Təşəbbüs alqışlandı: “...Regional sığınacaqlar zəruridir”

Yusif Bəkirov: “Çünki belə mərkəzlərin yaradılması cəmiyyətdə zorakılığa məruz qalanların müdafiəsi üçün əsas amildir”
Ölkəmizdə zorakılıq qurbanları üçün regional sığınacaq mərkəzlərinin yaradılması nəzərdə tutulur. İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova bildirib ki, bu barədə hökumətə təkliflər verilib və hazırda iş aparılır.
Onun sözlərinə görə, hər rayon və şəhərdə sığınacaq mərkəzlərinin yaradılması mümkün olmasa da, buna ehtiyac var. Bu baxımdan regional sığınacaq mərkəzlərinin yaradılması əhəmiyyətli olar.
Regionlarda sığınacaqların yaradılmasının yaxşı təklif olduğunu deyən Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov "Sherg.az”a bildirib ki, əsas olan təklifin icra edilməsidir:
"Bu günə qədər çox təkliflər səsləndirilib. Amma "halva-halva deməklə ağız şirin olmur”. Əsas məsələ ondan ibarətdir ki regionlarımızda belə sığınacaq mərkəzləri yaradılacaq ya yox? Çox deyirik ki, maaşlar artsın, tibbi xidmətlər pulsuz olsun. Lakin bütün bunları həyata keçirmək üçün icra müxanizmi olmalıdır.
Həmçinin regionlarda da sığınacaqların yaradılması üçün dövlət tərəfindən maliyyə vəsaiti ayrılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi prosesi həyata keçirməlidir. Maliyyə mənbəyi olandan sonra sığınacaqları yaratmaq və təşəbbüsü irəli sürmək lazımdır. 
Çünki belə mərkəzlərin yaradılması cəmiyyətdə zorakılığa məruz qalanların müdafiəsi üçün əsas amildir, olduqca zəruridir”.
Yeganə Bayramova