Sosial media KİV-ləri üstələyir ? - Qabil Abbasoğlundan izah

“KİV-lər oxucusunun, qanunların və cəmiyyətin qarşısında məsuliyyətlidir. Ona görə, elektron media daha düzgün və ciddi davranmağa məcburdur"



"Kütləvilik baxımından sosial şəbəkələr informasiya daşıyıcısı rolunu oynadığı üçün KİV-lərlə yarışdadır”.

Bu barədə  "Sherg.az”a sosial şəbəkələrin elektron və çap mətbuatını sıradan çıxarmasına dair iddialara münasibət bildirərkən tanınmış jurnalist, Lent.az-ın baş redaktoru Qabil Abbasoğlu bildirib.  O qeyd edib ki, KİV-lər konkret qanuni və etik məsuliyyət daşıyan müəssisədir:

"KİV-lər oxucusunun, qanunların və cəmiyyətin qarşısında məsuliyyətlidir. Ona görə, elektron media daha düzgün və ciddi davranmağa məcburdur. Sosial şəbəkədə isə bu məsuliyyət, etik qaydalar sanksiyalaşdırılmış şəkildə məcburi deyil. Amma nə qədər kütləvi və tirajlı olsa da, sosial şəbəkədə yaradılan səhifələr sadəcə bir situasiyadır. Xalq mediası olan bu şəbəkələr qanunlarla, dövlət qeydiyyatından keçmiş şəkildə idarə edilmir. Sosial şəbəkələrdə çoxlu izləyicisi olan insanların profilləri də eynilə fərdi şəxslərə məxsusdur. Həmin profil və səhifələrdə paylaşılan xəbərlə bağlı problem yaşandıqda adminlər rahat şəkildə məsuliyyət daşımadığını irəli sürə bilər. Onların üzərində bunu dəqiqləşdirmək kimi bir vəzifəsi yoxdur və haqlıdırlar.

Bunu nəzərə aldıqda, ciddi xəbər oxuyucuları, xəbər istehlakçıları, sözsüz ki, qanunun qarşısında və etik məsuliyyəti olan media orqanlarına xəbər mənbəyi kimi daha çox inanmalıdırlar. Sosial şəbəkələrin rolunu qətiyyən azaltmaq istəmirəm. Xalq mediası bütün cəmiyyətlərdə pozitiv xidmət göstərən yenilikdir. 

Çünki nə qədər neqativ hallar da olsa, müsbətlərin sayı daha çoxdur. Cəmiyyət informasiya almaq vərdişinə sosial şəbəkələrlə yiyələnir və sosiallaşır. Bu zaman cəmiyyətin üzvləri arasında daha çox informasiya mübadiləsi gedir və informasiya almaq alışqanlığı yaranır. Eyni zamanda hüquqi, etik məsuliyyət baxımından KİV-lərin sosial şəbəkələrə və buradakı xəbər mənbələrinə uduzduğu qənaətində deyiləm. Əksinə KİV-lər ciddi xəbər mənbələri olaraq qalırlar”.

Ayyət Əhməd