"İstənilən imtahan qanunvericiliyə uyğun Dövlət İmtahan Mərkəzinin (DİM) səlahiyyətinə verilsə, təşkil edə bilərik”.
Bunu "Sherg.az”a sürücülük imtahanlarının DİM-in səlahiyyətinə verilməsi təkliflərindən danışarkən qurumun mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə söyləyib:
"Təbii ki, bu hələlik sadəcə təklifdir. Sürücülük imtahanları yalnız qanunvericiliklə DİM-in səlahiyyətlərinə verilə bilər”.
Məsələ barədə fikirlərini bölüşən nəqliyyat eksperti Ərşad Hüseynov isə deyib ki, imtahanın hansı qurumun nəzarətində olması əsas deyil. Onun sözlərinə görə, qanunlar tam dürüst, dəqiq şəkildə icra olunmalı, icrasına nəzarət edilməlidir:"Sürücülük vəsiqəsinin qanunları bir qədər fərqlidir. Sürücülük imtahanları həftənin bütün iş günləri keçirilə bilər. DİM isə keçirdiyi imtahanları adətən həftə sonunda təşkil edir.
Sürücülük imtahanlarının keçirilmə mexanizmi qanunvericilikdə müəyyən olunub. Hazırda məsələ ilə əlaqədar standartlar var. Bu imtahanları yol polisi həyata keçirir. Kənd Təsərrüfatı Nazirliyi isə xüsusi texnika ilə təchizatı aparır. Qeyd etdiyim kimi, əsas məsələ imtahanı aparan orqan deyil, burada qanunçuluğun yüksək səviyyədə təmin edilməsidir”.
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov isə düşünür ki, hazırda sürücülük imtahanına yaxşı hazırlaşan hər kəs uğurla keçir:"Burada dərin məsələ odur ki, yol hərəkət qaydalarını yaxşı bilən, nəzəri cəhətdən çox savadlı olan şəxs peşəkarlıq səviyyəsinə uyğun gəlməyə bilər. Çünki avtomobil idarə etmək şəxsin bacarıqlarından, vərdişlərindən çox asılıdır. Məsələn, ola bilər, sürücünün reaksiyası, bacarığı nisbətən zəifdir. Maşın sürmə məharətini sürücülər qavramalı və ona uyğun yararlı olmalıdır.
Sürücülərin yararlılığını analiz etmək üçün iki bölmədən istifadə edirlər: onların psixofizioloji xüsusiyyətləri və fiziki sağlamlığı. Sürücülərin fiziki sağlamlığını həkimlər müəyyən edə bilirlər. Amma psixofizioloji xüsusiyyətlərini – onların qavramaları, bacarıqları, reaksiyası, dayanıqlığı bir anda öyrənilmir. Bu vərdiş müəyyən vaxt ərzində qazanılır. 100 nəfər nəzəri cəhətdən əla qiymət alan sürücünün psixofizioloji xüsusiyyətlərə görə ancaq 70 faizi yaxşı sürücü olacaq. Qalan 30 faizin bu məsələdə problemləri çıxacaq. Əvvəllər sürücülük kurslarında da təlimçilər bu məsələ ilə məşğul olurdu. İndi isə bu metodları tətbiq edən şəxslər çox azdır”.
F.Eyyyubov da razılaşır ki, əsas olan sürücülük imtahanının harada, necə götürülməsi deyil, keyfiyyətli qiymətləndirmə aparılmasıdır:
""Sürücü kütləviliyi” deyilən məfhum var. Bütün dünyada bu mövcuddur. Nəqliyyat vasitələrinin ölkəyə daxil olma sayı ilə sürücülərin hazırlanması arasında mütənasiblik yoxdur. Bir il ərzində hətta 90 minə yaxın nəqliyyat vasitəsi ölkəyə daxil olurdu. Biz o qədər keyfiyyətli sürücü hazırlaya bilirikmi? Məsələ tək imtahan deyil, bütün sürücülərin hazırlığına fikir vermək lazımdır. Sürücü hazırlığı sürücülərin yararlılığı, sürücü hazırlama prosesi, sürücülərin işləmə qabiliyyəti kimi məsələləri özündə birləşdirir”.
Aysel Aslan