"Təhsildə rəqabət də bu cür yaranır... "- Məktəblərə muxtariyyət





"Bəzi məktəblərə muxtariyyət verilməsi Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da əksini tapıb”.

Bunu "Sherg.az”a tanınmış təhsil eksperti Nabatəli Qulamoğlu söyləyib. 

O bildirib ki, bu addımın əsas məqsədi təhsildə rəqabət qabiliyyətini inkişaf etdirməkdir:

"Əslində bu strategiyanı digər dövlət orqanlarına da tətbiq etsələr yaxşı olardı. Özəl sektorda fəaliyyət göstərən, yüksək nailiyyətləri olan məktəblər var. Onlara da muxtariyyət vermək lazımdır. Həm təhsil qərarları, həm də maliyyə muxtariyyəti belə məktəblərə tətbiq olunmalıdır. Bu vəhdət təhsilin inkişafına müsbət təsir göstərəcək.

Ümumən, muxtariyyətin verilməsi o demək deyil ki, onlar dövlət tərəfindən verilmiş təhsil standartlarına əməl etməyəcəklər. Sadəcə daha müstəqil formada bu standartları tətbiq edəcəklər. Bu gün elə muxtariyyəti məsələn, Sumqayıtda nəticəsi yüksək olan məktəbə tətbiq etsələr görəcəyik ki, digər məktəblər də bilik verməyə cəhd edəcək. Təhsildə rəqabət də bu cür yaranır. Hesab edirəm, həmin cəhdlər müsbət nəticə verəcək”.

Qeyd edək ki, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev öz keyfiyyətləri ilə seçilən bəzi məktəblərə müəyyən çərçivələrlə fənlər və məzmunla bağlı muxtariyyətin veriləcəyini deyib. Onun sözlərinə görə, ilkin mərhələdə bu çox az sayda məktəblərə şamil olunacaq.

Aysel Aslan