"Tarixdə hər yeni gələn köhnənin izini silməli deyil"-Xalq şairi




"Məzarlarına "Müsavat cəlladları tərəfindən qətlə yetirilib” yazılan şəxslərin heç də hamısı müsavatçılar və Milli hökumət tərəfindən qətlə yetirilməyib”.

Bunu "Sherg.az”a Fəxri Xiyabanda bolşevik ideologiyasına xidmət edən bu şəxslərin məzarlarının yerləşməsi haqqında danışarkən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib. 

O bildirib ki, tarix hər kəsin qiymətini verir:

"Kim harada dəfn edilib, kimin məzar daşına nə yazılıbsa, heç bir önəmi yoxdur. Hər hakimiyyət dəyişikliyində belə məzarların yerini dəyişmək də düzgün deyil. Sovet dövründə həmin məzarlara o cür ifadə yazıblar. Qoy, camaat baxıb görsün ki, onun milli maraqlarını müdafiə edən milli hökumətinə kommunist rejimi hansı münasibət bəsləyib. 

Kommunist rejimindən sonra gələn Milli Hökumət də Müsavat dönəminə ləkə yaxanların dəyərini verdi. Məncə, tarixdə hər yeni gələn köhnənin izini silməli deyil. O izlər yaşamalıdır, zəncirvari davam edib, gələcək nəsillərə ötürülməlidir ki, tarixin keçidlərini görsün. Buna görə, məzarların, yazıların sürətlə dəyişdirilməsini məqbul hesab etmirəm. Bu tarixdir və tarix kimi də yaşamalı, qalmalıdır”.

Qeyd edək ki, Fəxri Xiyabanda dəfn edilən Əli Bayramov, Mirfəttah Musəvi, Haşım Əliyev, Qasım İsmayılov və başqalarının məzarlarının üstündə "əksinqilabçıların əli ilə qətlə yetirilib” sözləri hələ də qalır.

Aysel Aslan