“Tələbə kazinoda olubsa, mütləq kameralara düşməlidir”

“Təəccüblüdür ki, Gürcüstandakı səfirliyimiz niyə müvafiq addımlar atıb qarşı tərəflə bu istiqamətdə əməkdaşlıq etmir”




Gürcüstanda təhsil alan azərbaycanlı tələbə, 1998-ci il təvəllüdlü İsgəndərov Tağı 4 gündür ki, yoxa çıxıb. Bu barədə mətbuatı məlumatlandıran yaxınları T.İsgəndərovun Tiflisdə universitetlərin birinin II kurs tələbəsi olduğunu deyib.

Mingəçevir şəhər sakini olan tələbə stomatologiya ixtisasında təhsil alır. Yaxınlarının iddiasına görə, Tağı sonuncu dəfə şəhərdə kazinoların birinə girərkən kameralarda görünüb. Kazino rəhbərliyi isə onun məkanda olarkən və çıxarkən əks olunan görüntülərini polisə təqdim etmir. Polis də tələbənin axtarılmasına biganə yanaşır. 20 yaşlı tələbənin mobil telefonunun isə lombardların birinə girov qoyulması haqda ailəsinə məlumat verilib. Lakin ailəsinin bildirdiyinə görə, telefonu lombarddan polisin müraciəti əsasında almaq mümkündür. Polis isə bu işə səthi yanaşır və axtarışlar aparmır. Qeyd edək ki, hazırda T.İsgəndərovun valideynləri Tiflis şəhərindədir.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altayın "Şərq”ə açıqlamasına görə, beynəlxalq qanunlara görə, hər bir ölkə onun ərazisinə viza ilə daxil olan və ya tranzitlə buradan keçən hər kəsin həyati təhlükəsizliyi üçün məsuliyyət daşıyır:

"Çünki bu ölkə ərazisindəki asayiş keşiyində durmaq onun hüquq-mühafizə orqanlarının ixtiyarındadır. Gürcü polisi bu halda insan itkisi ilə bağlı təcili axtarış verməli, prokurorluq isə cinayət işinə başlamalıdır. Əgər bu tələbə kazinoda görünübsə, mütləq kameralara düşməlidir”.

Mərkəz rəhbərinin sözlərinə görə, tələbənin vətəndaşı olduğu ölkənin, yəni Azərbaycanın Xarici İşlər Nazirliyi hadisə ilə bağlı Gürcüstana sorğu verməli idi: "Bir məsələ təəccüblüdür ki, Gürcüstandakı səfirliyimiz niyə müvafiq addımlar atıb qarşı tərəflə bu istiqamətdə əməkdaşlıq etmir. 

Səfirlik əməkdaşları hadisə ilə bağlı Azərbaycan dövlətinə və cəmiyyətinə lazımi məlumatları ötürməlidir. Onlar niyə itkin düşən tələbənin valideyni ilə təmasda olmur ki, valideyn də başqa ölkə ərazisində çarəsiz qalıb mətbuata müraciət edir? Hesab edirəm ki, bütün bu addımların atılması çox vacib haldır”.

Şəymən