Təhlükə qalır, amma...

Risk dərəcəsi azdırsa vətəndaşlar evlərinə qayıda bilərlər



"Badamdar - 20-ci sahə yolunun sağ kənarındakı sürüşmə zonasında gərginlik davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargahdan məlumat verilib ki, sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması və süxur qırıntılarının yamac boyu yerdəyişməsi qeydə alınıb.

Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.

Xatırladaq ki, Badamdar - 20-ci sahə yolunun sağ kənarında sürüşmə oktyabrın əvvəllərindən müşahidə edilir. Ərazidə 11 fərdi ev və 3 obyekt var. Məlumata görə, evlərin divarlarında müxtəlif ölçülü çatlar yaranıb. Çatlara mayaklar qoyulub. Vəziyyət nəzarət altındadır. Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Sakinlər evdə olmadığı müddətdə villalar gözətçilər tərəfindən qorunur
Xəbərdarlığın qüvvədə qalmasına rəğmən Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 villanın sakini evlərinə qayıdıb. Sakinlər Səbail Rayon İcra Hakimiyyətinin müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlığına məhəl qoymayaraq, evlərində yaşamağa davam edirlər.

Səbail Rayon İcra Hakimiyyətindən deyiblər ki, "bu, onların öz seçimidir. İcra Hakimiyyəti yarana biləcək təhlükə ilə bağlı onları evlərini tərk etmələrilə bağlı xəbərdar edib”.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov isə "Şərq”ə açıqlamasında deyib ki, sakinlərin həmin evdən məcburi köçürülüb-köçürülməməsi sürüşmənin təhlükəlilik səviyyəsindən asılıdır: 

"Riskin dərəcəsi az olduğu halda ev sahiblərinin həmin evlərdə müvəqqəti olaraq yaşaması elə bir problem yaratmaz. Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi qaydalar üzrə riskin dərəcəsi böyükdürsə, müvafiq icra hakimiyyətlərinin əhalini məcburi olaraq evlərindən çıxartmaq səlahiyyəti var. FHN və digər orqanların sürüşmə ilə bağlı müvafiq rəylərinin konkret mətnini bilmədiyim üçün əhalinin köçürülməsi ilə bağlı bir söz deyə bilmərəm”.

Kompensasiya məsələsinə gəldikdə isə S.Məmmədov dünya təcrübəsinə istinadən daşınmaz əmlakın sığorta edilməsinin vacibliyinə diqqət çəkib: 

"Daşınmaz əmlakın sığorta sistemi icbaridir. Əmlaka hansısa ziyan dəyəndə, texnogen və təbii fəlakətlər zamanı əsaslı ziyan dəydikdə sığorta şirkətləri dəymiş ziyanı ödəməlidir. Ancaq bəzi hallarda dövlət birbaşa müdaxilə edərək təbii fəlakətlər nəticəsindəəhaliyə dəyən ziyanı büdcə hesabına qarşılayır. Badamdardakı evlər rəsmi Dövlət Reyestrindən qeydə alınıbsa, əmlaklar sığortalıdırsa, mülkiyyətçilər sığorta şirkətindən öz haqlarını tələb edə bilər. Bizdə belə bir ənənə formalaşıb ki, uçqun zamanı dövlət sığortası olmayan ailələrə belə kömək edərək kompensasiya verir. Konkret ərazi ilə bağlı hansı addımların atılacağını indidən demək çətindir”.

Şəymən