Tətbiqi Politologiya Mərkəzinin konfransında müxtəlif məruzələr dinlənilib - Foto

" "Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin dekabrın 7-də təşkil etdiyi konfransda müxtəlif məruzələr dinlənildi". 
"Sherg.az" xəbər verir ki, bu barədə mərkəzin rəhbəri, tanınmış politoloq Elxan Şahinoğlu bildirib. Ekspert qeyd edib ki, kafedranın müəllimi Tural Vəlizadənin Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı çıxışından sonra tələbələr – Kənan Paşayev, Nərmin Hacızadə, Sevinc Əlizadə, Ofelya Mustafazadə və Zemfira Manafova bölgədə və dünyada baş verən əsas hadisələr ətrafında məruzə ilə çıxış etdilər: 
"Əsas mövzularımız bunlar idi: Ermənistanda parlament seçkiləri və bunun nəticələrinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir imkanları, Azov dənizindəki son insident fonunda Rusiya-Ukrayna qarşıdurması, Suriyada son vəziyyət və İdliblə bağlı atılacaq addımlar, ABŞ-ın İrana qarşı sanksiyaları və bunun bölgə ölkələrinə təsiri.
Məruzəçilərə bir daha təşəkkürümü bildirirəm. Maraqlı çıxışlar idi. Məruzələr ətrafında geniş və hərtərəfli müzakirələr oldu, maraqlı suallar səsləndirildi. Qərara gəldik ki, məruzələr ətrafında hazırlanan yazıları saytlarda yayınlayaq. Tələbələr getdikcə püxtələşirlər, xanımlarımız utancaqlıq hissini kənara atıb məruzə etməyi və suallara cavab verməyi öyrənilər. Bugünkü tədbirin ərsəyə gəlməsində aktiv tələbəmiz Fərid Məmmədova xüsusi təşəkkür düşür. Çünki, konfrans təşəbbüsünü irəli sürən Fərid toplantının yaradıcı və texniki işlərinin əsas hissəsini də həyata keçirmişdi. Bugünkü konfransda başqa bir ənənəmizi davam etdirdik. Məruzəçilərə müxtəlif kitablar hədiyyə etdik".
Sonda E.Şahinoğlu məlumat üçün bildirib ki, sabah (8 dekabr) saat 11-də Tətbiqi Politologiya Mərkəzində "Son iclas” filmi nümayil olunacaq: 
"Dekabrın sonunda isə "Dağlıq Qarabağ: ilin yekunları”yla bağlı ənənəvi tədbirimzi keçirəcəyik. Həmin tədbir üçün yekun hesabatın mətni üzərində çalışmalarımız davam edir. Həmin tədbirə media nümayəndələrini də dəvət etməyi planlaşdırırıq.