Televiziyalarda ədəbi dil normaları pozulur




Məsələ tez-tez gündəmə gətirilsə də problem yenə qalır. Çünki telekanallarda dili bilməyən, Azərbaycan ədəbi dilin qaydalarından bixəbər, efir qaydalarına riayət etməyən əməkdaşların sayı çoxdur.

Televiziya və radioda dil qüsurları problemi hələ də öz aktuallığını qoruyur. Keçirilən monitorinqlər fonunda edilən xəbərdarlıqlara, tənqidlərə rəğmən hələ də Azərbaycan televiziya və radiolarında kifayət qədər çatışmazlıqlara rast gəlmək mümkündür. Başlıca çatışmazlıq isə aparıcıların peşəkarlığı ilə bağlıdır. 

Təəssüflər olsun ki, efirə çıxan aparıcıların böyük əksəriyyətinin nə jurnalistikanın qızıl qaydalarından, nə də ədəbi dilin normalarından anlayışı var. Bəzi aparıcıların nitqində, davranışında, geyimində müəyyən nöqsanlar var. halbuki efirə çıxan insanın nitqində, davranışında, geyimində qüsur olmamalıdır.

Aparıcıların əksəriyyətinin dialekt sözlərdən istifadə etməsi, ləhcə ilə danışması da artıq adət halını alıb. Nitqlərində loru, kobud ifadələrə yol verirlər. Lakin bunlar hamısı ədəbi dilə ziddir. Televiziya kütləvi informasiya vasitələri içərisində ən çox baxımlı və populyar olanıdır. Televiziya kanallarına baxan adamlar oradakı hər bir sözü, hər bir ifadəni çox ciddi qəbul edirlər. Orada hər hansı bir yanlışlıq ciddi bir rezonans doğurur və daha geniş yayılır. Ona görə də sovet dövründən sonra da özəl telekanalların sayı az olanda telekanallara daha çox səlis danışmağı bacaran, görünüşü fotogenik olan adamlar buraxılırdı. Amma son zamanlar çox təəssüf ki, özəl telekanalların sayı artdıqca, ümumiyyətlə verilişlərin sayı çoxaldıqca bunlara əməl etmək unudulub. Bir sözlə, telekanallarımız insanların zövqünü korlayır.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli də Azərbaycanda ədəbi dil normalarının sovet dövründə ciddi şəkildə qorunduğunu deyib. 

Onun sözlərinə görə, müstəqillik əldə etdikdən sonra televiziyalarda məişət xarakterli verilişlərin meydana gəlməsi ilə dilimizdən də təsirsiz keçməyib. N.Məhərrəmli televiziya verilişlərinə yarı Azərbaycan, yarı xarici dilli iştirakçıların dəvət edilməsini də doğru hesab etmir:

"Verilişdə iştirak edənlər Azərbaycan dilini səlis bilməlidirlər. Bəzən aparıcılar da yenilik gətirmək və tamaşaçıları cəlb etmək üçün xarici sözlərdən istifadə edirlər. Ancaq bu doğru deyil. Bu işdə ziyalılarımızın da laqeydliyindən narahatam. Elə ziyalılarımız, məmurlarımız da var ki, fikirlərini ana dilində tam ifadə edə bilmirlər. Hesab edirəm ki, bu, cəmiyyətimizi narahat edən bir amil olmalıdır. İnsanlar televiziyada deyilənləri doğru hesab edirlər. İstər şou proqramı, istərsə də mətbəx verilişləri olsun, aparıcılar Azərbaycan dili normalarını bilməlidir”.

Maraqlıdır, problemin aradan qaldırılması istiqamətində görülən tədbirlərin müsbət nəticə verməməsinə səbəb nədir?

Teleradio məkanında ədəbi dil normalarının dilin bütün səviyyələri üzrə pozulmasının səbəblərini izah edən tanınmış telejurnalist, professor Qulu Məhərrəmli isə deyib ki, televiziyalarda ədəbi dil normalarının pozulması haqqında nə qədər danışılsa da, problem həllini tapmır.
Monitorinq və cərimələrin effektiv olmamasına diqqət çəkən professorun sözlərinə görə, məsələyə yanaşmanın özü doğru deyil: "Qloballaşma şəraitində Azərbaycan dilinin işlənməsi ilə bağlı bütün televiziyalarda dil şuraları fəaliyyət göstərir. Həmin şuralar isə sadəcə formal, fəaliyyət göstərir, nəzarət etmirlər. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli dəfələrlə monitorinqlər təşkil edib, məsələni gündəmə gətirsə də problem qalır. Çünki telekanallarda dili bilməyən, Azərbaycan ədəbi dilin qaydalarından bixəbər, efir qaydalarına riayət etməyən əməkdaşların sayı çoxdur. Əvvəlki tələblər olmadığına görə, peşəkar əməkdaşların sayı azalır. Televiziya rəhbərləri öz zövqlərinə uyğun şəkildə yaradıcı kontingent formalaşdırır. İstədikləri aparıcını - istər müğənni, istərsə də başqa sahənin mütəxəssislərini efirə buraxırlar. Düzdür, onların aparıcı olmasında qəbahət yoxdur, lakin bir aparıcının Azərbaycan ədəbi dilinə bələd olmaması yolverilməzdir. "Yaradıcı” adamların televiziya ekranlarına çıxması problemi dərinləşdirir”. 

Professor bildirib ki, dil-üslub redaktə edən şəxslər aparıcı ilə xüsusi şəkildə məşğul olmurlar:

"Televiziya aparıcılarından edilən tələblər yüksək səviyyədə deyil. Aparıcıların mütaliəsi yoxdur. İstifadə etdikləri leksik baza, üslub tərzi, ümumi dil bilikləri zəifdir. Bütün bunlar kamera qarşısına çıxan şəxslərin öz keyfiyyəti ilə bağlıdır. Aparıcılar tamaşaçı, həmkarlar və peşəkarlar qarşısında məsuliyyət hiss etmədikdə peşələrinə dırnaqarası yanaşırlar. Efirdə dialekt və şivələrdən istifadə edilməsi məişət davranışının nəticəsi olaraq meydana gəlir. Ədəbi dili təmsil etməli olan aparıcı nəticə etibarı ilə bu qaydaları pozmuş olur.

MTRŞ sədri həyəcan təbili çalır ki, norma həddindən artıq aşılıb. Dilçilik İnstitutunun və MTRŞ-nin monitorinqləri aparılan vaxtlarda aparıcılar bir qədər diqqət etməli olurdu. Lakin indi aparıcılar monitorinqlərə və tənqidlərə əhəmiyyət vermirlər. Bəzi aparıcılar sayəsində dilin obrazlılığı itib. Sanki xalq dili bir bulaq kimi quruyub. Halbuki dilin bütün normaları, obrazlılığı üçün biz xalq dilindən bəhrələnməliyik”. Aparıcıların qeyri-düzgün nitq mədəniyyətinə nümunələr göstərən Q.Məhərrəmlinin sözlərinə görə, televiziya rəhbərləri aparıcıları seçərkən xüsusi diqqət etməlidir: "Məsələn, dəfələrlə "demək” və "söyləmək” feillərinin işlənmə yerinə görə, fərqləri olduğunu demişik. "Axşamınız - sabahınız xeyirli olsun” ifadəsi düzgün deyil, "axşamınız- sabahınız xeyir” demək lazımdır. Söz sırasının pozulması, vurğunun düzgün qoyulmaması, alınma sözlərin və digər ifadələrin düzgün tələffüz edilməməsi ciddi nöqsanlar ortaya çıxarır. Bu məsələ hər zaman MTRŞ-ni və dillə bağlı olan insanları narahat edir. Dilə hörmət etmək, onun qaydalarına riayət etmək lazımdır. Televiziya və radio şifahi və ədəbi dilimizin təbliğatçısıdır. Əgər bu sahədə çalışan şəxslər normaları pozacaqsa, sıravi insanlar necə maariflənə bilər?”

Məsələni dəyərləndirən akademik, millət vəkili Nizami Cəfərov isə televiziyalarda dilin səviyyəsinin verilişlərin xarakteri ilə bağlı olduğunu deyib. Yəni verilişlərdə bayağılıq, yüngüllük olacaqsa, istər-istəməz dil də korlanacaq. 

Dilin təfəkkür və ictimai şüurla bağlı olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, ilk növbədə bu məsələdə əsas yük televiziyaların üzərinə düşür. Heç zaman düşünməsinlər ki, Azərbaycan cəmiyyətinin maraqları ancaq şit, yüngül və bayağı, dedi-qodu səviyyəsindədir. Bu cür düşünən televiziyaların aqibəti məlumdur və onlar mənəvi baxımdan iflas olacaqlar:

"Müəyyən mənada məişət dilinin televiziya və radioya gəlməsi müsbət cəhətdir. Çünki bu, demokratizmdir. Hətta yadımdadır ki, sovet dövründə radioda çıxış edəndə tələb olunurdu ki, yazılı mətnlər oxunsun. Bu bir tələb idi. Düzdü, telekanallarda yazılı mətndən oxuyanda görünür. Bununla belə mümkün qədər çalışırdılar ki, yazılı mətn olsun və o mətn əzbərlənsin. Bu da istər-istəməz televiziya və radionun dilinə yazı dili gətirirdi. Amma hazırda televiziya və radiolarda danışıq dili aparıcıdır. Söhbət ondan getmir ki, radio və televiziyada danışıq dilini məhdudlaşdırmaq istəyirik. Bu mümkün deyil və ola da bilməz. Məsələ odur ki, qüsurlar olmasın”.

Akademik hesab edir ki, aparıcıların yol verdikləri qüsurlar onların təfəkkür səviyyəsi ilə bağlıdır: 

"Bəzən deyirlər ki, danışan adamın nitq mədəniyyəti olmalıdır. Amma heç vaxt demirik ki, bu insana daha çox təfəkkür mədəniyyəti lazımdır. Təfəkkür mədəniyyəti nitq mədəniyyətini törədir. Təfəkkür mədəniyyəti olmasa, bəlağət öyrətməklə kiməsə nitq mədəniyyəti aşılamaq olmaz”.

N.Cəfərovun fikrincə, radio və televiziyanın dilini yüksəltmək üçün efirlər yaxşı təfəkkürü olan adamlara həvalə olunmalıdır: 

"Təfəkkür mədəniyyəti olanlar seçilib, efirə çıxarılmalıdır. Təfəkkür mədəniyyəti olmayan adamı ortaya çıxardıb, nitq mədəniyyəti tələb etmək absurddur. Nitq mədəniyyəti deyilən anlayış yoxdur. Təfəkkür mədəniyyəti var. O da nitq mədəniyyətini törədir. Bu baxımdan düşünürəm ki, ümumi intellektual səviyyə yüksəlməlidir”.

Ədəbi dil normalarının pozulmasına görə Milli Televiziya və Radio Şurasının telekanalları və ya verilişləri cəzalandırmaq səlahiyyətlərinin olduğunu qeyd edən millət vəkili hesab edir ki, bu səlahiyyətləri bir qədər də artırmaq olar: 

"Cərimələrin miqdarını isə gərək mütəxəssislər özü müəyyənləşdirsin. Mən hesab edirəm ki, Milli Televiziya və Radio Şurası televiziya və radio şirkət rəhbərləri ilə müşavirə keçirib, onlara təlimatlar və ya tövsiyələr verməlidir. Doğrudur, indiyədək bu cür müşavirələr keçirilib. Ancaq həmin müşavirələrdə daha çox elmi tövsiyələr verilib. Ancaq həmin televiziya və radiolara hüquqi baxımdan da xəbərdarlıqlar olunmalıdır. Misal üçün, hər hansı televiziya efirinə əxlaqa uyğun olmayan geyimlə çıxan aparıcı olursa, həmin veriliş və ya telekanal cəzalandırılır. Eyni zamanda, televiziya və radio efirlərində dil normalarını pozan verilişlər və teleradio şirkətləri də cəzalandırılmalıdır. Çünki teleradioların cəmiyyətə təsir gücü böyükdür. Burada dil normalarının pozulması təbii ki, cəmiyyətə də mənfi nəticələr verir”.

Millət vəkili onu da diqqətə çatdırıb ki, aparıcı peşəkar olmalıdır: 

"Bəzən deyirlər ki, çoxlu kitab oxumaq lazımdır. Düzdü, bu da şərtdir. Amma təfəkkür və məntiq normaldırsa. Söhbət bundan gedir. Məntiqi yerində olan aparıcı artıq söz işlətməyəcək. Hətta normadan yayınmalar olsa belə, o da üslub faktı kimi maraqlı olacaq. Çünki onun arxasında təfəkkür dayanır”.

Şəymən