“Hesab edirəm ki, yalnız kağız üzərində dövlət olmaqdansa, yalnız kağız üzərində namizəd ölkə olmaq daha yaxşıdır. Əgər Brüsselə qulaq assaydıq, Gürcüstan bu gün bir çox səbəbə görə yalnız kağız üzərində mövcud olan bir dövlətə çevrilərdi”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlmanentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun ötəngünkü açıqlamasını jurnalistlərə şərh edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstan Brüsselə qulaq asıb Rusiya ilə gərginliyi artırsaydı, Moldova qədər iqtisadi zərər görərdi.
“Bu halda çox güman ki, Rusiya ilə yeni bir hərbi münaqişəyə cəlb olunardıq və Ukrayna kimi müharibədən əziyyət çəkən bir ölkəyə çevrilərdik. Brüsselə görə bizim əsas “günahımız” ondan ibarətdir ki, biz onların zərərli məsləhətlərinə əməl etmirik və Gürcüstan xalqı bundan yalnız qazanıb”, - Şalva Papuaşvili əlavə edib.
Qeyd edək ki, Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos ötən gün Gürcüstanın yalnız kağız üzərində Aİ-yə üzvlüyə namizəd ölkə olduğunu deyib. O, Gürcüstanın bu gün Moldova və Ukrayna ilə eyni səviyyədə olmasını arzuladığını vurğulayıb.