"Traktor qoşqusunun üstündə adam daşımaq qəti qadağandır" - Ekspert

Ərşad Hüseynov: Burada əndazəyə sığmayan məsuliyyətsizlik faktı var. Həmin işçiləri tarlaya aparmaq üçün köhnə də olsa, bir mikroavtobus təşkil etmək olardı"



"Rəsmi açıqlama olmadığı üçün qəzanın detalları bəlli deyil. Hətta ölü sayı ilə bağlı da müəyyən müəmalar var”.

Bu sözləri "Sherg.az"a Sabirabadda 6 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini şərh edərkən "Digesta” hüquq firmasının direktoru, nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

Qəzanın bir neçə səbəbdən baş verdiyini qeyd edən Ə.Hüseynovun fikrincə, hərəkətdə olan traktorun sadəcə qoşqusunun da aşması mümkün variantdır. Ola da bilər ki, traktorun təkəri partlasın və ya hansısa detal qəfildən xarab olub, sıradan çıxsın.

Ekspert bu hadisədə qəzanın səbəbindən çox narahatlıq doğuran məsələnin həlak olan qadınların qoşqunun üstündə daşınması olduğunu deyib:


 "Ortada əndazəyə sığmayan məsuliyyətsizlik faktı var. Qoşqular tarlalarda, müxtəlif kənd təsərrüfatı işlərində istifadə etmək üçündür. Bu cür qoşqularda ən adi təhlükəsizlik qaydalarına belə əməl olunmur. Yol Hərəkəti haqqında qanunun 56-cı maddəsində qeyd olunub ki, qoşqunun üstündə adam daşımaq qəti qadağandır. Hətta yük avtomobillərinin təhlükəsizlik kəməri də daxil xüsusi təchizatı olmayan banında da adam daşımağı qadağan edir. 

İnsan həyatı ilə bu qədər məsuliyyətsiz davranışmı olar? Yol hərəkətinin, təhlükəsiz idarə etmənin ən elementar qaydasını da pozanda miqyası ağla gəlməyən faciə baş verə bilər. Bunu dərk etmək, gündəlik davranış normasına çevirmək lazımdır. Həmin işçiləri tarlaya aparmaq üçün köhnə də olsa, bir mikroavtobus təşkil etmək olardı.

Şəymən