Toksikologiya şöbəsinin müdiri: "Pambıq tarlalarındakı zəhərlənmələrin səbəbi bioloji məhlullar deyil"





Bu gün Yevlax rayonundakı pambıq sahələrindən birində kütləvi zəhərlənmə hadisəsi baş verib. Məlumata görə, Hacımahmudlu kəndi ərazisində yerləşən pambıq sahəsində işləyən yerli və qonşu Murallı kəndinin sakinləri sahədə zəhərləniblər. Məlumatlara görə, 16 nəfər xəstəxanaya aparılıb. Onların kimyəvi maddədən zəhərləndiyi bildirilir.

Bu hadisə iyun ayı ərzində pambıq tarlasında baş verən üçüncü kütləvi zəhərlənmədir. Belə ki, iyunun 19-da İmişli rayonunda da tarlada kütləvi zəhərlənmə hadisəsi qeydə alınmışdı. Hətta ondan bir neçə gün əvvəl, Saatlı və Tərtər rayonlarının sakinləri də eyni şəkildə pambıq tarlasında zəhərləniblər. Bütün bu faktlarla bağlı Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri ölçü götürdüklərini, araşdırmaların aparıldığını açıqlayıblar.

Pambıq tarlalarındakı kütləvi zəhərlənmələrin səbəbləri barədə "Sherg.az”a danışan Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə hər zaman pambıq əkinində müxtəlif dərmanlardan, gübrələrdən istifadə olunduğunu söyləyib. Onun sözlərinə görə, pambığın keyfiyyəti, tarlanın ziyanvericilərdən və s. qorunması üçün bu tədbirlər mütləq görülməlidir:

"Hazırda da tarlalarda bu cür preparatlar istifadə olunur. Bu dərmanlar kifayət qədər keyfiyyətli və lazımlı vasitələrdir. Amma pambıq tarlalarına, o cümlədən digər əkin sahələrinə tətbiq edilən dərman preparatlarının istifadəsindən bir müddət keçdikdən sonra əhali pambıq yığımına çıxarılmalıdır.

Regionlarda baş verən kütləvi zəhərlənmələrlə bağlı yoxlamalar aparılıb. Rəhbərlik etdiyim şöbənin həkimləri də hadisə yerində olublar. Araşdırmalarımıza görə, pambıq tarlalarındakı zəhərlənmələrin səbəbi bioloji məhlullar deyil. Amma edilən şikayətlərə uyğun analizlər aparılıb, tədbirlər görülüb. Ümumilikdə isə, zəhərlənmə faktlarının istifadə edilən dərmanlardan olduğunu hesab etmirəm”.

Aysel Aslan