Texnikaların satışının banklara verilməsi fermerləri narazı salıb: şərtlər ağır, qiymət baha, müddət az... - ETİRAZ

Qadir Bayramlı:“Fermerlərin maddi durumları bankların qoyduğu tələblərə uyğun deyil”
Bir zamanlar "Aqrolizinq” ASC ölkəmizdə fermerlərin kənd təsərrüfatı texnikası ilə təmin edilməsində önəmli rola malik idi. Fermerlər "Aqrolizinq” ASC –dən hər hansı bir texnika almaq üçün müəyyən miqdarda ilkin ödəniş etməklə, 40 faiz güzəşt əldə edirdilər və vəsaitin qalığını isə 5 il müddətinə, 3 aydan bir ödəyirdilər.Və bu vəziyyət fermerlər üçün da rasional idi. Lakin xeyli müddətdir bu işi banklar həyata keçirməyə başlayıb və onlar texnikaların satış şərtlərini sərtləşdiriblər. Şübhəsiz ki, şərtlərin ağırlaşması fermerlərin ciddi narazılığına səbəb olub. Onlar hər hansısa bir texnikanın alınması ilə bağlı bankların olduqca sərt qaydalar qoymasından gileylənirlər.
Fermerlərin sözlərinə görə, banklar "Aqrolizinq” ASC –nin 5 il müddətinə kreditə verdiyi texnikanın kredit müddətini 3 ilə endirib. Ödənişləri isə üç aydan bir deyil, hər ay tələb edirlər. Həmçinin "Aqrolizinq” ASC –nin texnikaya qoyduğu ümumi qiymətdən bir xeyli baha satırlar. Məsələn, "Aqrolizinq” ASC –nin 41 min 250 manata satdığı traktor "Belarus-892”-ni banklar 43 min manata satışa çıxarır.
Mövcud durumu dəyərləndirən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, aqrar sahə üzrə mütəxəssis Qadir Bayramlı "Sherg.az”a açıqlamasında bankların tətbiq etdiyi qaydaların sərt olduğunu təsdiqləyib.
Ekspertin fikrincə, traktorların bank vasitəsilə alınması ölkəmizin kənd təsərrüfatı siyasətinə müsbət təsir göstərməyəcək:
"Çünki fermerlərin maddi durumları bankların qoyduğu tələblərə uyğun deyil. Düşünürəm ki, qaydalar birmənalı şəkildə dəyişdirilməlidir. İlkin ödənişin miqdarı və kredit faizləri aşağı salınmalıdır ki, fermerlər rahat şəkildə öz işlərini qura bilsinlər. Bu məsələyə yeni bir yanaşma tərzi lazımdır. Bu yanaşma tərzi isə kredit müddətinin uzadılmasından ibarətdir. 
Belə olduğu təqdirdə kənd təsərrüfatında dönüş yarada, intensiv təsərrüfat üsullarına keçə bilərik. Nəticədə məhsulların bolluğuna nail olmaq mümkündür. Bu zaman kənd təsərrüfatı məhsullarının həm ölkəmizə, həm də xarici bazarlara ixracı üçün geniş imkanalara nail olarıq. Əgər bu məsələyə yenidən baxılsa, kənd təsərrüfatına xeyli irəliləyişlər olar”.
Yeganə Bayramova