Tacikistan prezidenti Emmoməli Rəhmon milli geyimlər haqqında qərar verib. Belə ki, prezident ənənə və ayinlərin təkmilləşdirilməsi haqqında qanuna düzəliş edib, həmin düzəlişlərə əsasən ölkə vətəndaşlarının milli geyim geyməsi məcburi olacaq. Qanunda qeyd edilir ki, fiziki və hüquqi şəxslər milli mədəniyyətin rəmzlərinə riayət etməlidirlər – dövlət dilini bilməli, milli geyim geyinməlidirlər. Qanunun pozulması halında cəzalar nəzərdə tutulub.
Son günlərdə sosial şəbəkələrdə müzakirə olunan bu mövzu ölkəmizdə də marağa səbəb olub. Hətta Azərbaycanda belə qanunun qəbul edilməsini arzulayanlar da az deyil. Bəs, həqiqətən, ölkəmizdə milli geyim məcburi olarsa, əsasən xanımlarımızın buna münasibəti necə olar?
Bu barədə "Sherg.az”a danışan "Bakı-Xəbər" qəzetinin əməkdaşı, jurnalist İradə Sarıyeva milli dəyərlərin təbliğinə çalışdığını deyib. Bu sahədə əlindən gələni edən jurnalistlərdən biri olan İ.Sarıyeva milli geyimlər məcburi olduğu halda sevərək geyinəcəyini bildirib:
"Hər ölkənin öz qanunu, milli ənənəsi, dəyərləri var. Bu birmənalı olaraq belədir. Hər bir Azərbaycan xanımı milli dəyərlərə, geyim mədəniyyətimizə, nənələrin əmanətinə böyük sayğı ilə yanaşmalıdır. Bunu kütləvi olmasa da ayrı-ayrı insanların timsalında görə bilirik. Milli geyimlərimiz ancaq səhnədə, xınayaxdı mərasimlərində ortalığa çıxarılmalı deyil. Qadın və qızlarımız könüllü olaraq bu geyimlərdən istifadə etməlidir. Yaxud geyim tikdirərkən milli naxış və ornamentlərdən istifadə etməlidir.
İndi kəlağayı dəbə minib. Çox təqdirəlayiq məsələdir. Özüm də kəlağayıdan istifadə edirəm, bir neçə çeşiddə kəlağayım var. Bu da milli geyim atributlarından biridir. Çox arzu edərdim ki, mediada olan xanımlar da daxil olmaqla üzdə olan qadınlar, qızlar milli geyimlər də geyinsin. Bu kütlə, qız və gəlinlər üçün olduqca maraqlı, əvəzsiz bir nümunə olar. Məcburiyyətin tərəfdarı deyiləm, könülsüz işin heç vaxt nəticəsi məqbul ola bilməz. Bu işə ürəkdən könül vermək lazımdır. Gəlin, ürəyimizin və damarlarımızdan axan qanın səsinə qulaq asaq. Nənələrimizin əmanəti yalnız səhnələrdə, teatr salonlarında yaşadılmasın, Novruz bayramlarında üzə çıxarılmasın, hər zaman üzdə olsun”.
Borçalı mahalında doğulduğunu xatırladan xanım jurnalist keçən əsrin 90-cı illərinə qədər qadınların, xüsusən də yaşlı nəsilin milli geyimdən istifadə etdiyini vurğulayıb:
"Bilirsiniz ki, tarixən hər bölgənin öz geyim tərzi olub. Bizim nənələr də Borçalıya - Qarapapaq qadınlarına xas tərzdə geyinirdilər. İnanın, bu o qədər gözəl görsənirdi ki. 7 taxtalı ətək, üstündən yaşa uyğun rənglərdən seçilmiş qofta, bellərində kəmər, başlarında dingə olardı. Bu böyük bir aləm idi. Təəssüf ki, son illər biz məişətdə geyim mədəniyyətimizdən uzaqlaşmışıq. Məncə, onu hər hansı bir formadasa geri qaytarmalıyıq.
Ümumiyyətlə, yerli modelyerlər, rəssam-dizaynerlər bu barədə düşünməlidir. Biz geyim mədəniyyətimizi tam itirdikdən sonra onu geri qaytara bilməyəcəyik”.
Azərbaycan Xalça Muzeyinin əməkdaşı Validə Məmmədova da milli geyimlərimizi çox sevir. O "Sherg.az”a açıqlamasında bildirib ki, milli geyimləri geyinmək onun üçün heç bir problem yaratmır:
"Düzdür, məcburən tətbiq edilməsini heç kim istəməz. Amma bizdə elə gözəl milli paltarlarımız var ki, geyinəndə əynindən çıxartmaq belə istəmirsən. Ona görə, hər hansı qanun qəbul edilsə, milli geyimlərimiz məcburi olsa, mən bu cür geyinməkdən zövq alaram”.
Jurnalist Günel Cəlilova da Tacikistanda belə qərar verilməsini normal qarşılayır. G. Cəlilova deyib ki, Azərbaycan milli geyimlərinin gündəlik geyimlər siyahısına salınmasının tərəfdarıdır:
"İstərdim ki, məcburi olmasa da ürəyi istəyən bu geyimlərdən geyinib, sərbəst şəkildə daşıya bilsin. Müasirliyi də başa düşmək lazımdır. Moda dünyası günü-gündən dəyişir və hər kəs modanı izləyə bilmir. Müasir geyimlə yanaşı, milli geyimlərimizin də çağdaş dövrdə geyinilməsi pis olmaz. Bizim çox gözəl milli geyimlərimiz var. Gündəlik həyatda olmasa belə toy-büsatlarda qədim geyimlərimizin geyinilməsini arzulayardım. Gəlinlərimiz gözəl milli geyimdə salona daxil olarsa, inanın ki, gəlinin bu jesti hər kəs tərəfindən xoş qarşılanar.
Eyni zamanda toyda iştirak edənlər analoji geyim növünə müraciət etsələr daha yaxşı olar. Bu zaman artıq heç bir qadın dükan-dükan gəzib ziyafət geyimi axtarmaz”.
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova isə Azərbaycanda Milli Geyim Gününün keçirilməsinin təşəbbüskarıdır. 2006-cı ildən indiyə qədər bütün gördüyü işlər bu yöndə olan G.Xəlilova bütün gücünü milli geyimlərimizin təbliğatına yönəltdiyini deyib:
"Milli geyimlərimizin gənc nəsil tərəfindən sevilməsi üçün müasir geyimləri milli elementlərlə - aksesuar, naxışlarla bəzəməyə çalışıram. Məşğul olduğum geyim formaları, üslublar çox olsa da, məhz milli geyimlərə xüsusi diqqətə ayırıram.
Əvvəllər gənclərə "Milli geyimlərimizi bəyənirsinizmi?” sualını verdikdə üz turşudurdular, bu geyimlərin ağır olduğunu deyirdilər. Ona görə, milli geyim kolleksiyamı hazırlayanda daha rahat geyim texnikasından istifadə etdim. Nəticədə hazırladığım milli geyimlər göründüyü kimi ağır deyillər. Hazırladığım milli geyim kolleksiyasının təbliğini isə televiziya aparıcılarımız vasitəsilə qurmağa çalışdım. Onlar milli bayramlarımızda məhz həmin geyimlərlə efirlərə çıxırdılar.
Artıq 17 ildir mən geyim sahəsi ilə məşğulam. 2006-cı ildən bu yana isə Milli Geyim Gününün təşkil olunması üçün söhbətlər aparılır. Hətta Mədəniyyət və Turizm Nazirliyinə bununla bağlı yazdığım məktuba bir neçə ay öncə müsbət cavab verilərək bildirildi ki, təklif qəbul oluna bilər”.
Dünyada da milli geyimlərimizi təbliğ etməyə çalışan Gülnarə Xəlilova getdiyi xarici ölkələrdə dəfilələr təşkil edir, milli geyim kolleksiyasını nümayiş etdirir:
"Əsas odur ki, bu yöndə istək olsun. Müasir zamanda milli, ağır geyimləri gündəlik daşımaq qeyri-mümkündür. Ona görə, hər hansı bir aksesuar, milli atributlarla gündəlik geyimlərimizi rəngləndirə bilərik. Bununla həm rahat geyim tərcih edər, həm də tariximizi yaşatmış olarıq.
Milli geyim günü təsdiq olunarsa, məhz həmin gündə hər kəs – gənclər, yaşlılar, kişilər və qadınlar milli geyimdə küçəyə çıxa bilər. Sırf milli geyim geyinən də olacaq, hər hansı bir elementi gündəlik geyimində istifadə edən də.
Milli geyim günündə çox maraqlı tədbirlər də həyata keçirə bilərik. Bu zaman turistlərin də ölkəmizə maraqları artacaq və xarici qonaqlar tariximizi, milli dəyərlərimizi böyük məmnuniyyətlə seyr edəcəklər.
Milli geyimlərin məcbur geyinilməsi barədə qanun düşünmürəm, qəbul olunsun. Lakin bunun da çarəsi var. Xüsusi eskizlərlə elə geyim nümunələri yaratmaq ola ki, insanların cibinə də uyğun olsun. Beləliklə, hər kəsin qarderobunda milli geyimlər öz yerini tutar.
Gələcək nəsillərə ötürülən milli geyim nümunələrimizi, tariximizi yaşatmaqla dəyərlərimizi öz adlarına çıxan başqa xalqlara bu cavab verə bilərik”.
Aysel Aslan