Teatra gələndə gənc idim, onlardan öyrənmişəm

Kimsəyə bənzəmədən Səkinə İsmayılova olmağa çalışmışam
Yoldaşım neftçi olub. Bu sahədən uzaq insan olsa da, muğamı sevən biridi. Muğama olan sevgisi də mənə dəstək olmasına imkan yaradıb

Muğam qanımıza hopan, əslində hər birimizin qəlbinin sarı siminə toxuna bilən musiqidir. Bəziləri üçün ilahi musiqi, bəziləri üçün akademik janrdı. Bütün hallarda azərbaycanlıları birləşdirən mənəvi məqamlardan biri muğama olan sevgidir. Bu sevgini də nəsildən nəslə ötürən xanəndələrimiz var ki, onlar bu məsuliyyətli missiyanı çiyinlərində daşımağı bacarırlar. Azərbaycanın Xalq artisti Səkinə İsmayılova da illərdi muğamı zərif çiyinlərində daşıyan xanım xanəndələrimizdəndi. Bu dəfə "Şərq”in qonağı məhz Səkinə İsmayılova oldu.

- Səkinə xanım, siz səhnəyə əslində daha çətin dönəmlərdə gəlmisiz. O zamanlar böyük səhnələrə ayaq qoymaq hər sənətçiyə nəsib olmayıb...

- Bəli, mən Asəf Zeynallı adına Muğam məktəbini bitirən kimi böyük səhnəyə, Opera və Balet Teatrında fəaliyyətə başlamışam. Bəlkə də xanəndə olaraq ən böyük şanslarımdan biri bu idi. O zamanlar mən Zeynəb Xanlarova, Rübabə Muradova, Baba Mahmudoğlu, Arif Babayev kimi sənətkarlar səhnədə görmüşəm. Teatra gələndə gənc idim, onlardan öyrənmişəm. Onların səhnədə ifalarından qaynaqlanmışam. Kimsəyə bənzəmədən Səkinə İsmayılova olmağa çalışmışam.

- İlk tərəf-müqabiliniz deyəsən, Canəli Əkbərov olub...

- Opera səhnəsində ilk tərəf-müqabilim Canəli Əkbərov olub. Səhnədə Leyli olaraq çıxış edənə qədər isə insafən qeyd edim ki, Canəli Əkbərov mənə məsləhətlərini bildirib.

- Bəs həyat yoldaşınız sizə sənətdə nə dərəcədə dəstək ola bilib? Axı xanım sənətçi üçün səhnədə olmaq asan olmur. Ailə qayğıları, yaradıcılıq, qastrollar...

- Təbii ki, sənətkara ailənin dəstəyi çox vacibdi. Mən bu baxımdan bəxti olan xanəndələrdən sayılıram. Ailəm, həyat yoldaşım mənə dəstək olub. Təbii ki, çətinliklərim də az olmayıb. Amma o çətinliklərin öhdəsindən gələ bilmişəm. Yoldaşım neftçi olub. Bu sahədən uzaq insan olsa da, muğamı sevən biridi. Muğama olan sevgisi də mənə dəstək olmasına imkan yaradıb. Bir də mənə elə gəlir ki, qadın istəsə, ailəsini də qoruya bilər, sənəti ilə də məşğul olmağa imkanı olar.

- Səhv etmirəmsə, ilk dəfə xanım xanəndələr arasında qavalı siz əlinizə götürməyə cəsarət etmisiz. Tərəddüd etmədizmi, reaksiya kəskin ola bilər. O zamanlar səhnədə cüzi bir qüsur müzakirə oluna bilirdi.

- Həqiqətən xanımlar içərisində ilk dəfə qavalı meydana, araya-ərsəyə mən gətirmişəm. Əgər bir xanım xanəndə "Dəstgah” muğamını öz boynuna götürüb oxuyursa, o, qaval çalmağı da bacarmalıdır. Bu sənət həm də cəsarət tələb edir. İndi istənilən televiziya kanalını açanda, görürsən ki, qadın ifaçı əlində qaval müşayiət edir. Bu ənənə davam edirsə, gördüyüm işə görə, əlbəttə, çox fəxr edirəm.
İndi qadın xanəndələri də qavalsız təsəvvür etmək olmur. Axı bizim muğam sənətini təkcə kişi xanəndələr inkişaf etdirməyib. Əsrlər boyu qadın xanəndələrimiz olub. Fikirləşirəm ki, əgər xanım xanəndə heç bir şeydə kişi xanəndədən geri qalmırsa, ən çətin muğamları ifa edirsə, bunun da öhdəsindən gələ bilərdi.

Yox, buna görə kimsə mənə qarşı çıxmadı, dedilər, çətindir, bunu etmək olmaz, amma kim özünə güvəndisə, bu işi gördü.

- Bəs niyə konsert proqramı ilə tamaşaçı qarşısına uzun müddətdi çıxmırsız?

- Konsert vermək çox böyük məsuliyyət tələb edir. Desəm ki, düşünürəm, bu, yalan olar. Konsert vermək üçün böyük hazırlıq, eyni zamanda böyük vəsait tələb olunur. Onu da qeyd edim ki, Heydər Əliyev adına sarayda konsert verən ilk qadın xanəndəyəm. Bu sarayda iki böyük konsert vermişəm. Dəfələrlə başqa yerlərdə də konsertlərim baş tutub. Konsert verməyin bir çox çətinlikləri var. Kim isə rahatlıqla bu işləri görsə və mənə desə ki, Səkinə xanım, siz ancaq gəlib ifa edin, mən bu təklifi məmnuniyyətlə qəbul edərəm.

Tahirə