Sosioloqdan SOS : "Kişilərin zorakılığa məruz qaldığı ailələr də var"





Son zamanlar "kişilərə qarşı məişət zorakılığı” ifadəsi ilə tez- tez rastlaşırıq. Hansı ki, bu günə qədər zorakılıq deyilənəd ağıla ilk olaraq qadınlar və uşaqlar gəlirdi. 

Amma ölkəmizdə məişət zorakılığına məruz qalan kişilərin sayı da heç az deyilmiş. Mental dəyərlərimiz baxımından inandırıcı görünməsə də, bununla bağlı statistik rəqəmlər də ortaya çıxıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqlamasına görə, ötən il yarım ərzində Azərbaycanda məişət zorakılığına məruz qalan insanların 85,5 faizi qadınlar, 14,5 faizi kişilər olub. 


Maraqlıdır, kişilər hansı formada məişət zorakılığının qurbanı olur? Ümumiyyətlə, Azərbaycan reallığında kişilərin məşiət zorakılığına məruz qalması nə dərəcədə inandırıcıdır?

Sosioloq-Jurnalist Lalə Mehralı isə "Şərq”ə açıqlamasında məişət zorakılığına məruz qalan kişilərin sayının statistikada göstərilən faizdən daha artıq olduğunu hesab edir. Məşiət zorakılığı məsələsində təkcə qadınların deyil, kişilərin də təsirə məruz qalmasının reallıq olduğunu vurğulayan sosioloqa görə birmənalı olaraq bizə elə gəlir ki, ailədə döyülən, zorakılığa məruz qalan, hüquqları tapdalanan ancaq qadınlardır və onlara yardım etmək lazımdır. 

Bircə dəfə olsun özümüzü məcbur edib, kişilərin prizmasından məsələyə baxmırıq. Şərt o deyil ki, kişi fiziki zorakılığa məruz qalsın, döyülsün. Məişət zorakılığı dedikdə təkcə fiziki şiddət nəzərdə tutulmur. Kişi də ailədə psixoloji zorakılığa məruz qala, mənəvi cəhətdən əzilə bilər. Bunların hamısı ailədaxili zorakılıq deməkdir. Qadınların üzləşdikləri problemlər zamanla işıqlandırılır, həlli istiqamətində addımlar atılır. Cəmiyyətdə də belə bir fon yaranır ki, ailədə əzilən, haqları pozulan ancaq qadınlardır. Halbuki sadəcə qadınlar və uşaqlar deyil, kişilərin zorakılığa məruz qaldığı ailələr də var".

Hamımızın ətrafında məişət zorakılığına məruz qalan kişilərin olmasına diqqət çəkən Lalə xanım deyib ki, çoxları bunu etiraf etməkdən utansa da, qadın tərəfindən döyülən kişilər də yox deyil: 

"Bəzi qadınlar mübahisə zamanı kişiyə hansısa əşyanı atmaqdan belə çəkinmirlər. Hər hansı bir əşya atmaq, alçaldıcı ifadədən istifadə etmək, təhqir etmək də ailədaxili zorakılıq hesab olunur. Bəzi kişilər artıq ətrafda hər kəs bildiyi üçün həyat yoldaşı tərəfindən döyüldüyünü də boynuna alır. Əksər vaxtlarda kişilər potensial zorakılıq tətbiq edən hesab edilir. Bunu biz qadınlar əsasən, bioloji olaraq daha güclü olmaları ilə yozuruq. "Əgər ailə rəisi odursa, belə də olmalıdır" deyirik. Çox zaman da onun ailədə etdiyi zorakılığa göz yumuruq, "işdən gəlib, stress altındadır, bizim qarnımızı doyurur, bizə baxır" kimi sözlərlə özümüzə təskinlik veririk.

Sosioloqun dediyinə görə, bəzi hallarda kişilər ailədə daha çox "rəis"lik etmək və hər şeyi öz nəzarəti altına almaq istədikləri üçün zorakılıq tətbiq edirlər: 

"Bəzi hallarda isə qazdıqları quyuya özləri düşürlər. Yəni onların hegemonluq istəyi özlərinin zorakılığa məruz qalmasına yol açır. Kişinin "rəis"liyindən, davranışlarından bezən qadın da ona eynilə davranır. Başqa səbəblər də var, maddi vəziyyətin zəif olması, psixoloji vəziyyət, həyatından narazı olması və s. Bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması nadir hesab edilsə də, artıq sıradan, adi bir haldır. Düzdür, onlar qadınlar kimi döyülmür, işgəncəyə məruz qalmır, daha çox mənəvi zorakılığa məruz qalırlar”.

Şəymən