"TANAP layihəsi "Cənub Qaz Dəhlizi"nin mühüm elementidir. Azərbaycanın təşəbbüsü ilə reallaşan bu layihə ölkəmizin beynəlxalq aləmdə, Avrasiyada mövqelərinin möhkəmlənməsinə müsbət təsir göstərir”.
Bunu "Sherg.az”a ötən gün açılış mərasimi baş tutan TANAP layihəsinın ölkəmizə qazandıracağı beynəlxalq dividentlər barədə danışarkən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov söyləyib.
O bildirib ki, TANAP layihəsi Azərbaycanın dünyanın enerji infrastrukturunu dəyişdiyini təsdiq edir:
"Bu ilk növbədə enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. TANAP həm də azad rəqabət, enerjinin şaxələndirilməsi layihəsidir. Dövlət başçısı dəfələrlə qeyd edib ki, meqalayihə bütün tərəflərin qazanc əldə etməsinə şərait yaradır. TANAP nəticə etibarı ilə çoxtərəfli əməkdaşlığın formalaşmasına gətirib çıxaran layihədir.
Bütövlükdə "Cənub Qaz Dəhlizi" ətrafında Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, İtaliya, Yunanıstan və Albaniya kimi ölkələrin sıx əməkdaşlığı formalaşıb. Balkanlardan Bosniya və Hersoqovina, Xarvatiya və Monteneqro da memorandum imzalayaraq, layihənin potensial iştirakçıları olublar. Əlavə olaraq, Rumıniya və Türkmənistan da layihəyə ciddi maraq göstərir. Görünən odur ki, "Cənub Qaz Dəhlizi" öz təsdiqini tapır”.
E.Nəsirov diqqətə çatdırıb ki, TANAP-ın işə düşməsi ilə Azərbaycan qazı Türkiyənin Qara dəniz sahillərinə qədər gətirilir:
"Bundan sonra isə TAP layihəsi ilə qazın Yunanıstana ötürülməsi reallaşdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyi üçün mühüm olan layihənin həyata keçirilməsinə vəsiqə verilir. Azərbaycan Avropa üçün yeni alternativ enerji mənbəyi rolunu oynayacaq. 2020-ci ildə 16 milyard qazın satışı gözlənilir. 2026-cı ildən başlayaraq, qazın ixracı daha da yüksələrək, 30 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır”.
Qeyd edək ki, prezident İlham Əliyev ötən gün keçirilən açılış mərasimində çıxış edərək, TANAP-ın bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsi olduğunu vurğulayıb:
"TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir”.
Aysel Aslan