Sosioloqdan telekanallara etiraz:"Ekstrasens və falçıların verilişə dəvət olunması..."






Ekstrasens və falçıların verilişə dəvət olunması mənəvi və mədəni zövqünü korlayır.
"Azərbaycan telekanallarında yayımlanan sosial yönümlü verilişlər belə şou formatında hazırlanır”.

Bunu "Sherg.az”a televiziya verilişlərində müşahidə olunan neqativ hallar barədə danışarkən sosioloq Cavid İmamoğlu söyləyib. 

O vurğulayıb ki, aparıcılar, televiziya rəhbərləri yalnız verilişlərin reytinqinin yüksək olmasına diqqət edir:

"Əksər aparıcılar efirdə qalmaqal yaradaraq, verilişin reytinqini artırmağa çalışır. Televiziyaların problemi də məhz buradan başlayır. Kommersiya maraqları cəmiyyətin maariflənməsi məsələsini üstələyir. Əslində isə sosial problemləri özündə əhatələyən verilişlərdə əhalinin maarifləndirilməsi, sosial problemlərə baxış əsas mövzu olmalıdır. Bunu görmürük.

Peşəkarlıqdan da çox şey asılıdır. Televiziya kanallarında belə verilişləri hazırlayan komanda daxilində sosial problemlərə baxışı olan peşəkarların olmamağı mövzuya aidiyyəti olmayan şəxslərin verilişə çağırılmasına gətirib çıxarır. 

Ekstrasens və falçıların verilişə dəvət olunması, onlara daha çox söz verilməsi, məqsədli şəkildə səsləndirilən qalmaqallı açıqlamalar, idarəolunan veriliş mühiti tamaşaçının marağına xidmət etmir. Televiziya idarəçilərinin şou dediyi verilişlər Azərbaycan insanının mənəvi, mədəni zövqünü korlayır.

Üzərimizə düşən, ətrafımızı, özümüzü belə verilişlərdən uzaq saxlamaqdır. Mənfi tendensiya davam edərsə, televiziya kanallarına cavabdeh orqanlar buna müdaxilə edə bilər”.

C.İmamoğlu bəzi məsələlərdə öz təsirini göstərən ictimai qınağın televiziyaları dəyişməməsinə də aydınlıq gətirib. O diqqətə çatdırıb ki, aparıcılar tənqid edənlərin qarşısına reytinq göstəricilərini əsas kimi qoyur:

"İddia edirlər ki, cəmiyyət bu verilişə mənfi münasibət bəsləyirsə, niyə reytinq göstəriciləri yüksəkdir? Hətta aparıcılar deyir ki, xalqın adından danışmayın. Amma həmin aparıcılara anlatmaq lazımdır ki, insanların zövqünü formalaşdıran məhz həmin verilişlərdir. Dəyərsiz nüansları efirlərə daşıyırıqsa, insanlar pis və daha pis arasında seçim edir. Bu problem əslində çox geniş müzakirə edilməli, nəticə ortaya qoyulmalıdır”.

Qeyd edək ki, bir müddət əvvəl aparıcı Rövşanə Ağasəfqızının verilişində dava yaşanıb. Verilişdə ekstrasens kimi təqdim edilən Bayram Nurlu və digər ekspertlər qonaq olublar. Kulturoloq Aydın Xan Əbilov ekstrasenslərdən danışıb və onları fırıldaqçı adlandırıb. Onun sözlərinə isə B. Nurlu sərt reaksiya verib.

Aysel Aslan