"TANAP Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirəcək"





"Azərbaycan dünyada az ölkələrdəndir ki, öz ərazisinin uzunluğundan 4 dəfə çox uzunluğu olan layihə həyata keçirir”.

Bunu "Sherg.az”a "Cənub Qaz Dəhlizi" çərçivəsində açılış mərasimi baş tutan TANAP layihəsinin Azərbaycan üçün əhəmiyyətindən danışarkən millət vəkili Tahir Mirkişili söyləyib. 

O xatırladıb ki, bir neçə gün əvvəl açılış mərasimi keçirilən TANAP (Trans Anatolian Natural Gas Pipeline) layihəsi bu gün işə düşür:

"80 faizi Azərbaycana, 20 faizi Türkiyəyə məxsus olan bu boru xəttinin uzunluğu 1850 km-dir. Türkiyə ərazisində Ərdahan ərazisindən Əskişəhirə qədər uzanır. İldə 16 milyard kubmetr, 2026-cı ildən sonra isə 31 milyard kubmetr qaz nəql edəcək bu layihə dünyanın ən böyük layihəsi olan "Cənub Qaz Dəhlizi"nin əsas tərkib hissəsidir.

 Bu dəhlizin müəllifi Prezident İlham Əliyevdir. Avrasiya məkanında ən böyük layihəni icra etmək Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirəcək. Bu isə bütövlükdə regiona investisiyaların axınına və sülhün, əmin-amanlığın möhkəmlənməsinə səbəb olacaqdır”.

Qeyd edək ki, TANAP-ın açılış mərasimində çıxış edən prezident İlham Əliyev layihənin istismara verilməsini Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü adlandırıb:
"TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir”.

Aysel Aslan