“Sürətli sürəcəm, kim istəmir, saxlayım düşsün”




Avtobus sürücülərinin özbaşınalığı barədə daim mətbuatda yazılsa da, onlar sərnişinlərə qarşı kobud rəftardan tutmuş, yol hərəkəti qaydalarını pozmağa qədər özbaşınalıq etməkdən çəkinmirlər. İctimai

nəqliyyat bir nəfərin deyil, böyük bir kütlənin taleyini həll edir. Hər gün hansısa avtobusun qəza törətməsi barədə xəbərlər yayılır. Yüksək sürət həddi isə əsas səbəblərdəndir.

Bu sahədə sürücülərə dəfələrlə xəbərdarlıq edilməsinin, maarifləndirici məlumatlar yayılmasının şahidi olsaq da, nəticə heç də gözlənilən qədər ürəkaçan olmur. Görünür, təbliğat hələ lazım olacaq səviyyədə deyil. Elə mövzu ilə bağlı Günel Sabirli də ictimai nəqliyyatdan narazılığını qeyd edib. O bildirib ki, Səməd Vurğun bağından "Neftçilər” metrosuna doğru hərəkət istiqamətində fəaliyyət göstərən 32 nömrəli avtobusda sürücü-sərnişin münasibəti, yüksək sürət həddi və gecikmə, həmçinin dayanacaqdan kənarda aid oldu-olmadı saxlamalar ilə bağlı yetəri qədər şikayətləri var: "Bu barədə bir deyil, dəfələrlə aidiyyəti qurumlara müraciətlər olunub. Amma yenə də eyni davranışlarla qarşılaşırıq. İş o yerə gəlib çatıb ki, hətta, 22 dekabr 2016-cı il tarixində saat 18:30 radələrində 10-TG-775 dövlət nömrə nişanlı avtobusu idarə edən sürücü "Xətai” metrosundan üzü Nobel prospektinə doğru hərəkət edərkən sərnişinlərin diqqətinə bir məqamı çatdıraraq vurğuladı ki, "Bax, möhkəm sürəcəyəm, heç kim söz deməsin, kimə xoş deyilsə, saxlayım indidən düşsün”. Avtobusda içi mən qarışıq hər kəs buna sərt reaksiyasını bildirdi və sürücü qeyd etdi ki, yarım saatdır 28-də "probkadayam”. Sürücünün öz dili ilə desək, əgər bu sürücüyə də tıxacda qalmaq xoş deyilsə, o zaman o da işindən azad edilsin. Çünki burda onlarla sərnişinin taleyi həll olunur”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev müraciət əsasında araşdırmaların aparıldığını deyib: 

"Dövlət nömrə nişanı yoxlanıldı və həqiqətən də qeyd edilən nömrə 32 saylı marşrut xətti üzrə hərəkət edir. Avtobusu işlədən daşıyıcıya bu barədə məlumat verildi. Həmin saatda sükan arxasında hansı sürücü olubsa, daşıyıcı ilə birlikdə BNA-ya dəvət olunacaq, tədbir görülüb məlumat veriləcək”.

M.Ağayevin dediyinə görə, sürücüyə artıq xəbərdarlıq olunub: "Ötən gün sürücü bura çağırıldı və izahatı alındı. Ona son xəbərdarlıq edildi ki, bir də bu cür hallara yol verilsə, işdən azad ediləcək. Sürücü ilə yanaşı daşıyıcıya da tapşırıldı ki, digər sürücülərlə də təlimatlandırıcı söhbətlər aparsın”.

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı avtobus sürücülərinin əksəriyyətində özbaşınalıqların olduğunu deyib. Onun sözlərinə görə, xoşagəlməz halların azalması üçün ictimai nəqliyyatlara nəzarəti daha da gücləndirmək lazımdır: 

"Bu hadisə sürücünün işlədiyi şirkətin nəzarətsiz formada fəaliyyət göstərməsini sübut edir. Açıq-aşkar aydındır ki, sürücü həm özünə güvənir, həm də çalışdığı şirkət tərəfindən onda bir arxayınçılıq formalaşıb. Ona görə də belə sürücülərlə bağlı materiallar dərhal aidiyyəti orqanlara göndərilməlidir. BNA bununla bağlı fəaliyyət göstərir və belə müraciətlərə dərhal reaksiya verirlər. Son vaxtlar avtobuslarda müşahidə kameraları quraşdırılır. Görünür, o avtobusda kamera olmayıb, olsa da bəzi sürücülər onun çarəsini tapıblar. 

Kameranın üzərinə papaq atırlar, ya da kameranı söndürürlər. Güman etmirəm ki, belə sürücü ictimai nəqliyyatda qalmalıdır. Belə hallarla bağlı BNA maraqlı bir yenilik hazırlayıb. Agentlik bütün avtobus sürücüləri ilə bağlı elektron baza formalaşdırır. Bu bazada sürücülər haqqında məlumat yerləşdirilir və onun kim olduğu aydın şəkildə görünür. Əgər bir şirkət sürücünü qovubsa, elektron bazada əsaslandırılır və səbəb qeyd olunur. Gələcəkdə hansısa şirkət həmin sürücünü işə götürmək istəyəndə elektron bazaya baxır və etdiyi hərəkətlər üzə çıxır. 

Çox istərdim ki, elektron bazanın formalaşması yaxın vaxtlarda baş tutsun. Əslində bu ideyanı BNA-nın direktoru Vüsal Kərimli verdi və çox bəyəndim. Avtobus sürücüləri də özlərini yığışdırsınlar və bilsinlər ki, iş tapmaq çətin olacaq. Bununla biz nəyəsə nail ola bilərik. Əgər şirkət psixoloji durumu yerində olmayan, dəfələrlə qəza törədən sürücünü işə götürürsə məsuliyyəti dərk etməlidir. Kameraların bütün avtobuslarda quraşdırılması yaxşı olardı ki, bu cür sərnişin-sürücü münasibətlərində problem aradan qalxsın”.

E.Muradlı həmçinin bildirib ki, avtobusların üzərində olan "141” qaynat xətt lövhəciyi belə hallar üçün nəzərdə tutulub. Amma insanlar 141-in nə olduğunu bilmir:

"Çox adam soruşur ki, avtobusun neçə nömrəsi var? Bu lövhəni qaydaya salmaq olardı. Vətəndaşlar bilsin ki, sürücülərlə bağlı şikayət olanda hara müraciət edə bilərlər. Problemlər yarananda sərnişin avtobusdan düşməmiş yığsın, şikayətini bildirsin və avtobus son dayanacağa çatmamış dərhal nümayəndələr gəlib məsələni araşdırsın. Bu işləri görürlər, lakin bir az diqqətsizliyə yol verirlər. Məsələn, sorğu keçirib vətəndaşlardan soruşsaq ki, "141” nə üçündür, onların məlumatı olmadığı üçün deyə bilməyəcəklər. 32 nömrəli avtobusun sürücüsü özünə necə arxayındırsa, sərnişinlərə xəbərdarlıq edir. Necə yəni kim istəmir düşsün? Adama deyərlər ki, bu sənin şəxsi avtobusun deyil. Sən sərnişindaşıma fəaliyyəti ilə məşğulsan. Belə etməklə insanları ölümə aparırsan!”.

Yeganə Bayramova