"Sosial evlərin qiyməti bir çox insanların ödəyə biləcəyi həddədir”




"Hər hansı dəyişiklik baş verməyəcəksə, indiki inflyasiya şəraitində sosial evlərin qiymətləri bir çox insanların ödəyə biləcəyi həddədir”.

Bunu Sherg.az-a 1 və 3 otaqlı sosial evlərin aylıq ödənişlərinə münasibət bildirərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, açıqlanan qiymətlər yüksək deyil:

"Sosial evlərin ipoteka faizlərinə də ciddi əl gəzdirilməyə ehtiyac var. Əgər bu evlərin faiz dərəcələri yüksək olacaqsa, bu da gələcəkdə problem yarada bilər. Aşağı faizlərlə, ipoteka faizlərinə uyğun şəkildə ipoteka rəsmiləşəcəksə, o zaman ödənişin həcmi ilə paralel olaraq faizlərdə də dəyişiklik olacaq. Bu da önəmlidir. Çünki faiz yüksək olarsa, ödənişin məbləği ilk dəfədən az görünsə də, müddətə vurduqda bazardakı real qiymətindən 2-3 dəfə baha başa gələ bilər. O baxımdan ilk baxışdan faizlər kiçik olsa da, məsələn, 25-30 illik verilsə, ümumi həcminin indiki bazar qiymətlərindən xeyli yüksək olması ehtimalı var. İnsanların ödəniş qabiliyyətinə hazırkı şərtlər uyğundur. Faizlərə də bir qədər əl gəzdirilərsə, yaxşı bir layihə olacaq”.

Sosial evlərin əldə edilməsində sui-istifadə hallarına da diqqət çəkən ekspert tək dövlətin nəzarəti ilə sui-istifadə hallarının qarşısının alınmasının mümkün olmadığını deyib:

"Burada dünya təcrübəsi də var ki, müxtəlif qeyri-hökumət təşkilatları, assosiasiyalar yaradılır, bunların monitorinqləri həyata keçirilir. Qərar verilərkən ictimai rəy, müzakirələr də nəzərə alınsa düşünürəm ki, daha effektiv olacaq. Sırf dövlətin nəzarəti ilə bu həyata keçirilsə, müəyyən korrupsiya hallarına yol aça bilər. Dövlətə vətəndaş cəmiyyətinin nəzarət mexanizmlərinin həyata keçirilməsi, bütün dünyada daha ciddi effekt verir. Sosial ədalətə uyğun yanaşma ortaya çıxır. Sosial ədalət mütləq gözlənilməlidir. Qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və digər qurumlar da bununla bağlı müəyyən işlər görsə, daha məqsədəuyğun olar”.

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev MİDA-nın həyata keçirdiyi layihələrdə aylıq 130-150 manat ödəməklə birotaqlı, 300 manat ödəməklə isə üçotaqlı mənzillər almaq mümkün olacağını deyib. Direktorun sözlərinə görə mənzil təminatı prosesində bazar qiyməti nəzərə alınacaq.

Aysel Aslan