Suriyada ən böyük güc Rusiyadır

Lavrovun buna dair mesaj verməsinə ehtiyac yoxdur



Hmeymimdə və Tartusdakı Rusiya hərbi bazaları Suriyada anti-terror əməliyyatları keçirməyə kifayət edir. Məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov kiprli həmkarı İoannis Kisulidislə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Suriya hökumətinin xahişi ilə keçirdiyimiz anti-terror əməliyyatlarının vacib parametrlərini təmin etmək baxımından Hmeymimdəki və Tartusdakı hərbi bazalarımızın çoğrafi vəziyyəti olduqca əlverişlidir.

Lavrovun açıqlamasını şərh edən politoloq Elxan Mehdiyev "Şərq”ə açıqlamasında vurğulayıb ki, əvvəldən Rusiyanın orada dəniz donanması və bazası var idi. İndi isə həmin ərazidə hərbi hava qüvvələrinin bazasını və hava hücumundan müdafiə sistemi qurub: "Suriyada ən böyük güc Rusiyadır. Bunu dünya da bilir. Lavrovun buna dair mesaj verməsinə ehtiyac yoxdur. Lavrovun bəyanatı reallığı əks etdirir. Yəni orada terrora qarşı mübarizədən daha böyük fəaliyyət üçün silahlı qüvvələr və müasir texnika var. Bəşər Əsəd rejimini hava hücumlarından müdafiə etmək üçün Rusiyanın böyük qüvvələri var. Bu mənada Moskva orada həm rejimin müdafiəsi, həm də İŞİD-ə qarşı mübarizədə ən böyük qüvvəyə malikdir desək yanılmarıq”.

Ayyət Əhməd