Sovet dövrü abidələri qorunmalıdır

Nizami Cəfərov: “Müəyyən abidələri, hardasa bir muzeydə, yaxud hansısa başqa məkanda saxlamaq olardı”
Kamran Əsədov: “Nə olursa, olsun, tariximizə aid hər bir xatirə qorunub saxlanmalıdır”

Sovet illərində Bakıda bolşeviklərə, Kommunist Partiyası rəhbərlərinə ucaldılmış heykəllərin müstəqilliyimiz bərpa edildikdən sonra dağıdılması ətrafında zaman-zaman müzakirələr aparılıb.
Fikirlər də həmişə haçalanıb. Həmin abidələrin dağıdılmasının düzgün addım olmadığını iddia edənlər də olub, 1920-ci ildə Azərbaycanın işğalında, istiqlaliyyətinin əlindən alınmasında birbaşa rol oynamış şəxslərin heykəllərinin saxlanmasını xalqımıza həqarət hesab edənlər də.

1990-cı illərdə gözlənildiyi kimi ikincilər üstünlük qazandı. Hökumət Evinin qarşısından proletariatın dahi rəhbəri Leninin, Dağüstü parkdan Kirovun abidəsi götürüldü. "26 Bakı komissarları” monumenti dağıdıldı, xalqımıza qarşı soyqırımın başında duran Şaumyan da daxil olmaqla digər "komissarların” abidələri də söküldü. Hətta alman filosofu, sosializm və kapitalizmin ən düzgün tərifini verən Karl Marksa da "acımadı”lar. Marksın Binəqədi yolunun üstündəki abidəsi də qaldırıldı.

Sona qalan Məşədi Əzizbəyov idi. Onun abidəsinin götürülüb-götürülməməsi ətrafında xeyli müzakirələr getdi. Məşədi Əzizbəyovu "bizdən biri” hesab edənlər, "o, xalq üçün çalışırdı” deyənlər oldusa da, sonunda o heykəl də tarix döngələrində yox oldu. Keçmiş kommunistlərdən abidəsi qalan yeganə şəxsiyyət Nəriman Nərimanovdur ki, bizcə, onun abidəsinin götürülməsinə heç kəs razı olmaz. Çünki N.Nərimanov həqiqətən millətini sevən, onun işıqlı gələcəyi üçün mübarizə aparan, bəzən yanılan, peşmançılıq çəkən, ziyalı, həkim, publisist, nasir... qısası, xalqın tarixində özünəməxsus yer tutan simadır.

İndi isə köhnə abidələr məsələsində tələskənlik edildiyi Milli Məclisdə bir daha səslənib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Rəfail Hüseynov sovet dövrü siyasi liderlərinin vaxtilə Azərbaycanda ucaldılmış abidələrinin məhv edilməsinə etirazını bildirib. MM-in Mədəniyyət komitəsinin iclasında komitə sədri deyib ki, keçmiş SSRİ liderlərinin heykəllərini yığıb bir yerdə saxlamaq lazım idi: "Mən o vaxt da təklif etdim, amma eşidən olmadı. Onlar bizim tarixdir. Qəmli də olsa, faktiki olaraq tariximizdir. "26 Bakı komissarı”nın, XI Qızıl Ordunun şərəfinə ucaldılmış və digər abidələr heç olmasa yığılıb bir yerdə saxlanmalı idi. Yeni nəsilləri həmin heykəllərlə tanış etməliydik. Məsələn, XI Qızıl Ordunun əslində xilaskar olmadığını həmin heykəl əsasında anlatmalıydıq. Həmin abidələri saxlamaqla gələcək nəslə məlumatları çatdırmaq daha asan olardı. Təəssüf ki, həmin heykəllər məhv edildi”.

Millət vəkili, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov da "Şərq”ə açıqlamasında R.Hüseynovun dediklərində həqiqət olduğunu bildirdi:

- Sovet liderlərinin Bakıda möhtəşəm abidələri vardı. Onların demək olar hamısı, sənət əsərləri idi. Onları istedadlı heykəltəraşlar hazırlamışdılar, zəhmət çəkmişdilər. Məsələn, Karl Marksın vaxtilə abidəsi olan yer indi də onun adıyla bağlanır. Çox adam o əraziyə "Karl Marksın heykəlinin ətrafı” deyir. Mən də belə düşünürəm ki, o heykəlləri harasa bir yerə toplayıb, qoruyub saxlamaq olardı. Kirovun, XI Qızıl Ordunun abidələri. Daha Şaumyanın abidəsinin qorunub saxlanması səviyyəsində yox, amma müəyyən abidələri, hardasa bir muzeydə, yaxud hansısa başqa məkanda qorumaq olardı. Düzdür, həmin şəxslərin fotoları, şəkilləri var, onlar haqqında dərsliklərdə də yazılır, başqa kitablarda da. Şagirdlər, yeniyetmə və gənclər tariximizi bu yolla öyrənirlər. Amma o abidələrdən bəzisinin qorunub saxlanmasında da mənfi bir hal olmazdı. Bilirsiz, 1980-ci illərin sonu 90-cı illərin əvvəlində şərait başqa idi. Çox məsələlərdə emosiyaların təsiri ilə hərəkət edilirdi. Bu da o dövr üçün təbii və qaçılmaz idi. Amma illər keçdikdən sonra fərqli baxışlar meydana gəlir, düşüncələr dəyişir. Məsələn mən, Bakı kəndlərindən birində restorana getmişdim, gördüm ki, orda divarda sovet dövrü liderlərinin fotoları var. Sözsüz ki, o fotolar ora keçmişə, sovet quruluşuna rəğbət rəmzi olaraq vurulmayıb, sadəcə, bir nostalji, xatirələrin canlanması məqsədi daşıyır və siyasətdən kənar, sadəcə estetik düşüncəyə xidmət edir. İndi ötüb keçənlərdən danışmağın əhəmiyyəti artıq yoxdur. O abidələr bir vaxtlar vardı, artıq yoxdular. Amma əlbəttə, saxlamaq da olardı. Məsələn, Qırğızıstanın paytaxtı Bişkekdə bir vaxtlar Frunzeyə qoyulmuş abidəni sökmədilər, bir qədər dəyişiklik edib qırğız xalqının azadlıq mübarizəsində iştirak etmiş xalq qəhrəmanına istinad etdilər. Yadımdadır ki, bizdə də belə fikirlər səslənirdi ki, Karl Marksın heykəli mərhum Xəlil Rza Ulutürkü xatırladır. O abidəni müəyyən dəyişikliklə başqa bir milli şəxsiyyətimizə aid edə bilərdik. Çünki abidələr həqiqətən monumental sənət əsərləri idi. Onları hazırlayan, illərlə zəhmət çəkmiş insanların əməyinə yazıq oldu.

N.Cəfərov qeyd etdi ki, bəzən köhnə abidələr tarixin daha yaxından əxz edilməsində rol oynayır:

- Gürcülər Stalinin heykəllərini saxlayırlar. Mən Qoridə Stalinin ev-muzeyində olmuşam, onun bir vaxtlar səfərə çıxdığı vaqonu da orda eksponat kimi saxlayırlar. Turistlər də bu cür eksponatlara, abidələrə böyük maraq göstərir.

N.Cəfərov hazırda İncəsənət Muzeyində qorunan "Güllələnmiş heykəllər”i də yada saldı:
- Çox yaxşıdır ki, o heykəlləri qoruyub saxlayırıq. Bu erməni vandalizminin, erməni vəhşiliyinin bir sübutudur. Biz gərək o heykəlləri də, onların taleyini də ölkəmizə gələn qonaqlara danışaq, onlara bu heykəlləri göstərək.

Təhsil məsələləri üzrə ekspert, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov "Şərq”ə açıqlamasında qeyd etdi ki, dövlətçilik tarixində, mənfi ya müsbət fərq etməz, yeri olan hər bir mərhələ yaşadılmalıdır:

- Hər bir xalqın müstəqillik yolunda uğurları, qələbələri, eyni zamanda məğlubiyyətləri də olub. Nə olursa, olsun, tariximizə aid hər bir xatirə qorunub saxlanmalıdır. Almaniyanı ikiyə bölmüş divarlar indi də yerindədir və qorunur. Çünki bu, bir xalqın azadlıq mübarizəsi tarixinin mərhələsidir. Azərbaycan tarixində də gəlmiş-keçmiş şəxslərin abidələrini də kütləvi şəkildə deyil, amma simvolik olaraq müəyyən sayda saxlamaq yaxşı olardı. 

Bəli, bizim kifayət qədər milli-mədəniyyət abidələrimiz var, tarix dərsliklərimiz də Azərbaycanın dövlətçilik yolunda keçdiyi mərhələlər ardıcıllıqla yazılıb. Xronologiyaya da kifayət qədər yer verilib. Amma tarixdə adı keçən və Azərbaycan tarixində də hansısa dərəcədə rol oynamış şəxslərin abidələri əyani vəsait, eksponat kimi saxlansaydı, məncə, tarixin mənimsənilməsinə kömək etmiş olardı.

Məlahət Rzayeva