ŞÜAR: "Əsgərliyə gedəndə ya qəhrəman olmaq lazımdır, ya da şəhid" - Deputat





"Azərbaycanlı ailələrin əksəriyyətində iki, ən yaxşı halda üç övlad var. Tək oğulu olan ailələr kifayət qədər çoxdur”.

Bunu "Sherg”a ailənin tək oğlunun ön cəbhədə hərbi xidmət keçməməsi barədə müzakirələrə münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə söyləyib. 

Onun sözlərinə görə, belə qayda tətbiq olunarsa, Azərbaycan ordusu cəbhə xəttində əsgər qıtlığı yaşaya bilər:

"Ona görə, sözügedən məsələ barədə danışanda insan çətinlik çəkir. Azərbaycanın itkisi var, bir ailənin kədəri bütün xalqın kədərinə çevrilib. 10 milyon nəfərin hamısı həmin ailənin dərdi ilə yaşayır. Amma qeyd etdiyim kimi, belə fərq qoysaq, bu, sonradan ordumuz üçün problemə çevrilə bilər.

İstənilən halda, Azərbaycan problemin sülh yolu ilə həllinin tərəfdarıdır və buna çalışır. Əsgərlərimizin, müddətdən artıq xidmət edən hərbçilərimizin, zabitlərimizin can güvənliyi təmin edilir. Belə istisna halların qarşısını almaq üçün ciddi tədbirlər görülür. Heç bir hadisə diqqətdən kənarda qalmır”.

Bu mövzunun çox həssas olduğunu söyləyən deputat bu barədə danışmağın çətin olduğunu deyib:

"Şəhid xəbəri barədə danışmaq çox ağırdır. Bir ailə faciə ilə üzləşdi və milyonlarla insan onların kədərini bölüşür. Təkcə bir ailə öz övladını itirmədi, dövlət də dəyərli bir vətəndaşını itirdi. Bir şüar olaraq tez-tez səsləndirilir: əsgərliyə gedəndə ya qəhrəman olmaq lazımdır, ya da şəhid. Adil Tatarov da həm qəhrəman, həm də şəhid oldu. Kaş, sadəcə qəhrəman olardı. Söz tapa bilmirəm. Allah şəhidimizə rəhmət etsin”.

Qeyd edək ki, ötən gün şəhid olan Tatarov Adil Əli oğlu evin tək oğlu, dörd bacının bir qardaşı olub. Bu səbəbdən, evin tək oğlunun ön cəbhədə hərbi xidmət təkliflər mətbuatda və sosial şəbəkələrdə geniş vüsət aldı, müzakirə edildi.

Aysel Aslan