Bu günlərdə "Şərq"in əməkdaşı paytaxtın müxtəlif ərazilərində gənclər arasında 'Sonuncu dəfə hansı teatr, kitabxana və ya muzeydə olmusunuz ?' sualları ilə sorğu keçirib. Gənclərin verdikləri cavablar isə heç də ürəkaçan olmayıb. Sorğunun nəticəsində məlum olub ki, gənclərin əksəriyyəti nəinki sözügedən məkanlara baş çəkiblər, heç onların adlarını belə çəkə bilməyiblər. Bu halı isə "İndi həmin yerlərə getməyin dövrü keçib" fikirləri ilə izah ediblər. Əlbəttə, Azərbaycan gəncliyinin öz tarixi, ədəbiyyatı, incəsənəti və mədəniyyətinə bu qədər laqeyd yanaşması bizi narahat etməyə bilməzdi.
Bu mənada biz də "Sherg.az" olaraq bu ağrılı durumun ciddiliyini nəzərə alıb, mövzunu mətbuatın gündəminə daşıdıq. Və bu vəziyyəti yaradan səbəblərini Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova ilə aydınlaşdırmağa çalışdıq.
XXI əsr gənclərinin tamam fərqli xüsusiyyətlərə malik olduğunu deyən, G.Səfərova qeyd etdi ki, hazırda bəzi gənclərimiz universitetə qəbul olmaq üçün həyatdan təcrid olunmuş şəkildə yaşayırlar:

"Uşaqların bütün həyatı, ömrü sanki ali təhsil müəssisəsinə daxil olmaqdır. İndiki dərs yükünü nəzərə alsaq uşaqların asudə vaxtını keçirməyə zamanı yoxdur. Bir də bunun təhlükəli tərəfi var. Abituriyentlərin hər biri özünə lazım olan ixtisasın dərslərini oxuyur. Hazırkı gənclərin əksəriyyəti Lelini tanımır. Çünki onlar ixtisas qrupları üzrə ixtisaslaşıblar. Eyni zamanda çox təəssüflər olsun ki, gənclərimizin əksəriyyəti teatrları, muzeyləri, kitabxanaları tanımır. Bəlkə də, burada günah valideynlərindir. Çünki uşaq vaxtdan atalar, analar övladlarını həmin yerlərə aparsaydı, onların da sözügedən məkanlar haqqında fikirləri olardı. Amma indiki vaxtı təhsil alan gənclərin həmin yerlərə getməyə vaxtları yoxdur. Həm də məktəbdə bu kimi biliklər həyət bilgisi kimi dərslərdə verilir. Lakin şagirdlər bu fənnə dırnaqarası yanaşır. Həmçinin XXI əsr uşaqları gününü telefonda, planşetlərdə keçirir. Ona görə də bir çox məlumatdan uzaq və xəbərsiz qalırlar. Onlar heç bizim dahi yazıçılarımızı, şairlərimizi tanımırlar. Bu prinsipdən yanaşdıqda gənclərin teatr, muzey, kitabxanaları tanımaması normaldır. Həmçinin son zamanlar gənclərimiz kinoteatrlara çox gedirlər. Amma onlar kinoya baxsalar da, onun rejissoru haqda heç nə bilmirlər".
Müsahibimiz onu da əlavə edib ki, bu kimi mənfi halları aradan qaldırmaq üçün gənclər arasında sözügedən məsələlər istiqamətində maarifləndirmə işləri aparılmalıdır:
"Bu yaxınlarda ABŞ-da idim. Orada kinoteatrlarda iynə atsan yerə düşməz idi. Xüsusən gənclər həmin yerlərdə üstünlük təşkil edirdi. Çünki orda gənclər asudə vaxtlarını telefona yapışaraq keçirmir. Valideynlər öz övladlarını teatr, muzey kimi yerlərə davamlı olaraq apararaq bunu ənənəyə çevirir. Eyni zamanda məktəbdə də bu tendensiya davam edir. Həmçinin ABŞ-da dərs yükü bizdəki kimi deyil. Azərbaycanda formal təhsil bir az ağırdır. Şagirdlər Azərbaycan dilində olan dərslikləri adətən öz dillərinə tərcümə etməlidir. Bütün bunları öz övladlarımdan götürürəm. Onların dərs yükü ağır olduğundan başqa sahələrə maraq göstərə bilmirlər.
Gün ərzində yeddi dərsdə olurlar. Məktəbdən gəldikdən sonra da dərslərini oxuyub, hazırlığa qaçırlar, vaxtları olmur. Sadəcə bir gün istirahətləri olur. Onu da yatıb,dincəlirlər.Ona görə, gəncləri teatr, muzey, kitabxana kimi yerlərə getmədikləri üçün qınamaq istəmirəm. Çünki bunun üçün sistem qurulmalıdır. Müəyyən işlər aparılmalıdır. Uşaqlar, gənclər üçün seçimlər say və keyfiyyət baxımından həddindən çox azdır. Məncə, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Təhsil Nazirliyi bu sahədə müasir bir sistem qurmalıdır”.
Kənan Eynuroğlu