Teatr müqəddəs yerdir
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
"Elm və mədəniyyətin hələ az yayıldığı ölkədə xalqın tərəqqisinə nail olmaq üçün ən güclü vasitələrdən biri teatrdır. Çünki hamıya - padşahdan tutmuş fərraşa qədər müyəssərdir və şüurların oyanmasına, zövqlərin tərbiyəsinə bilavasitə təsir göstərməyə qadirdir.
Mənim üçün teatr, Allahın insanlara bəxş elədiyi ruhun, gözəl hisslərin, arzuların, müxtəlif həyat ideyalarının yaşadığı, çarpışdığı bir məkandır. İnsanın daxili dünyasının aynasıdır. Teatr həm də xalqımızın tərcümanıdır. Bu məkan gözəl olduğu qədər, həm də ilahiləşmiş bir aləmdir”. İlyas Əfəndiyevin Azərbaycan teatrı haqqında söylədiyi bu maraqlı fikirlər bu gün xüsusilə əhəmiyyətini hiss etdirir. Bəli, teatr hər zamanın tərcümanı ola bilib. Bir millətin mədəniyyətini, onun tarix yolunu, kökünü təqdim etmək üçün teatr böyük gücə sahibdir.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin, xüsusilə Azərbaycan teatrının inkişafına xüsusi şəkildə yanaşıb. Məhz onun qayğısı və diqqəti ilə böyük tarixə malik Azərbaycan teatrı 20-ci əsrdə inkişaf dövrünü yaşaya bilib.
1873-cü il mart ayının 10-da Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" komediyasının tamaşaya qoyulması ilə Azərbaycan milli teatrının əsası qoyulub. Azərbaycanda milli teatrın yaradılmasından yüz ildən artıq zaman keçir və teatrımız o gündən bu günə qədər çox şərəfli, zəngin bir yol keçib. Milli teatrımızın yaradılmasında Həsən bəy Zərdabinin misilsiz xidmətləri var. İlk teatr binasını məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev tikdirib.
Bunlar hamısı tariximizin qızıl səhifələridir və hər zaman öyündüyümüz hadisələrdir.
Teatr aləmində nəsillər biri - tapmasında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Möhsün Sənani, Fatma Qədiri, Münəvvər Kələntərli, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı, Mərziyə Davudova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Yusif Vəliyev, Barat Şəkinskaya, Səməndər Rzayev, Leyla Bədirbəyli, Hökumə Qurbanova rolu əvəzsiz olub. Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, təbliğində, estetik zövqün formalaşmasında, maariflənmənin sürətlənməsində mühüm vəzifələr yerinə yetirərək mütərəqqi ideyaların əsl carçısına çevrildi. Heydər Əliyev teatrla bağlı deyirdi: "Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır".
Bəllidir ki, mədəniyyət tariximizin parlaq səhifələrindən olan milli teatr dövlət müstəqilliyimiz qazanıldıqdan sonra öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Dövlətimizin milli teatra diqqət və qayğısı bu gün dövlət səviyyəsində özünü sübut edə bilir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətini bilib. Xüsusilə də Azərbaycan teatrının dünya teatr səhnəsində inteqrasiyası istiqamətində dövlətin qayğısı, diqqəti və maliyyəsi təsirini göstərmiş olub. Azərbaycan teatrının yaşaması, aktyor və rejissorların səmərəli, mükəmməl fəaliyyət göstərməsi üçün teatr binalarının təmiri, bərpası dövlət səviyyəsində həyata keçirilib, eləcə də yaradıcı kollektivlərin əməkhaqları dəfələrlə artırılıb, vaxtaşırı müxtəlif tədbirlər həyata keçirilib, sənətkarların, dramaturqların, rejissorların yubileyləri qeyd edilib və bu gün də bu tədbirlər davam etməkdədir.
Azərbaycan teatrının beynəlxalq əlaqələri də genişlənib. Əlbəttə, teatrların fəaliyyətini dünya standartlarına uyğun şəkildə təmin etmək üçün zamanın tələblərindən asılı keçirilir, yeni layihələr hazırlanır. Bu gün Azərbaycan teatrı bütün cəhətlərinə görə heç də dünyanın inkişaf edən teatrlarından kənarda qalmır.
Ümummilli liderin milli teatra qayğı siyasətini Prezident İlham Əliyev də davam etdirir. Prezidentin 19 inkişafında böyük rol oynayan teatrların maddi-texniki bazasının stimullaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Onu da bildirək ki, dövlət başçısı İlham Əliyev tərəfindən "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzalanan Sərəncam təqdirəlayiqdir
.
Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, milli-mənəvi formalaşması üçün bu sahədə islahatlar aparılması, hər bir teatr binasının standartlara uyğun səviyyədə təmin olunması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni teatr siyasətinin doğru-düzgün həyata keçirilməsi, həm də mədəniyyətin hərtərəfli təbliği ilə bağlıdır. Eləcə də ümumbəşəri və milli-mənəvi dəyərlərin qorunması dünya mədəniyyətinə inteqrasiyanı təmin etməklə əlaqəli şəkildə həyata keçirilərsə, bu, ümumilikdə sənətin inkişafına zəmin yaradacaq.
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi altında məlum olduğu kimi olaraq teatr binaları təmir edilərək istifadəyə verildikdən sonra bəzi teatrlar birləşdirildi.
Teatrın yarandığı gündən cəmiyyətin qabaqcıl, aparıcı qüvvələrindən biri olduğu sirr deyil. Teatr həmişə bir maarif ocağı olub.
Adıçəkilən Dövlət Proqramında təkcə paytaxtda deyil, Naxçıvan Muxtar Respublikasında, həmçinin digər bölgələrdə, o cümlədən qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərən dövlət teatrlarına da hər cür zəruri qayğının göstərilməsi nəzərdə tutulur. Məqsəd də odur ki, bütün sahələrdə baş verən güclü inkişaf teatr aləmində də öz əksini tapsın. Mədəniyyət ocaqlarının salonları tamaşaçı sarıdan korluq çəkməsin. Təqdim olunan əsərlərin müasir dünyagörüşünü əks etdirməsi, sanballı, mükəmməl təsir bağışlaması başlıca məqsəd olmalıdır. Yəni Azərbaycan teatrı gələcəkdə istənilən tamaşası ilə dünya səhnəsinə çıxa bilsin. Müasir inteqrasiyanın tələbi budur.
Görkəmli dövlət xadimi Heydər Əliyevin teatr haqqında fikirləri diqqətəlayiqdir: "Teatr müqəddəs yerdir, tərbiyə, ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var".
Teatrşünas-alim Məryəm Əlizadə Azərbaycan teatrı haqqında maraqlı fikirlər bildirdi: «Azərbaycan teatrının böyük, ənənəyə köklənmiş tarixi var. Heç də təsadüfi deyil ki, Şərqdə ilk teatr məhz Azərbaycanda yaranıb. Azərbaycan teatrı bu illər, zaman çərçivəsində müxtəlif mərhələlərini yaşayıb. Azərbaycan teatrı dünya teatr məkanına inteqrasiya olmaq üçün qarşısına ciddi məqsəd qoymalıdır. Dünyada gedən teatr prosesinə daxil olmalıyıq. Bundan ötrü istedadı olan gənclərimizə səhnə imkanları verməliyik. Mən demirəm bu istedadlıların sayı çoxdu. Bu, heç vaxt çox olmayıb. Xüsusilə də rejissorluq sahəsində. Azərbaycan teatrında aktyor potensialı hər zaman güclü olub. Azərbaycan teatrı yarandığı gündən bu günə qədər səhnəsində istedadlı aktyorlarımız var. Amma bu gün də rejissor problemimiz var. Təbii ki, Azərbaycan teatrı öz ənənələrinə bağlı, ənənələrinə söykənmiş bir teatr məkanıdır. Azərbaycan mədəniyyətinin inkişafı yolundan danışanda, Azərbaycan teatr səhnəsinin, Azərbaycan teatr məktəbinin xüsusi rolu var. Amma biz bu gün dünya teatr məkanında özümüzü sübut etmək istəyiriksə, çalışmalıyıq. Azərbaycan teatrını dünya teatr prosesinə qoşmaq, orada görünmək üçün biz gənc nəslin potensial imkanlarından istifadə etməliyik. Onlar üçün səhnələrin pərdələri taybaytay açılmalıdır. Mən çox uzağa getməyəcəm. Yaxın bir tarixə nəzər salaq. Vaqif İbrahimoğlu Azərbaycan teatr məkanına yeni nəfəs, yeni dalğa gətirdi. Onun etno teatr ənənəsinə bağlılığı Azərbaycan teatr səhnəsinə yeni pəncərə aça bildi. Bəli, Vaqif İbrahimoğlu bir teatr xadimi olaraq etno teatr mədəniyyəti ilə məşğul idi. Eyni zamanda etno göstərməyə çalışdı. Bilirsiniz, əgər Vaqif İbrahimoğlunun teatr sahəsində fəaliyyəti müstəqillik dönəminə tam təsadüf etsəydi, inanın, bu gün dünya teatr səhnəsi Azərbaycan teatrından hər gün danışa bilərdi. Sadəcə onun fəaliyyəti sovet dönəminə təsadüf etdi. Sovet teatr ənənəsi ilə postmodern teatr məktəbi arasında fərq var. Bu gün də istedadı olan gənc rejissor nəsli formalaşmaq istəyir. Onlara meydan vermək lazımdır. Kim o meydanda sözünü deyə bilərsə, Azərbaycan teatrının gələcək yükünü onlar çiyinlərində daşımaq ixtiyarına sahib ola bilərlər. Hesab etmirəm ki, Azərbaycan teatrı bu gün tənəzzül dövrünü yaşayır. Sadəcə durğunluqdadır. Mən əminəm ki, bu durğunluqdan sonra bir yüksəliş olacaq. Pedaqoq olduğum üçün müşahidələrimdən, təcrübəmdən çıxış edərək deyirəm ki, dünyanın heç bir yerində dövlət teatra bu qədər dəstək göstərmir. Bir çox ölkələrdə olmuşam, teatr festivallarında iştirak etmişəm. Azərbaycan teatrına olan dövlət qayğısını, diqqətini, maliyyə köməyini, başqa ölkələrin heç bir teatr məkanında görə bilməzsiz. Azərbaycan dövlətinin dəstəyi teatr sahəsinə çox böyükdür, bu, danılmaz bir faktdır. Azərbaycanda fəaliyyət göstərən bütün teatrlar dövlət tərəfindən maliyyələşir, dövlətin qayğısı ilə əhatə olunur, teatr binaları bərpa edilib, teatr sahəsinin inkişafı üçün dövlət proqramı çərçivəsində imkanlar yaradılır ki, bu imkanlardan teatr sahəsi düzgün istifadə etməlidir. Teatr Xadimləri İttifaqı da öz növbəsində görülən işləri ilə dövlətin qayğısına cavab verməli, münasibətlərini göstərməlidirlər. Yaxşı işlər var. Amma dünya teatr prosesinə qoşulmaq asan məsələ deyil. Bunun üçün teatr sahəsində səlahiyyətlilər qarşılarına məqsəd qoysunlar ki, bunun doğru yolları necə ola bilər. Biz dünya teatr prosesində yerimizi necə tuta bilərik. Gənclərə vəsait xərcləmək lazımdır ki, onlar bu proseslərə rahatlıqla qoşulmaq üçün stimul əldə edə bilsinlər. Yuxarıda qeyd etdiyim kimi, Şərqdə ilk teatr Azərbaycanda meydana gəldi. Ali teatr təhsili Şərqdə ilk edə bilmirik? Əslində buna potensial imkanlarımız var. Sadəcə, teatra məsuliyyətlə yanaşmaq lazımdır, teatra qayğı göstərmək vacibdir. Dövlət qayğısı var, dövlət başçısının diqqəti teatrlara nümunədir. Teatrlar özləri də teatra qayğı göstərməlidirlər. Teatra yalnız gəlir yeri, iş yeri kimi baxmaq olmaz. Hər bir teatr üzərinə düşən məsuliyyəti hiss etməlidir. Hər bir teatr qarşısına ciddi məqsədlər qoymalıdır. Professionallıq yüksəlməlidir. Bu peşə ilə məşğul olan adamın teatr həyat tərzinə çevrilməlidir. Aktyor seçimini edib sənətə gəlirsə, bu seçim onun həyat tərzində 5 yerdə ola bilməz. Aktyor səhnəyə yorğun çıxmamalıdır. O, dincəlmiş, ruhu sakit və azad olan bir peşəkar kimi səhnəyə çıxaraq oyununu oynamalıdır. Teatr aktyorun, rejissorun həyatını idarə etməlidir. Professionallığın qarşısında qoyulan tələblər artmalıdır».
Öz ənənəsi olan teatr tariximizin olduğunu unutmaq da doğru olmaz. Dünya teatr məkanına inteqrasiyadan danışırıqsa, burada milli teatr ənənələrini nə qədər qorumaq vacibdir? Məryəm Əlizadə milli teatr ənənələrinin opa teatr məkanına inteqrasiya etmək vacibdir. Amma milli teatr adətlərimizi də itirməməliyik. Kim deyir ki, biz Avropaya inteqrasiya edərkən milli teatr ənənələrmimizdən imtina edək? Bəli, biz yeni, avanqard teatr ənənələrini milli teatrımıza təzə qan kimi vurmalıyıq. Təbii ki, bu ənənələri qorumaq şərtilə yenilərini də qəbul etmək prosesini yaratmalıyıq. Xəstənin bədəni bərkisin deyə, müalicə necə aparılırsa, teatrımızın da inkişafı üçün, onun dünyaya inteqrasiyası prosesində varlığı üçün müalicə profilaktikası aparmaq lazımdır. Bizim teatr sahəsində mütərəqqi ənənələrimiz var ki, onları qorumaq, onlara sahib olmaq vacibdir. Ancaq bu ənənələrlə yanaşı, dünya teatr prosesindən də kənarda qalmaq olmaz».
Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov da Azərbaycan teatrının dünya teatr səhnəsinə inteqrasiyası, vacib olan məqamlardan danışdı: «Azərbaycan teatrının ənənələri olub. Sovet dönəmində də Azərbaycan teatr səhəsində maraqlı əsərlər səhnəyə qoyulub, güclü aktyor potensialımız özünü təsdiqləyib. O dönəmdə də çox güclü teatr rejissorlarımız teatr tarixinə imzalarını ata biliblər. Vaxtilə sovetlər dönəmində Azərbaycan teatrının bir çox sahələrinə xüsusi diqqət olub. Opera Teatrının inkişafı istiqamətində ciddi addımlar atılıb. Bu gününün müstəqil Azərbaycan teatr səhnəsinə gəlincə isə, təbii ki, teatr sahəsinin inkişafı üçün dövlət səviyyəsində ciddi addımlar atılır. Bizim milli rejissuramız yaranıb, etmişik. Amma milli teatr ənənəmizi də qorumağı bacarmışıq. Azərbaycan teatr məkanında rejissor sahəsi xüsusi bir diqqət tələb edir. Rejissorluq təkcə tamaşaya quruluş vermək qədər bəsit görünməməlidir. Rejissor psixologiya ilə, kainatla əlaqəli bir sahədir. Rejissor bəşəriyyətin sözünü səhnədə aktyorların dili ilə, pyesin, əsərin imkanları ilə çatdırmağa çalışan mədəniyyət diplomatiyası missiyasını yerinə yetirən bir sahədir. Əslində teatr səhnəsi diplomatik şəkildə həm də cəmiyyətdə baş verən proseslərə münasibət bildirən tribunadır. Teatrda konkret olaraq yaradıcılıq mühitinə gəlincə isə teatr sahəsinin inkişafında müxtəlif məqamlar vacib sayılmalıdır.
Əgər biz bu gün Azərbaycan teatrının dünya teatr görünməsi vacib olan problemlərin müzakirəsini istəyiriksə , ilk növbədə bu sahəyə dövlət qayğısı ilə yanaşı, maliyyə məsələlərinə də önəm verməliyik. Bəli, bu gün dövlət sifarişi ilə tamaşalar hazırlanır. Azərbaycanda teatr səhnəsində bir tamaşanın hazırlanması üçün təxminən 20-30 min civarında vəsaitdən söhbət gedə bilər. Ancaq dünya teatr səhnəsinə çıxmaq üçün bu vəsait çox azdır. Dünyanın elə teatrları, elə tamaşaları var ki, bir tamaşa üçün 100 mindən artıq vəsait xərclənir. Əgər biz dünya teatr səhnəsinə ayaq qoymağa iddialıyıqsa, onda milli teatrın dünyaya inteqrasiyası istiqamətində daha ciddi işlər görməliyik. Bu gün teatrlarımızda maddi-texniki baza illər öncə ilə müqayisədə çox inkişaf edib. Əgər rejissor səhnədə yağışın yağmağını göstərmək istəyirsə, qarı, ildırımı təbii təqdim etməyə maraqlıdırsa, bunlar üçün texniki imkanlar var. Yəni rejissorun fantaziyasının bir qədər də maraqlı təqdimatında bu köməkçi işıq effektləri, dekorasiyaların, texniki imkanların olması müsbət göstəricidir. Amma yenə də qeyd edirəm ki, Rusiyanın və ya İngiltərənin ən məşhur teatr səhnələrində təqdim olunan tamaşalarla bizim tamaşaları müqayisə etmək istəyiriksə onda maksimum dərəcədə Azərbaycan teatrının inkişafı üçün bu sərmayələrin qoyulmasına maraqlı olmalıyıq. Aktyora daha böyük qonorar təqdim etməliyik. Maraqlı teatr pyesləri sifariş edə bilərik. Bizdə hər zaman dramaturgiya sahəsində sıxıntılar olub, bu gün də bu problem Azərbaycan teatrlarında mövcuddur. Bizdə dramaturgiya zəifdir. Bu sahəyə diqqət ayırmaq, bu sahəyə vəsait ayrılmasına yol açmalıyıq. Ümid edirəm ki, müstəqil Azərbaycan dövləti Azərbaycan teatrının dünya teatr səhnəsinə çıxmasında maraqlı olduğu üçün bu sahədə daha ciddi addımlar atacaq».
Tahirə Məmmədqızı
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün nəzərdə tutulub.