzində hər il 100 mindən çox hektara yeni su mənbəyi gətirilib.

Həmçinin son illərdə ölkə daxilində nəqliyyat infrastrukturu da prioritet məsələlər sırasında olub. Demək olar ki, nəqliyyat infrastrukturuna çox böyük vəsait qoyulub. Bu illər ərzində yeddi aeroport tikilib, .onlardan altısı beynəlxalq statusa malikdir. O aeroportlar indi işləyir, xaricdən gələn turistlərin sayır artır. Dəmir yolu infrastrukturu yenilənib. Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir. Burada da liderliyi möhkəmləndiririk. Gəmiqayırma zavodunun tikintisi artıq xaricdən gəmilərin alınmasına ehtiyac qalmadığını göstərir.

Eyni zamanda, qonşularla əməkdaşlıq edərək regional infrastruktur da yaradılıb. Keçən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı növbəti tarixi nailiyyətimizdir. Bununla paralel olaraq, hazırda biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq və Azərbaycan ərazisində bütün işlər tamamlanıb. Bir sözlə Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir.

Azərbaycan böyük idman uğurları ilə fəxr edir. İdmançılarımız son 15 il ərzində Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Avropa Oyunlarında biz ikinci yerə layiq görüldük, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail olduq. Biz Rio Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Tarixi qələbələrdir. Hara baxsaq, hansı sahəyə baxsaq biz inkişaf, nəticə və uğur görürük. Nəyə görə? Çünki hakimiyyətin mənbəyi olan Azərbaycan xalqı əsası ulu öndər tərəfindən qoyulan və hazırda da Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilən çoxvektorlu siyasəti dəstəkləyir.

Sonda bir nüansı da nəzərə çatdırım ki, bütün bu uğurlar ancaq müstəqillik dövründə mümkün olub. Azərbaycan xalqı müstəqillik, sabitlik və əmin-amanlığın mahiyyətini anlayıb, onun üstünlüklərini yüksək qiymətləndirir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb: "Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.

Hazırladı: Ayyət ƏHMƏD