Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin gündəmə gətirilməsi Kremlin Azərbaycana təzyiqidir
Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi istiqamətində atılan addımlara Milli Məclisin üzvləri də sərt reaksiya veriblər. Deputat Siyavuş Novruzov bildirib ki, hansısa qüvvələr iki dövlət arasındakı strateji əməkdaşlıq, dostluq əlaqələrinə xələl gətirmək istəyir. Millət vəkili deyib ki, Azərbaycan ötən illərdə ciddi təzyiq və təsirlərə baxmayaraq, Rusiya ilə müttəfiqlik və strateji tərəfdaşlıq mövqeyindən geri çəkilməyib.
Azərbaycanda 300-dən artıq rus məktəbi, ayrı-ayrı universitetlərin filialları fəaliyyət göstərir. Deputat Zahid Oruc da həmkarının mövqeyini müdafiə edib:
"Rusiyanın mövqeyi iki dövlət arasındakı strateji münasibətlərə uyğun deyil. Ümid edirəm ki, məsələ rus elitasına çatacaq və həll olunacaq”. Elmira Axundova da ÜAK-ın çox ciddi və güclü təşkilat olduğunu, bölgələrdə 74 təşkilatının fəaliyyət göstərdiyini, üstəlik, yüzlərlə xeyriyyəçilik işlərini həyata keçirdiyini bildirib: "Guya sənədlərdə texniki problem olub. Amma əminəm ki, səbəb başqadır. Bütün bu qanunsuz əməllərə, nədənsə, Rusiyanın müvafiq orqanları göz yumur. Əminəm ki, burada da erməni izi var, Rusiyada yüzlərlə erməni təşkilatı fəaliyyət göstərir”.
Məsələ ilə bağlı "Şərq”ə danışan siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev deyib ki, məhkəmədən UAK-ın bağlanması qərarının çıxma ehtimalı yüksəkdir:
"Məsələnin xarici işlər naziri Sergey Lavrovun çıxışından sonra gündəmə gəlməsi heç də təsadüfi deyil. Lavrov açıqlamasında bildirmişdi ki, Azərbaycan Avrasiya İttifaqına girməlidir. Ancaq rəsmi Bakı dəfələrlə bəyan edib ki, heç vaxt işğalçı dövlətin yer aldığı qurumda təmsil olunmayacaq. Hesab edirəm ki, Rusiya tərəfindən atılan addım ölkəmizə qarşı növbəti təzyiq metodudur. Xatırladım ki, 1992-ci ildə MDB-yə girmək məsələsi gündəmə gələndə də Azərbaycan ciddi təzyiqlərlə üzləşdi və ölkədə çevriliş baş verdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə Rusiya məsələni yenidən gündəmə gətirdi. O zaman MDB-yə müəyyən şərtlərlə daxil olundu və Milli Məclisdə əlavə qərar qəbul edildi. Əlavədə vurğulandı ki, əgər Azərbaycanın işğala məruz qalmış torpaqları ilə bağlı irəli sürdüyü şərtlərə 5 il müddətində əməl olunmazsa, rəsmi Bakı bir daha Rusiyanın təsir dairəsində olan heç bir quruma üzv olmayacaq. O gündən etibarən Azərbaycan nə KTMT-yə, nə Avrasiya İttifaqına, nə də Gömrük Birliyinə üzv oldu. İndi Moskva əldəqayırma birliklərini yenidən gündəmə gətirərək bu yolla Azərbaycana siyasi təzyiq etməyi düşünür. Mən bu cür hərəkəti Rusiyaya yaraşdırmadım. Belə varianta əl atmaq Kremlin zəifliyidir”.
Ekspertin sözlərinə görə, son dönəmlər Ümumrusiya Azərbaycan Konqresinin nüfuzu çox sürətlə artmağa başlayıb:
"Rusiyada yaşayan soydaşlarımız rus pasportu daşısa da, onların içində Azərbaycan sevgisi yüksəkdir. Fikrimcə, problemin arxasında erməni lobbisi və Lavrov durur. Düşmən və ona yardım edənlər Azərbaycanın, azərbaycanlıların mənfi imicini formalaşdırmağa çalışırlar. Ölkə mediası bu məsələni gündəmdən çıxartmamalı, televiziyalar mövzunun üzərinə getməlidir. Xüsusən, Rusiya ilə münasibətlər yenidən müzakirə olunmalı, mövqeyimiz ortaya qoyulmalıdır”.
İsmayıl