"Tiflis Paşinyana Abxaziya üzərindən dəmiryolunun açılmasına icazə verəcəkmi ? - Aktual şərh






"Cənubi Qafqaz ölkələrindən Avropa İttifaqı ilə ən sıx əlaqələri Gürcüstan qurub. Nikol Paşinyan Gürcüstan vasitəsilə İrəvanı Qərbə inteqrasiya etdirmək istəyir”.

Bunu "Sherg.az”a Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstan səfərinin məqsədlərindən danışarkən siyasi şərhçi, "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu deyib. 

O xatırladıb ki, Nikol Paşinyan çıxışlarında Avropa İttifaqı ilə vizasız gediş-gəlişə nail olmaq istədiyini bildirib:

"Onu da nəzərə alaq ki, Tiflisə səfər zamanı N.Paşinyanı müdafiə naziri Tonoyan da müşayiət edib. Görünür, Paşinyan Ermənistanla Gürcüstan arasında hərbi əlaqələri inkişaf etdirmək istəyir. Əsas məsələlərdən biri də, Abxaziya üzərindən Ermənistana dəmir yolununu açılmasına Tiflisin razılığını əldə etməkdir.

 Rusiya-Gürcüstan dəmiryolunun açılışı Paşinyan üçün ölkədəki rəqibləri üzərində parlaq qələbə olardı. Lakin Tiflis Paşinyanın istəyi əsasında Abxaziya üzərindən dəmiryolunun açılmasına icazə versə, bununla Bakıya xoş olmayan mesaj göndərəcək. Gürcülərin bu addımı atacağına inanmıram”.

A.Rəşidoğlu N.Paşinyanın Gürcüstanda yaşayan ermənilərlə görüşməsinə də toxunub:

"Gürcüstanın Rusiyanın təsirinin hələ də böyük olduğu bölgəyə onun havadarı olan Ermənistan rəhbərini buraxması və hətta ona geniş görüşlər keçirmək imkanı yaratması maraq yaradır. Rusiya ilə ticarət dəhlizlərini açmağa şərait yaradaraq, erməniləri blokadadan çıxarmağa çalışan Tiflisin hansı gerçək maraqlarının olması bir çox suallar doğurur. Hər halda Tiflis Bakının maraqlarını nəzərə almalıdır”.

Qeyd edək ki, Nikol Paşinyan artıq Gürcüstana yola düşüb. Bu, onun baş nazir qismində ilk xarici səfəri sayıla bilər.

Aysel Aslan