Suriyada sülhə nail olmaq hələ mümkün deyil

Çünki ABŞ və Qərb alyansı birmənalı şəkildə Astana danışıqlarının qarşısında fərqli format - Cenevrə danışıqlarını ortaya qoyub



Dünən Astanada Suriya böhranının müzakirəsi üzrə danışıqların IX raundu başlayıb. İkigünlük görüş zamanı tərəflər bundan əvvəlki Astana görüşünün nəticələrini və gələcək planları müzakirə edəcəklər.

Görüşlərə Rusiya, Türkiyə, İran, Suriya hökuməti və müxalifət qatılacaq. Həmçinin, görüşlər çərçivəsində qarant ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli və üçtərəfli danışıqlar nəzərdə tutulub. Məlumat üçün deyək ki, ABŞ-ın nümayəndə heyəti danışıqların bu mərhələsində iştirakdan imtina edib.

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Astana formatında iştirak edən ölkələrin birgə səylərinə baxmayaraq, Suriyada sülhə nail olmaq hələ çox uzaqdadır. Çünki ABŞ və Qərb alyansı birmənalı şəkildə Astana danışıqlarının qarşısında fərqli format - Cenevrə danışıqlarını ortaya qoyub: 

"Cenevrə danışıqları BMT-nin mandatı əsasında keçirilir və daha çox beynəlxalq dəstəyə malikdir. 

Bu baxımdan Rusiyanın Astana formatı uğursuz və Suriyada hər hansı siyasi həllə aparacaq gücdə deyil. ABŞ və Qərb koalisiyası Suriya münaqişəsindən kənara çəkilərsə, paralel olaraq Astana formatına dəstək verərsə, bu formatda Suriyada sülh mümkündür. Rusiyanın moderatorluğu ilə aparılan formata etimad azdır”. 

Ekspertin sözlərinə görə, Suriyada maraqlı güclərin toqquşması getdikcə intensivləşir: 

"Suriya ərazisində İranla İsrail arasında lokal müharibə gedir. Müharibənin miqyası genişləndikcə, regionda sülhə nail olmaq çətin olacaq”.

İsmayıl