İranda qadının ilk dəfə prezident seçkilərinə qatılması təsadüfi deyil
Ola bilər ki, bu proses dövlət rəhbərliyi və Ali Ruhani idarəsi ilə razılaşdırılıb ki, İran dünyada demokratik cəmiyyət görüntüsü yaratsın
İranın sabiq prezidenti Mahmud Əhmədinejad yenidən prezidentliyə namizədliyini irəli sürüb. Ali lider ayətullah Xamenei Əhmədinejada namizədliyini irəli sürməməyi məsləhət görsə də, keçmiş prezident sabiq vitse-prezident Həmid Bəqayi ilə birlikdə namizədlərin qeydiyyatı idarəsinə gedib və namizədliyini irəli sürüb.
Qeyd edək ki, M.Əhmədinejad bir müddət əvvəl seçkilərdə H.Bəqayini dəstəkləyəcəyini açıqlayıb.
Məlumat üçün bildirək ki, may ayında İranda baş tutacaq prezident seçkiləri ərəfəsində ölkə tarixində daha bir yenilik baş verib. Yerli agentliklər xəbər verir ki, artıq dünəndən İranda prezident seçkilərində iştirak edən namizədlərin qeydiyyatı başlayıb. İran Mərkəzi Seçki Komissiyasında tarixdə ilk qadın namizəd Şölə Hədc Mirfəttah Təbrizinin namizədliyi qeydə alınıb. Təbrizi heç bir partiyanın üzvü olmadan, müstəqil namizəd kimi qeydiyyatdan keçib.
Mirfəttah Təbrizi İran qanunvericiliyinə əsasən bir qadının ölkəni idarə edə bilməyəcəyini anladığını, amma qanunlardan istifadə edərək namizədliyini irəli sürdüyünü bəyan edib.
Mahmud Əhmədinejadın seçkilərdə qələbə qazanmaq şansının aşağı olduğunu deyən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri hesab edir ki, Ruhaninin idarəçiliyi dönəmində İran daha böyük nailiyyətlər əldə edib:
"Nüfuz baxımından faktiki olaraq Əhmədinejad o qədər də uğurlu sima deyil ki, mühafizəkarlığı fonunda qələbə qazanmaq imkanı olsun. Bunu özü də yaxşı bilir. Sözsüz ki, İranın mühafizəkar elektoratı Əhmədinejadı dəstəkləyəcək. Ola bilsin ki, seçkinin müəyyən mərhələsində öz namizədliyini geri götürüb, ona səs verəcək elektoratından sabiq vitse-prezident Həmid Bəqayiyə dəstək olmağı xahiş edəcək. Əhmədinejad siyasi manipulyasiya məqsədi ilə bu addımı atsa da, proseslərin istiqamətindən asılı olaraq qərarını dəyişə də bilər. Seçki prosesində Əhmədinejad görsə ki, onun sabiq müavininin qələbə qazanmaq imkanları bir o qədər də çox deyil, o zaman öz namizədliyini yarıda sonlandıra da bilər”.
İranda keçirilən prezident seçkilərində qadın namizədin iştirakı məsələsinə toxunan politoloq bunun da bir prezident olduğunu deyib. 1979-cu ildən bu yana İran tarixində belə bir təcrübə yaşanmayıb. Konstitusiya da aydın şəkildə dövlətin idarə edilməsi məsələsində qadınların rolunun olduqca aşağı olduğu öz əksini tapıb:
"Bəlkə də namizədliyini irəli sürən xanım öz cəsarəti ilə gələcəkdə Konstitusiyada dəyişiklik olunmasına nail olmaq istəyir. Ola da bilər ki, bu proses dövlət rəhbərliyi və Ali Ruhani idarəsi ilə razılaşdırılıb ki, İran dünyada demokratik cəmiyyət görüntüsü yaratsın. Yəni İranda İslam Respublikası yaranandan bəri ilk dəfə bir qadının prezident seçkilərində öz namizədliyini irəli sürməsi təsadüf olmaya bilər”.
Şəymən