Tehranda irqçilər türklərə hücum çəkdi

“Bu cür vəhşiliklərinə görə, məsuliyyəti birbaşa İran rəsmiləri daşıyır”




Ötən gün Tehranda keçirilən kitab sərgisində "Azər türk” nəşriyyatının pavilyonu fars şovinistlərinin hücumuna məruz qalıb. Təxribatçılar pavilyondakı "Türk” sözünün üstünə xətt çəkib, Azərbaycan xalqının ünvanına ağır söyüşlər yağdırıblar. İrqçilərin bir neçəsi daha da irəli gedərək, pavilyon işçilərinə fiziki xəsarət yetiriblər. Bütün bu hadisələr polis əməkdaşlarının gözü qarşısında baş versə də, onlar hücumçulara qarşı heç bir reaksiya verməyiblər.

Soydaşlarımızın hücuma məruz qalması ilə bağlı "Şərq”ə danışan AMEA-nın aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının sədr müavini Faiq Ələkbərli deyib ki, İranda baş verən bu insident fars rejiminin irqçi siyasətinə bariz nümunədir. Alimin sözlərinə görə, fars rejimi tarix boyu türklərə minnətdar olmalıdır ki, fars dili məhz türklərin hakimiyyəti dövründə ədəbi dilə çevrilib. Onun yaşamasını məhz türklər təmin edib:

"1925-ci ildə iqtidara gətirilən fars rejimi dövlətin adını dəyişib İran dövləti qoydu. Bununla kifayətlənməyib türk tarixini təhrif etdi, ana dilimizi aşağılamağa başladı. Kəsrəvi, Murtəzəvi, Mənsuri və başqa qab dibi yalayan şəxslər rejimə dəstək verərək türk tarixinə qarşı ən böyük saxtakarlıqlar etdilər. Bu gün öz ərazisində ermənilərə qucaq açan İran hökuməti 40 milyona yaxın həmvətənimizə öz dilində təhsil almaq haqqını yasaqlayıb. Bu azmış kimi türk dilində nəşr olunan kitablara qarşı terror həyata keçirir. Soydaşlarımıza qarşı küçə banditlərindən istifadə edilir. Təsəvvür edin, banditlər İran polisinin gösləri qarşısında azərbaycanlılara hücum edirlər. Şovinistlər utanmadan "Siz azərisiniz, türk deyilsiniz” deyə qışqırıq salıblar”.

F.Ələkbərli bildirib ki, bu cür vəhşiliklərinə görə, məsuliyyəti birbaşa İran rəsmiləri daşıyır: 

"İranda türklərin mədəniyyət sahəsində atdıqları istənilən addım qadağa, hücum, təzyiq və təqiblərlə üzləşir. Fevral ayında Qum şəhərində keçirilən kitab sərgisində də oxşar hadisə baş vermişdi. "Savalan İgidləri Nəşriyyatı”nın sərgidə iştirak etməsinə mane olan irqçilər türklərə hücum çəkmişdilər. Bütöv Azərbaycan Ocaqları olaraq tələb edirik ki, fars rejimi bu cür banditlərin cəzalandırılması üçün tədbirlər görsün. İran rejimi unutmasın ki, Azərbaycan türklərini bu cür üsullarla susdura bilməzlər”.

İsmayıl