Aydınxan Əbilov: "Əvvəllər mövcud olan nişanlanma mərasimi getdikcə sıradan çıxır. Sosial şəbəkələrin zamanı sürətləndirmə funksiyası real həyata da təsir edib. Gənclər bu gün tanış olur, səhəri gün isə evlənirlər&
"Sosial şəbəkələr real həyatımızın virtual variantıdır və həyatımızda baş verənlər sosial şəbəkələrdə öz əksini tapır”.
Bunu Sherg.az-a son vaxtlar sosial şəbəkələrdə tanış olub, ailə quran gənclərin sayının artmasına münasibət bildirərkən kulturoloq Aydınxan Əbilov deyib.
O bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da internet, sosial şəbəkələr, "çat”lar vasitəsilə evlənənlərin sayı artıb:"Çoxsaylı ailələr tanıyıram ki, xüsusilə xaricdə yaşayan multikultural ailələr məhz internet vasitəsilə tanış olub, evləniblər. Baş verən hadisələrin bu və ya digər dərəcədə virtual aləmdə təsirlərini görürük. Sözsüz ki, ölkədə 80 minə yaxın nikah varsa və bunun 14 mini boşanma ilə nəticələnibsə, sosial şəbəkələrdə evliliklərin artmasının fonunda boşanmaların olması normaldır. Amma istənilən halda evlənmək, ailə həyatı qurmaq həyatın önəmli mərhələsində insanın qarşılaşdığı və gələcək ömrünü planlaşdıracaq hadisədir.
Bunda tələsmək olmaz. Gənclər istər sosial şəbəkələrdə, istərsə də real həyatda tanış olmaqla yanaşı bir-birini mütləq öyrənməlidirlər. İnsanlar qarşısındakının ictimai, sosial tərəflərini nəzərə alıb, sonra ailə qurmalıdırlar. Bütün bunları nəzərə almadan sosial şəbəkələrdə evlənmə olanda onun acı nəticələri ilə rastlaşırıq”.
Kulturoloqun sözlərinə görə, hər bir nikahın pozulması həm cəmiyyət, həm dövlət üçün böyük yükdür:
"Uzun-uzadı məhkəmələr, tərəflər arasındakı mübahisələr, bəzən hətta ölümlə nəticələnən gərginliklər yaşanır. Ona görə, insanlar bir-biri ilə real tanış olub, evlənməlidir.
Son zamanlar fikir verirəm ki, əvvəllər mövcud olan nişanlanma mərasimi get-gedə sıradan çıxır. İnternetin və sosial şəbəkələrin zamanı sürətləndirmə funksiyası real həyata da təsir edib. Gənclər bu gün tanış olur, artıq səhəri gün toy etməyi düşünürlər.
Məncə, bizim milli mənada adət-ənənələrimizin klassik forması ilə müasir sosial şəbəkələrdə baş verən hadisələrin sintezindən ortaq məxrəcə gəlmək lazımdır. Yəni insanlar tələsməməlidir və sosial şəbəkə vasitəsilə, eləcə də real həyatda bir-birini öyrənməli, hərtərəfli tədqiq edəndən sonra ortaq məxrəcə gəlməlidirlər”.
Aysel Aslan