İqtisadçı bildirib ki, valyuta bazarında sabitlik davam edəcək
İqtisadçı-ekspert Pərviz Heydərov payız mövsümündə dolların kəskin bahalaşacağına dair iddiaların əsassız olduğunu deyib. Cari ilin yay aylarında valyuta bazarında sabitliyin müşahidə olunduğunu vurğulayan ekspertin qənaətincə, əslində elə bu proses ilin əvvəlindən bəri müşahidə olunan sabitliyin davamı idi: "Ümumiyyətlə, yayda manatın məzənnəsinin dəyişəcəyi heç proqnozlaşdırılmırdı da. Ən azından xarici turist axınının buna imkan verməyəcəyi göz qabağında idi”.
Ölkəmizdə manatın ABŞ dollarına nəzərən məzənnəsinin xeyli müddətdir sabit qalmasında bir sıra daxili və xarici faktorların rolu olduğunu qeyd edən P.Heydərov deyib ki, hökumətin apardığı müvafiq siyasətin, yəni sərt pul-kredit siyasəti yeridilməsinin, dövriyyədən nağd pul kütləsinin "çəkilməsinin”, kənara valyuta axınının qarşısının alınmasının, idxalın məhdudlaşdırılmasının, o cümlədən Neft Fondundan Mərkəzi Banka makroiqtisadi sabitlik naminə məlum transfertin buna çox böyük təsiri olub:
"Digər səbəb isə bu il xarici ticarət saldosu və tədiyyə balansında vəziyyətin keçən ildəkindən fərqli olaraq müsbətə doğru dəyişməsidir. Üçüncü amil isə bu il dünyada ABŞ dollarının bir o qədər də möhkəmlənməməsi ilə əlaqədardır. Yəni, FES tərəfindən iki dəfə faiz dərəcəsinin artırılmasına baxmayaraq, Amerika valyutası cari il ərzində çox da bahalaşmayıb. Sözsüz ki, bunda da neftin dünya bazar qiymətlərinin sabit qalması mühüm rol oynayıb”.
Bəzi ekspertlərin heç bir arqument gətirmədən ilin sonuna doğru valyuta bazarında sabitliyin pozulacağı və dolların bahalaşacağına dair proqnozlar verdiyini vurğulayan iqtisadçı tam əminliklə bu ilin sonunadək ABŞ milli valyutasının dünyanın heç bir valyutasına qarşı ciddi şəkildə bahalaşmayacağını bəyan edib:
"FES istiqamətindən gələn xəbərlər də təsdiqləyir ki, çox güman, cari ildə faiz artımına gedilməyəcək. Azərbaycan manatına gəldikdə isə, ilin sonunadək tədiyyə və xarici ticarət balansımızda mənfiyə doğru heç bir dəyişiklik gözləmirəm. O ki qaldı, hökumətin valyuta bazarında mövcud sabitliyi qoruyub saxlamaq məqsədilə apardığı müvafiq siyasətə, bu da davam etdiriləcək. Odur ki, ilin sonuna qədər manat və dollar münasibətində heç bir dəyişiklik gözlənilmir”.
Şəymən