Təsadüf, yoxsa?

Bakıda üzərində Ermənistan bayrağı əks olunmuş eynək satıldı
Elman Məmmədov: “Bəlkə də o eynəyin üzərindəki bayrağın ermənilərə məxsus olduğunun heç fərqinə də varmayıb”



Akif Nağı: "Milli məsələlərdə gömrük orqanları diqqətli olmalıdırlar”





Azərbaycanda üzərində Ermənistan bayrağı olan günəş eynəyi satılır.
Fakt Xırdalandakı mağazaların birində qeydə alınıb. Həmin mağazaya eynək almağa girən bir müştəri üzərində düşmən ölkənin bayrağının təsviri olan gözlüyü görüb və şəklini çəkərək sosial şəbəkələrdə paylaşıb.
Həmin eynək Xırdalanda "Təzə bazar” adlanan ərazidə yerləşən ‘’Real optika’’ adlı mağazada satılır. Satıcılar eynəyin dünənə qədər mağazada satışda olduğunu etiraf etdilər. Onların sözlərinə görə, məsələ barədə müdiriyyətə məlumat verildikdən sonra eynək satışdan yığışdırılıb.


Mağazanın sahibi də sözügedən eynəyin üzərində Ermənistan bayrağının təsviri olmasından xəbərsiz olduğunu deyib. Qeyd edək ki, üzərində erməni bayrağı olan eynəyin Bakıda satılması cəmiyyətdə qıcıq yaradıb. Vətəndaşlar birmənalı olaraq buna qarşı mövqe nümayiş etdiriblər.

Maraqlıdır, Ermənistan bayrağının təsviri olan eynək Azərbaycana necə gəlib çıxıb?

Millət vəkili Elman Məmmədovun sözlərinə görə, Azərbaycanda üzərində Ermənistan bayrağı olan günəş eynəyinin satılması sadəcə bir təsadüf ola bilər. Onun fikrincə, bu, yüksək səviyyəli iş adamlarının yox, kiçik sahibkarlıqla məşğul olan insanların işidir: "Bu mallar Azərbaycana Gürcüstan, Rusiya yolu ilə gətirilir. Razıyam ki, Azərbaycana belə malların gətirilməsi, idxal olunması qeyri-mümkün olmalıdır. Amma bir məsələ də var ki, burada ticarət əlaqələrindən söhbət getmir. Ola bilsin ki, Gürcüstana, Rusiyaya səfər edən hansısa bir şəxs ucuz qiymətə 5-6 gün eynəyi alıb ki, Bakıda baha qiymətə satsın. Bəlkə də o eynəyin üzərindəki bayrağın ermənilərə məxsus olduğunun heç fərqinə də varmayıb”.

Ermənistan məhsullarının Bakıda satılmasına dair aşkarlanan faktların bizim üçün bir təhlükə vəd etmədiyini vurğulayan millət vəkili deyib ki, mənfur düşmənlər bundan istifadə edərək təhlükəli malların Azərbaycana keçirilməsinə nail ola bilərlər: "Gün eynəklərinin zərəri ilə bağlı həkimlərimiz vaxtaşırı xəbərdarlıqlar edir. Nə bilək ki, ermənilər insanların gözünə zərər vermək, kor etmək üçün qəsdən o eynəklərin Azərbaycanda satılmasına cəhd etmirlər. Bizim gömrük işçiləri təsadüfən və ya təxribat məqsədi ilə erməni məhsullarının Azərbaycana keçirilməsinə yol verməməlidir. Bu gün sərhəddimizdən üzərində erməni bayrağı olan eynək keçirsə, sabahı gün təhlükəsizliyimizə ziyan vuracaq başqa bir əşya da keçə bilər. Biz erməni məhsullarının daxili bazarlarımızda satışına qarşı yox, onların ölkəmizə gətirilməsinə qarşı mübarizə tədbirlərini gücləndirməliyik”.

"Ermənistan hər vasitədən, çoxşaxəli ticari əlaqələrdən təbliğat vasitəsi kimi istifadə etməyə çalışır”. Bunu isə "Sherg.az”a Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. Onun sözlərinə görə, ermənilər bəzi xarici ölkələrdə insanları şirnikləndirərək, ucuz qiymətə belə malları satır, ölkəmizə ayaq açmasına səbəb olurlar: 

"İnsanlar bunu diqqət etmədən alırlar. Bəziləri evinə gətirdikdə, baxırlar ki, malın üzərində Ermənistanın bayrağı var, etiketi vurulub, yaxud erməni dilində təlimatlar yazılıb. Belə mallara çox rast gəlinib, faktlarla bağlı fotoşəkillər yayılıb. Ermənilər bu vasitələrdən təbliğat vasitəsi kimi istifadə edir, acgöz, tamahkar adamları ələ ala bilirlər. Düşmənin məqsədi cəmiyyətdə narazılıq yaratmaq, nəzarət orqanlarına qarşı mənfi rəy formalaşdırmaqdır. Müəyyən şəxslərə, nostalji hisslərlə yaşayanlara belə vasitələr təsir edir. 

Gənclərdə isə qadağan olunan şeylərə maraq yaranır. Ola bilər, bu formada ermənilərə qarşı mənfi münasibət bir qədər yumşalsın. Azərbaycan cəmiyyəti belə məsələlərdə həssasdır. Ona görə, sahibkarlardan, müxtəlif qurumlardan narazılıq yaratmaq, mətbuatda belə məsələləri qaldırmaq üçün ermənilər bu cür vasitələrdən istifadə edirlər”. 

A.Nağı hesab edir ki, belə halların qarşısını almaq üçün gömrük sistemi ciddi şəkildə yoxlama aparmalıdır:

 "Milli məsələlərdə gömrük orqanları diqqətli olmalıdırlar. Belə mallar Azərbaycana daxil olmadan yoxlanmalı, qarşısı alınmalıdır. Aşkarlanan faktlarla bağlı ciddi cəza tədbirləri görülməlidir ki, başqaları üçün də nümunə olsun”.

Şəymən