"Təhsilin zəiflədiyi hər yerdə xoşagəlməz proseslər başlayır”.
Bu barədə Sherg.az-a məktəbli qıza görə iki nəfərin güllələnməsindən danışarkən sosioloq, professor Əhməd Qəşəmoğlu deyib.
O bildirib ki, bu hadisədə də təhsilin zəifləməsinin nəticələri var:
"Təhsil zəifləyəndə mənəvi dəyərlər, münasibət zəifləyir, mədəniyyətin özünə, mənəvi davranışa, mənəviyyata ziyanlar gəlir. İnsanlar get-gedə özlərinin insanlıq xüsusiyyətindən daha az istifadə edirlər. Çünki insanı heyvandan fərqləndirən onun intellektidir, mənəviyyatıdır, ağlı ilə hərəkət etməsidir. Yeganə vasitə təhsildir ki, o güclü olduqda insanlıq faktorundan istifadə çoxalır. Təhsil zəiflədikdə isə bu dayanır və insan heyvaniləşir. Ona görə də, bu cür kobud hallar çoxalır.
Hazırda güllələnmə hadisəsi olub. Bunu cəmiyyət bilir. Amma yumruqlaşmaq, dalaşmaq, küçədə davranışa qədər, metroda, avtobusda gənclərin xüsusilə özlərini apara bilmədiyini görürük. Bunların hamısı nadanlığın inkişaf etməyidir”.
Başqa ölkələrlə Azərbaycan təhsil sistemini müqayisə etdiyini deyən Ə.Qəşəmoğlunun araşdırmasına görə, başqa respublikalarda təhsilə daha çox diqqət yetirilir:
"Elə proseslər baş verir ki, təhsil sistemi daha da arzuolunmaz vəziyyətə gəlir. Ölkəmizdə ilbəil bu sahədə problemlər çoxalır. Bu proses mənim də diqqətimdədir. Çıxış yolları üzərində düşünürəm. Fikirləşirəm ki, təhsilin arzuolunan vəziyyətə gəlməsi üçün neynəmək olar.
Bu təkcə Təhsil Nazirliyinin(TN) edəcəyi bir şey deyil. Ölkədə təhsilin səviyyəsini idarə edən tək TN deyil. Nazirlik adi icra strukturudur. Burada müəyyən faktorlar qaydasında olmalıdır ki, nazirlik müəyyən addımlar ata bilsin. Cəmiyyətin özündə müəyyən ovqat, gərginlik yaradan məsələlər var. Təhsilə qarşı münasibət, müəllimə qarşı təpki təhsilə soyuqluq formalaşdırır. Azərbaycan xalqının bəlkə də ən böyük problemi gənclərin təhsilə etinasızlığıdır. Valideynlər də təhsilə arzuolunan münasibət göstərmir. Yeniyetmələr, gənclər isə elə təsirlərə düşürlər ki, etinasızlıq daha da artır. Bu hadisələr hələ xoşagəlməz halların bir hissəsidir”.
Qeyd edək ki, hadisə orta məktəbin 11-ci sinif şagirdi olan Firuddin İsmayılovla Soltan Turabov arasındakı münaqişədən sonra baş verib. F.İsmayılov sinif yoldaşı olan Fəridənin (ad şərtidir) Soltan tərəfindən narahat edildiyini öyrənəndən sonra ona irad bildirib. Daha sonra S. Turabovun göndərdiyi Aqil adlı şəxs Firudinin evlərinə gedərək, ona və qonşusu, 31 yaşlı Ələddin Bağırova güllə ilə atəş açıb. Onların hər ikisi xəstəxanaya aparılıb.
Ayyət Əhməd