"Təqaüdlərin artmasına dair yeni qərar qəbul edilə bilər" - İqtisadçı

"Təqaüdlərin, sosial müavinətlərin yüksəlməsi əhalinin müxtəlif təbəqələrinin gəlirlərinin artması baxımından çox vacibdir”.
Bunu "Sherg.az”a iqtisadçı ekspert Vüqar Bayramov deyib. 
Onun sözlərinə görə, müavinətlərin və təqaüdlərin artımının növbəti dövrdə davam etdirilməsi vacibdir:
"İstənilən artım vətəndaşların xeyrinədir. Artımların davam etməsi isə sosial siyasətin əsas tələblərindən biridir. Bu tendensiya təqaüd alanların, sosial yardım alan şəxslərin sosial vəziyyətinə müsbət təsir göstərəcək. Xüsusilə, neftin bazar qiyməti stabildir, qeyri-neft sektorunun büdcəyə daxil olmalarının artığı dönəmdə daha çox artımlar olacağı proqnozlaşdırıla bilər. 
Neftin qiyməti büdcədə 45 dollar nəzərdə tutulsa da, hazırda bazar qiyməti 70 dollara yaxındır. Bütün bunlar imkan verir ki, 2018-ci ilin növbəti aylarında da təqaüdlərin artması ilə bağlı qərar qəbul edilsin. Bu cür addımların atılması məqsədəuyğun olardı. Sosial müdafiə sisteminin təkmilləşdirilməsi və gücləndirilməsi baxımından belə tədbirlər arzu olunandır”.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə sosial müavinətlər, doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün müəyyən edilmiş təqaüdləri artırılıb.
Aysel Aslan