“Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər”





Ötən illərə nəzər saldıqda şahidi oluruq ki, Azərbaycan qısa müddət ərzində bütün sahələr üzrə çox böyük nailiyyətlərə müyəssər olub. Heç kimə sirr deyil ki, Ulu Öndərin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə analoqsuz tərəqqi yaşanır. Azərbaycan sosial məsələlərin həllində, iqtisadi inkişafda, infrastruktur layihələrinin icrasında inamla irəliləyir.

Ölkədə əhalinin sosial şəraitini yaxşılaşdırmaq və işsizliyi aradan qaldırmaq məqsədilə yeni iş yerləri açılır. Enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun önəmli qolları hesab olunan kənd təsərrüfatı və turizm sahələrinin inkişafı istiqamətində mütərəqqi proqramlar həyata keçirilir. Bu mənada deyə bilərik ki, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin və ya bütövlükdə hər bir vətəndaşın maddi rifah halının yüksəlməsi ölkə rəhbərliyinin qarşıya qoyduğu prioritet məsələlərdir. Birmənalı olaraq iddia edə bilərik ki, bu dinamika bütün sahələri, eləcə də paytaxt Bakı ilə yanaşı regionlarımızı da əhatə edir.

Suraxanı çiçəklənir

Ölkəmizin hər bölgəsində qarşılaşdığımız mövcud çiçəklənməni Bakının Suraxanı rayonunda da müşahidə etmək mümkündür. Bu rayonda həyata keçirilən sosial, iqtisadi proqramlar, aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, Suraxanı rayonunu sosial rifahın, tərəqqinin, əmin-amanlığın yeni ünvanına çevirib.

Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun "2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr haqqında” hesabat yığıncağında söylədikləri fikirlərimizin əsaslı isbatı hesab oluna bilər.

İnsanların həyat şəraiti yaxşılaşdırılır

İ.Abbasov bildirib:
Son illər ərzində Prezident İlham Əliyev tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədyönlü və düşünülmüş islahatlar, ölkəmizin bütün regionlarında, o cümlədən Suraxanı rayonunda da iqtisadiyyatın sürətli inkişafını, insanların yaşayış şəraitinin yaxşılaşmasını, yoxsulluğun aradan qaldırılması, işsizliyin azaldılmasını, sabitliyin möhkəmlənməsini təmin edib. Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, inamlı və stabil inkişafı ölkəmizin Prezidenti ilə birbaşa bağlıdır. Möhtərəm İlham Əliyev öz iradəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid məqsəd uğrunda səfərbər edən və arxasınca aparan əvəzolunmaz liderdir”.

Rayonda görülən işlərlə bağlı açıqlanan rəqəmlər İ.Abbasovun sözdə deyil, əməldə təəssübkeş, işgüzar, bacarıqlı, qayğıkeş və fədakar bir başçı olduğunu təzahür etdirir:

"Məsələn, rayonda əvvəlki ilə nisbətən bu il sənaye məhsulunun istehsalı 145 faiz, əsas kapitala yönəldilən investisiyalar 211 faiz, kənd təsərrüfatı 163 faiz, pərakəndə ticarət dövriyyəsi 224 faiz təşkil edib, nəqliyyat xidmətləri 3 dəfə artıb. Orta aylıq əmək haqqı 611 manat olub. Əhaliyə 222,0 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 4840 yeni daimi iş yeri açılıb.

Yenidənqurma layihələri uğurla icra olunur

Bundan başqa, rayonda mühüm yenidənqurma layihələri reallaşdırılıb:
"Küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 306,3 min kvadratmetr asfalt örtüyü çəkilib, 95 min kvadratmetrdən çox sahədə cari təmir işləri aparılıb. Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur və Zığ qəsəbələrini birləşdirən, uzunluğu 2 kilometr olan avtomobil yolu, Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən, uzunluğu 12 kilometr olan yolun 3 kilometrlik hissəsi yenidən qurulub. Zığ və Hövsan qəsəbələrini birləşdirən 6,8 kilometrlik avtomobil yolu yenidən qurulur”.
Eyni zamanda vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün bir sıra önəmli tədbirlər həyata keçirilib: "Yəni Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Hövsan qəsəbəsinin qərb hissəsində Dövlət Neft Şirkətinin daimi istifadəsində olan 20 hektar sənaye təyinatlı torpaq sahəsinin kateqoriyası dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilib. Həmin ərazidə 3200 mənzilli, 12 min nəfərin yaşaya biləcəyi 7-10 mərtəbəli binalardan ibarət yaşayış kompleksinin, məktəbin və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub”.
2003-cü ildən bəri Suraxanıda 31 dəfə səfərdə olan və rayonun inkişafına daim böyük diqqət göstərən Prezident İlham Əliyev ötən il dekabr ayının 24-də Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə MİDA-nın ikinci layihəsi olan Hövsan yaşayış kompleksində tikiləcək ilk 7 mərtəbəli binanın təməlqoyma mərasimində iştirak edib”.

Həmçinin qeyd etmək yerinə düşər ki, rayon əhalisinin su problemi yaşamaması üçün xeyli addımlar atılıb:

Əhalinin su, qaz və elektrik enerjisinə olan tələbatı ödənilir

"17,8 min poqonometr su və 832 poqonometr kanalizasiya xətləri çəkilib, görülən işlər nəticəsində rayon əhalisinin 58 faizi qrafiklə, 38 faizi isə fasiləsiz su ilə təmin olunub.

Qaraçuxur qəsəbəsində yerləşən "S. Steel Company” şirkətinin qarşısındakı dairədən Əmircan qəsəbəsinin Səttar Bəhlulzadə dairəsinədək yolda və Yeni Suraxanı qəsəbəsinin Səttar Bəhlulzadə, Atamoğlan Rzayev və Xanlar Ələkbərov küçələrində "Azərsu” ASC tərəfindən qəzalı vəziyyətdə olan 2 ədəd 400 millimetr diametrli su xətti dəyişdirilib, 6820 metr uzunluğunda müxtəlif diametrli yeni xətlər çəkilərək istifadəyə verilib. Ümumiyyətlə, reallaşdırılan bu və ya digər tədbirlər nəticəsində Əmircan və Yeni Suraxanı qəsəbələrində 8 min nəfərin su təchizatı yaxşılaşdırılıb.
Hazırda Qaraçuxur qəsəbəsinin Etibar Bəkirli küçəsində 100-ə yaxın fərdi yaşayış evinin altından keçən qəzalı su xəttinin ləğv edilərək daha təhlükəsiz əraziyə köçürülməsi və həmin küçədə 2800 poqonometr, Bülbülə qəsəbəsinin Səttar Bəhlulzadə, Vüqar Bədəlov küçələrində 6000 poqonometr, Əmircan qəsəbəsinin Elxan Həsənov, Malik Mustafayev və Zülal Tağıyev küçələrində 5500 poqonometr yeni su şəbəkələri qurulur”.

Rayonda əhalinin qaz və elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün də xeyli nəzərəçarpan işlər görülüb: "19,2 kilometr yeni qaz kəməri çəkilib və ya əsaslı təmir olunub, 3 ədəd yüksəkgərginlikli elektrik yarımstansiyasının binasında və ətrafında təmir-abadlıq işləri aparılıb, 5 elektrik yarımstansiyasında transformatorlar daha güclüləri ilə əvəzlənib, 5360 metr kabel çəkilib və hazırda rayon əhalisinin 100 faizi elektrik enerjisi ilə, 98 faizi isə məişət qazı ilə təmin olunur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət mərkəzi”nin xüsusi avtobusları vasitəsilə 2017-ci ilin fevral-mart aylarında Yeni Suraxanı, Zığ və Hövsan qəsəbələrində 1104 nəfər vətəndaşa səyyar formada xidmət göstərilib.

Əhalinin istiliklə təminatını daha da yaxşılaşdırmaq üçün məhəllədaxili və binadaxili istilik sistemlərində təmir-bərpa işləri görülüb, 1850 poqonometr istilik xətti dəyişdirilib, qarlı-buzlu hava şəraiti üçün qum və duz ehtiyatı yığılıb, maşın və mexanizmlər saz vəziyyətə gətirilib. İstilik sisteminə qoşulan 324 çoxmərtəbəli yaşayış binası, 34 məktəb, 35 uşaq bağçası və 12 səhiyyə obyektinin hər birinə qış mövsümündə istilik verilişi təmin olunub.

Müasir binalar tikilir

Rayonda yararsız və ya qəzalı vəziyyətdə olan mənzillər sökülərək yerində müasir standartlara cavab verən binalar inşa olunur:

"Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 34, 36 və Qəzənfər Vəliyev küçəsi, 13 ünvanlarında yerləşən istismara yararsız evlərin yerində çoxmərtəbəli yaşayış binaları tikilir.
Həmçinin balansdakı yaşayış binalarının dam örtükləri, pilləkən qəfəsləri təmir olunub, zirzəmilər çirkab sulardan təmizlənib, mühəndis-kommunikasiya sistemlərinin, lift təsərrüfatının işlək vəziyyətdə saxlanılmasına daim diqqət yetirilib.

Hövsan qəsəbəsində 9 ədəd çoxmənzilli yaşayış binası təmir edilib, rayonun mənzil-kommunal birlikləri tərəfindən 40-a yaxın çoxmənzilli yaşayış binasının həyətləri abadlaşdırılıb.
Rayonda 20 "Nümunəvi abad məhəllə” salınıb. İDEA İctimai Birliyinin təşəbbüsü ilə "Abad həyət - Sağlam həyat” layihəsi çərçivəsində Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə 1, 2, 3, 4, 5 və 6 saylı yaşayış binalarının həyətində abad məhəllənin salınması işləri davam etdirilir”.

Qarabağ qaziləri və şahid ailələrinə qayğı...

Rayonda Qarabağ qaziləri və şahid ailələrinə xüsusi diqqət var: "Bir bələdiyyə-azı bir layihə” proqramı çərçivəsində Bülbülə qəsəbəsində Şəhidlər xiyabanı əsaslı şəkildə yenidən qurulub, Hövsan qəsəbəsində "1941-1945” abidə kompleksi əsaslı təmir edilib. Qaraçuxur qəsəbəsində Ə.Mehbalıyev küçəsində "Vətən şəhidləri unudulmur” abidə kompleksində isə yenidənqurma işlərinə başlanılıb.
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun yaşadığı Əmircan qəsəbəsi, 8/6 saylı binanın üzərində quraşdırılmış xatirə lövhəsinin təntənəli açılışı ilə əlaqədar ətraf sahələr abadlaşdırılıb, həyətlərdə oturacaqlar quraşdırılıb, yaşıllıqlar salınıb. Ümumilikdə, rayon üzrə 19 ünvanda 63 şəhidin xatirəsini əbədiləşdirən xatirə kompleksləri əsaslı təmir olunub və ya yeniləri tikilib”.

Ekoloji çirklənmənin qarşısı alınır

Suraxanıda ekoloji çirklənmənin qarşısının alınması ilə bağlı yaşıllaşdırma işləri daim diqqət mərkəzindədir: "Suraxanıda ətraf mühitin yaxşılaşdırılması üçün neft əməliyyatı şirkətləri tərəfindən ümumi sahəsi 1,5 hektar olan 45 gölməçə qurudulub və müxtəlif növ tullantılardan təmizlənib, lay suları, habelə neftlə çirklənən 9,8 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub. Həmin ərazilərdə qazon və ağaclar əkilib.
Ekoloji vəziyyətin yaxşılaşmasına mütəmadi keçirilən iməciliklər də müsbət təsir göstərib. Belə ki, hesabat dövründə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən 16 ümumrayon iməciliyində 7562 ədəd ağac əkilib”.

Yeni iş yerləri açılır

Rayonda əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsinə də mühüm önəm verilib: "Rayonda 1435 yeni iş yerinin açılması, abadlıq, yaşıllaşdırma və çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işlərinə rayon MKTB-yə 36-sı məcburi köçkün olmaqla cəmi 568 nəfər işaxtaran şəxs, digər qurumlarda isə 662 nəfər vətəndaş cəlb edilib. Rayon Məşğulluq Mərkəzi tərəfindən 898 nəfər işlə təmin edilib, 158 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə birgə növbəti 12-ci işgüzar forum keçirilib. Hövsan qəsəbəsində yaradılmış zeytunçuluq təsərrüfatına 3,6 milyon manat güzəştli kredit verilib. 113 yeni iş yerinin yaradılacağı nəzərdə tutulub.

Rayonda məcburi köçkün ailələrinin problemlərinin həlli diqqət mərkəzində saxlanılır: "Məcburi köçkünlərin məskunlaşdığı Hövsan qəsəbəsindəki "Gilavar” uşaq bağçasının və H.Quliyev küçəsi, 22 saylı ünvandakı yataqxananın, Bülbülə qəsəbəsindəki "Azərtuneltikinti” şirkətinə məxsus yataqxananın dam örtükləri təmir edilib, rayon ərazisində məcburi köçkünlərin sıx məskunlaşdığı binalarda 426 ailə fərdi sayğacla təmin olunub, yurd-yuvalarından didərgin düşən insanların bir çox məişət problemləri həll edilib.

Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərlə tez-tez səyyar görüşlər keçirir: "2017-ci il ərzində 2905 nəfərin iştirakı ilə 51 səyyar görüş-qəbul keçirilib. 574 nəfər vətəndaş qəbul edilib. Qəbullarda səslənən müraciətlərin əksəriyyəti müsbət həll edilib, digər məsələlərlə bağlı aidiyyəti qurumlara müraciətlər göndərilib”.

Rayonda turizm inkişaf edir

Rayona turist axını ilbəil artır:

"Ötən il "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu 30751 nəfər ziyarətçi qəbul edib. Bu da 2016-cı illə müqayisədə 27 faiz çoxdur”.
Burada uşaq, yeniyetmə və gənclərə də çox böyük diqqət, qayğı göstərilir: "Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2017-ci ildə Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi ilə bağlı 97 tədbir keçirilib. Ümumilikdə bu tədbirlərin rayon mərhələsində 17610 uşaq, yeniyetmə və gənc iştirak edib. Dövlət İdman Siyasətinin həyata keçirilməsi ilə bağlı 101 tədbir təşkil olunub ki, ümumilikdə bu tədbirlərdə 18023 idmançı iştirak edib”.

Bütün tarixi günlər qeyd olunur

Həmçinin rayon icra hakimiyyətində və bu rayonda fəaliyyət göstərən orta məktəblərdə, eləcə də digər müəssisələrdə bütün tarixi günlər- 20 yanvar, Xocalı faciəsi, 31 Mart Soyqırımı, Aprel hadisələri ilə bağlı maarifləndirici və vətənpərvər ruhda tədbirlər təşkil olunur. Şagirdlər və sıravi vətəndaşlar maarifləndirilir. Bundan başqa, rayonda bütün bayramlar məxsusi qeyd olunur və bayramöncəsi aztəminatlı ailələrə ərzaq yardımları verilir”.

Ayyət Əhməd

Məqalə "Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.