Təhsil Nazirliyi hərəkətə keçməlidir - Feysbuk Gündəliyi

Təəssüflər olsun ki, məktəblərlə yanaşı, bir çox bağçalarda da “Cadılar bayramı” qeyd edilir
"Ən acınacaqlısı isə gənc və orta yaşlı instaqram fenomenləri də bu bayramı müasirlik kimi təbliğ edirlər"

Son illərdə Azərbaycanda öz milli bayramlarımızla yanaşı, müxtəlif ölkələrin bayramları da geniş şəkildə qeyd olunur. Bunlardan biri də hər il oktyabrın 31-də qeyd olunan "Cadılar” bayramı, yaxud Hallovendir.
Əsasən Bakının gecə klublarında təşkil edilən "Cadugərlər” bayramında yeniyetmə və gənclərin iştirakı cəmiyyət tərəfindən olduqca mənfi hal kimi dəyərləndirilir.

Müəllimlər isə bu bayramı canfəşanlıqla təbliğ edir, qərbin qara işlərinin məktəblərimizə ayaq basmasına şərait yaradırlar. Məktəblilər də müəllimlərinin tapşırığına əsasən bayrama xüsusi həvəslə hazırlaşır, müxtəlif libaslar əldə etmək üçün valideynlərini yola gətirməyə çalışırlar. Seçdikləri geyimlər isə adətən cadugər, pəri, vampir, adamyeyən, başkəsən kimi dəhşətli obrazları xatırladır. İlk baxışdan bu bayram adi bir uşaq əyləncəsi kimi görülə bilər. Uşaqdılar, qoy əylənsinlər, deyib üstündən keçmək də həmçinin. Amma istənilən bir əyləncənin daşıdığı mahiyyət önəmlidir. Xüsusən də kiçik yaşlı uşaqlar, yeniyetmələr arasında. "Cadılar bayramı”nın tarixçəsinə nəzər salsaq, bu üzdəniraq "bayramın” bizə heç bir aidiyyəti olmadığını görəcəyik.

Əsasən Qərb ölkələrində, xristianlar arasında qeyd edilən Halloven Amerikada olduqca böyük və görkəmli festival halını alıb. Amerikanın təsiri ilə Qərb ölkələrində qeyd edilməkdədir. Türkiyəyə də yayılıb.

Hallovenin simvolu gülən balqabaqdır. Balqabağın içini oyur, gülən sifət halına gətirirlər, içində isə şam yandırmaqla şeytani bir sifət halına gətirirlər. Uşaqlar qorxunc qiyafələr geyinərək, qapı-qapı gəzir və "Zarafatmı, şəkərmi?” deyə soruşurlar. Ev sahibi zarafat deyirsə, müxtəlif gülməli hərəkətlər çıxarır, çalıb-oynayırlar. Uşaqlara şəkər və ya pul verirlər. Bu, Britaniyada bir zamanlar kasıbların qapı-qapı gəzib, "ruh kökəsi” toplaması adətinə oxşayır. Böyüklər də festivala qatılır və özlərini tanınmaz hala salır, cadugər libasları geyinirlər.

Göründüyü kimi, "Cadılar bayramı”nın Azərbaycanın nə milli, nə də dini adət-ənənəsi ilə bir bağlılığı var. Əksinə, faydasından çox, ziyanı var. Kiçik yaşlı uşaqların cadugər libasları geyinib, qorxulu xarakterlər canlandırmasının hansı müsbət tərəfi ola bilər? Ümumilikdə nağıl qəhrəmanları obrazlarını əks etdirməkdən söhbət getsəydi, bunu anlayardıq. Uşağın biri müsbət qəhrəman olanda, bir başqası mənfi qəhrəmanın obrazını oynayardı. Bu, tamam fərqli bir oyun, festival olardı. Amma uşağın özünü eybəcər şəklə salması, ətrafa qorxu saçması, mənasız, lazımsız, mənbəyində qara qüvvə, qara enerji daşıyan bir festivalın orta məktəblərdə bu şəkildə yayqın qeyd edilməsinin elmi-pedaqoji izahı varmı, görəsən?! Kiçik yaşlı uşaqlara qorxu xarakterləri təlqin etmək, onlara bənzətməyin gələcəkdə daha ağır nəticələr yarada biləcəyi gözardı edilməməlidir. İntihar, qətl, zorakılıq hallarının dünyada artdığı bir zamanda uşaqlara bu cür eybəcərlikləri təlqin etmək qətiyyən yolverilməzdir. Ekspertlər nəinki uşaqların, hətta böyüklərin də gərgin, psixoloji, qorxu, dəhşət filmlərindən uzaq durmalarını israrla tövsiyə etdikləri bir vaxtda, uşaqların "Cadılar bayramı”nda yer almalarını təşkil edən müəllimlər necə kobud səhvə imza atdıqlarının fərqində belə deyillər.

Hallovenlə bağlı öz narahatlığını feysbuk səhifəsində dilə gətirən media eksperti Azər Həsrət Təhsil Nazirliyini hərəkətə keçməyə çağırıb: "Yenə də məktəblərdə Halloven adlı eybəcər bir mərasim haqqında xəbərlər gəlməkdədir. Hara baxırsınız? Niyə bizim uşaqlarımız amerikanların eybəcər adətlərilə böyüməlidir? Kimdir bu cadugər bayramlarını təşviq edən? Niyə milləti manqurtlaşdırmaq üçün müəllimlər, məktəblər dəridən-qabıqdan çıxır? Niyə Təhsil Nazirliyi bu cür yad, yabançı təzahürlərin əngəllənməsi üçün göstərişlər vermir? Siz heç eşitdinizmi ki, ABŞ məktəblərində kütləvi şəkildə bizim Novruz bayramımız qeyd edilsin? Eşitmədiniz, heç mən də eşitmədim. Bəs elə isə niyə bizim məktəblərimiz bu cadugər "bayramını" belə həvəslə uşaqların beyninə yeridir? Ümumiyyətlə, niyə insanlarımız bu qədər bivec və biganə ola bilirlər? Nazirliyi görəvə dəvət edirəm. Lütfən, bu millətin yanlış yola getməsini əngəlləyin. Milləti məqsədli şəkildə manqurtlaşdırırlar. Nazirlik də tədbir görmür...”.
A.Həsrətin sözlərinə görə, biz də vətəndaş olaraq belə halların aşkarlanmasında aidiyyəti qurumlara yardım etməliyik: "Düşünmürəm ki, nazirlik belə yad "bayramların" keçirilməsini istəsin. Sadəcə bəzi müəllimlər bir qədər yenilik etmək istəyir, bəziləri də sadəcə nə etdiklərinin fərqinə varmır və nəticə də belə olur. Ona görə harda belə hallarla rastlaşsanız, Nazirliyə xəbər verin ki, qarşısını birlikdə alaq”.
A.Həsrətin statusu sosial şəbəkədə geniş müzakirə predmetinə çevrilib. Mövzu ilə bağlı fikirlərini yazan istifadəçilər arasında bu bayramı təqdir edənlər də var, tənqid edənlər də.

Bəşarət Məmmədov hesab edir ki, bu və bu kimi digər məsələlərin cəmiyyətdə təbliği meyilləri var və bu, hamını narahat edir: "Əsas təbliğatçı vasitə kimi də sosial şəbəkələrdən istifadə olunur. Son illərdə dövlət məktəblərində bunların qarşısı alınıb. Ötən il paytaxtdakı dövlət məktəblərində bu "bayram" qeyd olunmayıb. İndi də hər hansı təbliğat əlamətləri varsa, bu məkan məktəblər deyil”.

Hüquq müdafiəçisi Sahib Məmmədov isə A.Həsrətin narahatlığının haqlı olduğunu deyib: "Dini mərasimlər də məktəblərə ayaq açıb və bu, həmin Amerika bayramından min dəfə təhlükəlidir. Dini qruplaşmalar rüşvət verib bağçalara, məktəblərə öz adamlarını yerləşdirir və onlar da öz missiyasını yerinə yetirir. Neçə illərdi belədir”.
Elçin Bayramlı: Bu cür zərərli bayramları uşaqlara təbliğ edənlər dərhal işdən qovulmalı və psixi dispanserə yerləşdirilməlidirlər: "Təhsil Nazirliyi nə vaxt adam kimi işləyəcək, mən bilmirəm.Təhsili xaraba qoyublar, gündə bir eksperiment aparırlar. İndi də bunların müəllimləri uşaqlara murdar satanist "bayram"larını təbliğ edirlər”.

Maraqlıdır, belə bir bayramın Azərbaycanda qeyri-rəsmi şəkildə keçirilməsi uşaqlar üçün hansı fəsadları ortaya çıxarır?

Halloven bayramının uşaqların psixologiyasına uyğun olmadığını deyən təhsil eksperti Kamran Əsədov deyib ki, balqabaq (boranı) bizim eradan əvvəldən mətbəximizdə olub. Amma mətbəximizdə olan bütün tərəvəzlərə bayram keçirmirik. Və ya hansısa mənfi və müsbət personajlarla obrazlar yaratmırıq. Halloven bayramı zamanı valideynlər övladlarını küpəgirən qarı, iblis kimi hansısa mənfi obraza salır, hansısa qanlı, cani qorxulu personajın obrazında geyindirirlər ki, bu da onların yaş psixologiyasına uyğun deyil.

Ekspertin fikrincə, belə bayramların sürətlə yayılması uşaqlarda qorxu hissini çoxaldır: "Valideynlər bəzən şikayət edirlər ki, övladlarımız gecələr normal yatmır, yatdıqları zaman diksinirlər. Onlar bilməlidirlər ki, övladları istər televiziyada, istər internetdə nə qədər qorxulu personajları olan filmlər, cizgi filmləri izləyəcəksə, bu, onların psixologiyasına ciddi şəkildə təsir edəcək və onlar gecə qorxudan yata bilməyəcəklər. Çünki onların şüurları zəifdir və ənənəvi olmayan, qorxulu obrazlar, personajlar tez şüuraltına təsir göstərir. Məhz buna görə də, uşaqlarda ciddi psixi pozuntular, stres, əsəbilik kimi hallara tez-tez rast gəlinir. Son vaxtlar uşaq psixologiyası ilə bağlı ciddi problemlərin ortaya çıxmasının şahidi oluruq. Uşaqlar arasında hətta intihar halları belə çoxalıb. Bunun əsas səbəblərdən biri də uşaq nağılları, uşaq oyunları ilə bağlıdır. Körpəlikdən dünyanı nağıllarla tanıtdığımız uşaqlar, fərqinə varmadan həmin nağılların yaratdığı psixoloji aləmdə formalaşırlar. Biz də bir o qədər bunun fərqinə varmırıq. Uşaqlara danışdığımız nağıllar, onları obrazlı personajına çevirdiyimiz oyunlar, bayramlar əslində milli-mənəvi dəyərlərdən uzaqlaşmağı təbliğ edir”.

Psixoloq Gülnarə Əliyevanın "Şərq”ə açıqlamasına görə, məktəblərlə yanaşı, bir çox bağçalarda da "Cadılar bayramı” qeyd edilir. Ən acınacaqlısı isə gənc və orta yaşlı instaqram fenomenləri də bu bayramı müasirlik kimi təbliğ edirlər.

Uşaqların bu bayramı həvəslə qeyd etməsinin başadüşülən olduğunu vurğulayan psixoloq deyib ki, bu bayramın tarixi, məqsədi barədə müəllimlər və valideynlər uşaqları məlumatlandırmalıdır. Kor- koranə şəkildə axına qoşulmaq doğru deyil: "Cadılar bayramı”nı keçirməklə heç kim müasirləşmir, amerikanlaşmır. Bizim özümüzün gözəl, mahiyyəti bəlli olan bayramlarımız var. Bu bayram bəzi uşaqları əyləndirsə də, orada istifadə olunan qrimlər, geyimlər, qorxunc ruhları tərənnüm edən görüntülər əksər uşaqların psixologiyasına mənfi təsir edir. Onlarda səbəbsiz fobiyalar yaradıb, gecələr kabus görməsinə gətirib çıxarır. Bu mərasimlərdəki personajların səbəb olduğu qorxu hissi uşaqlarda ciddi yuxu pozğunluqlarına da səbəb ola bilər. Bizim mentalitetimizə və adət- ənənələrimizə zidd olan bu bayrama sorğu-sualsız qucaq açdıq. Halbuki Avropa ölkələrinin əksəriyyəti bu bayramı qəbul etmir. Qara magiyanı, ruh çağırmanı təbliğ edən bu bayramın mahiyyətinin xristian dininə zidd olduğunu iddia edirlər. Biz də uşaqlarımızı məqsədi, məramı bəlli olmayan əyləncələrə aludə etməkdənsə, onlar arasında özümüzün milli, dini bayramlarımızı təbliğ etməliyik. Çünki dini bayramlar insanlara ruh yüksəkliyi, mənəvi dirçəliş bəxş edir, milli bayramlar isə xalqa tarixini xatırladaraq, onu bir daha özünə qaytarır”.

Şəymən